Yeni yollarda əcələ tələsənlər…

542
“Artıq respublikanın hər yerində yol infrastrukturu inkişaf edir, yeni asfalt yollar çəkilir, sürət artır. Çox əfsuslar olsun ki, yolların yaxşı olmasından istifadə edib, sürücülərin bəziləri sürət həddini aşırlar. Yolun yaxşı olması o demək deyil ki, orada müəyyən olunmuş sürət həddini aşasan”.
Son illər Azərbaycanda möhtəşəm, nəhəng yol layihələri icra edilir. İstər Bakıda, istər rayonlararası magistral yollarda görülən bu işlərə külli miqdarda vəsaitlər xərclənir. Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə kənddaxili yollar da müasir şəkildə qurulur. Bu ilin fevral ayının 5-də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev bu mövzuda demişdi: “Ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə, magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir. Mən hər bir rayonda olarkən onlardan daha yeni təkliflər alıram. Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır”.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, hazırda Bakıda Qala-Pirallahı avtomobil yolu yenidən qurulur. Belə ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, yenidən qurulan yolun uzunluğu 21,7 kilometrdir. Yol üzərində 2 qovşağın və yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Artıq yolun 7-22 kilometrlik hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə 14,5 kilometr hissədə asfalt-beton örtüyünün vurulması və işıqlandırma sisteminin quraşdırılması yekunlaşdırılacaq. Yolun bu hissəsində tikinti işlərinin 2014-cü ilin sonu – 2015-ci ilin əvvəllərində bütünlüklə başa çatdırılması gözlənilir.

Yeni yollar…

Bundan başqa, Bilgəh-Novxanı-Sumqayıt istiqamətində inşa olunan yeni yol Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu ilə kəsişərək, Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək. “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, ümumi uzunluğu 42 kilometr olacaq Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 kilometrlik hissəsində tikinti başa çatdırılıb. Yolun 16,5-22-ci kilometrliyində 4 körpüdən 3-nün tikintisi yekunlaşıb. Həmçinin 28-ci kilometrdən 37-ci kilometrədək olan hissədə 2 körpünün və mal-qara keçidinin inşası başa çatmaq üzrədir. Yaxın günlərdə yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Yolun həmin hissələrində işlərin 2015-ci ildə tamamlanması nəzərdə tutulur. Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da, öz növbəsində, paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.

Bakıda Nobel prospektinə paralel dənizkənarı avtomobil yolunun tikintisi də sürətlə davam etdirilir. Ümumi uzunluğu 2 kilometrdən artıq olacaq yol, 8 hərkət zolağından ibarət olacaq. Layihə üzrə 2 dairəvi qovşaq, 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulub. Hazırda yolboyu piyada keçidlərinin, torpaq yatağının və kommunikasiya xətlərinin ehtiyat keçidlərinin tikintisi davam etdirilir. Artıq 600 metr məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi və 1 piyada keçidinin tikintisi başa çatdırılıb. Eni 45 metr olacaq yolun bir hərəkət zolağı nəqliyyat vasitələrinin park edilməsi üçün planlaşdırılır. Aıyrıcı zolaq və müasir işıqlandırma sistemi nəzərdə tutulan yol istismara verildikdən sonra “Neftçilər” və “Nobel” prospektlərinin yükünü xeyli azaltmış olacaq. Bundan əlavə, sözügüden yoldan “Ağ Şəhər”in ərazisinə nəqliyyat bağlantısının yaradılacağı da bildirilir.

Müasir infrastruktur

“Azəryolservis”in məlumatına görə, yaxın vaxtlarda Bakı-Şamaxı yolu da təhlükəsiz avtomagistrala çevriləcək: “Belə ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-45 kilometr hissəsinin əlavə 2 zolaq tikilməklə 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir. Layihə üzrə səth və yağış sularının nizamlı axınını təşkil etmək məqsədi ilə və kiçikhəcmli çaylarla avtomobil yolunun kəsişmələrində 38 ədəd müxtəlifdiametrli, dairəvi və düzbucaq en kəsikli boruların, 1 yerüstü piyada keçidi, mal-qara və digər heyvanların keçməsi üçün 7 keçid nəzərdə tutulur: “Artıq torpaq işlərinin 85 faizi yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 kilometr məsafədə 2 qat asfalt-beton örtük döşənib. Qalan 9 kilometr hissənin 7 kilometr hissəsində torpaq işləri tamamlanıb, digər işlər davam etdirilir. Layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir”.

Sadaladığımız bu məlumatlar “Azəryolservis” ASC-nin görülən işlərlə bağlı son dövrlər açıqladığı məlumatların yalnız bir hissəsidir. İstər Bakıda, istərsə də bölgələrimizdə hazırda inşa olunmaqda olan körpü və tunellərin, piyada keçidlərinin, yol qovşaqlarının hər biri barədə ayrıca məlumat verməyə ehtiyac görmürük. Əsas olan və görünən odur ki, bu sahədə həyata keçirilən layihələrin nəticəsi olaraq, Azərbaycanda yol-nəqliyyat infrastrukturu müasir standartlarla daha da uzlaşacaq. Lakin burada təəssüf doğuracaq bir məqam da var. Yox, söhbət yolların ağırtonnajlı avtomobillər tərəfindən dağıdılmasından getmir. Söhbət müasir standartlara cavab verən yollarda avtomobili maksimum yüksək sürətlə idarə edib, həm özlərinin, həm də başqalarının həyatını “dağıdanlardan” gedir. Hər halda Respublika Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı açıqlama bu qənaətə gəlməyə əsas verir.

Məlumat üçün bildirək ki, bu ilin ilk yarımilliyi ərzində Azərbaycan yollarında baş verən qəzalarda 512 nəfər ölüb. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, 2014-cü ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Qaydalara əməl etsinlər”

Paytaxt Bakıda baş verən 444 yol qəzası nəticəsində 139 nəfər həlak olub, 438 nəfər isə yaralanıb. K. Əliyevin sözlərinə görə, ölən və yaralananların təxminən 1/3-i paytaxtın, qalanları isə regionların payına düşür. Bununla bağlı idarənin şöbə rəisi sürücülərə müraciət edib: “Artıq respublikanın hər yerində yol infrastrukturu inkişaf edir, yeni asfalt yollar çəkilir, sürət artır. Çox əfsuslar olsun ki, yolların yaxşı olmasından istifadə edib, sürücülərin bəziləri sürət həddini aşırlar. Yolun yaxşı olması o demək deyil ki, orada müəyyən olunmuş sürət həddini aşasan və yaxud da o yola sərxoş vəziyyətdə, texniki nasaz avtomobillə çıxasan. Yolun yaxşı olması hələ o demək deyil ki, burada qəza olmayacaq. Qəzanın olmaması üçün sürücü, ilk növbədə, özü intizamlı olmalı, nəqliyyat vasitəsinin texniki sazlığına fikir verməli, müəyyən olunmuş qaydalara riayət etməli, sürət həddini aşmamalıdır. Belə halları gözləməyən sürücü yol istər yaxşı, istərsə də pis olsun, gedib mütləq hadisə törədəcək”.

Qeyd edək ki, bir müddət öncə də Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etmişdi: “Təhlillər göstərir ki, son vaxtlar ağır yol qəzalarının baş verməsinə əsasən sürət həddinin aşılması, manevr, ötmə qaydalarının pozulması, sürücülərin avtomobili sərxoş halda idarə etmələri səbəb olur. Sürücülər özlərinin və yaxınlarının, o cümlədən yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə atmasınlar, qaydalara əməl etsinlər”.