Yeni yaradılan müəssisələr, artan ixracı imkanları

561

Regionlarla bağlı qəbul edilən və uğurla həyata keçirilən Dövlət proqramları ölkəmizdə qeyri-neft sektorunun inkişafına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı və İsmayıllıda açılışlarında iştirak etdikləri “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi, “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksi, “Buta Qrup” MMC tərəfindən yaradılan aqropark bunu bir daha sübut edir. Təbii ki, bütün bunlar əhalinin maddi güzəranına da öz müsbət təsirini göstərib.

Bu istiqamətdə görülən işlər həm də  kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Artıq bu, bir faktdır ki, son illərdə özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsullar istehsalını artırıb, ixrac imkanlarını genişləndirib. Bu prosesdə son dövrlərdə  sənaye zonalarının, aqroparkların yaradılması ilə bağlı işlərin intensivləşdirilməsi mühüm rol oynayıb. Bütün bunların nəticəsi olaraq ixrac olunan məhsul çeşidlərinin sayı getdikcə artmaqdadır. Qeyd edək ki, 2017-ci ildə 570,5 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin göstəricisindən 40,3% çoxdur. Bu il bu göstəricinin daha da yüksək olacağı gözlənilir. Belə ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 8,9 faiz artıb.

Artıq İsmayıllı rayonunun Kürdmaşı kəndində “Buta Qrup” MMC tərəfindən yaradılan aqropark da fəaliyyətə başlayıb. Kartofçuluq üzrə ixtisaslaşan bu aqroparkda ildə təqribən 2,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunacaq və onlar “İsmayıllı Tərəvəzləri”  brendi ilə yerli və xarici bazarlarda satışa çıxarılacaq, bununla da ixrac coğrafiyamız bi qədər də genişlənəcək. Gələcəkdə həmin aqroparkda məhsul istehsalının 3 dəfə artırılması nəzərdə tutulub. Ümumiyyətlə, mütəxəssislərin fikrincə, aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını və məhsullarımızın xarici bazarlara stabil və etibarlı çıxışını təmin etməyə əlverişli şərait yaradır.

Dövlət başçısı Şamaxıya səfəri çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında ixrac və qida təhlükəsizliyi məsələsindən danışarkən deyib: “Çox gözəl şərab zavodu istifadəyə verilib. Fransız texnologiyaları ilə işləyən zavoddur. Burada ən müasir avadanlıq quraşdırılıb, burada istehsal olunan ixracyönümlü şərablar Azərbaycanın ixrac potensialını artıracaq. Biz indi müxtəlif ölkələrdə Azərbaycan şərab evlərini yaradırıq. Burada istehsal olunan şərablar ölkəmizə xeyir gətirəcək”.  Müasir avadanlıqlarla təchiz edilmiş, bacarıqlı mütəxəssislərin çalışdıqları belə müəssisələrdə nailiyyətlərin əldə ediləcəyi heç bir şübhə oyatmır. Onu da qeyd edək ki, burada 300 hektarda salınmış üzüm bağlarında 200-ə yaxın insan işlə təmin olunub.
İsmayıllı rayonunun Keyfəndi kəndinin ərazisində  “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin istifadəyə verilməsi də   ölkə qarşısında duran əsas vəzifələrin – ərzaq təhlükəsizliyi məsələsinin öz həllini tapmasına və  idxaldan asılılığımıza öz töhfəsini verəcək. Belə ki, kompleksin daha mənfəətlə fəaliyyət göstərməsi məqsədilə gündəlik emal gücü 10 ton süd və 1 ton ət olan emal sahələrində istehsal ediləcək ekoloji təmiz məhsullar “AZZA” brendi ilə  şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq.

Təsadüfi deyildir ki, ölkə başçısının kənd təsərrüfatına həsr olunmuş bütün  müşavirələrdəki çıxışlarının əsas xəttini məhz ölkənin strateji ərzaq məhsulları ilə daxili istehsal hesabına təmin edilməsi və ixrac məsələləri təşkil edir.

Göründüyü kimi, bu cür müəssisələr bölgələrdə yeni yüksəliş mərhələsinin əsasını qoymaq, yerlərdə əhalinin işlə təminatında mühüm rol oynamaqla yanaşı, ərzaq təhlükəsizliyimizin təmin olunmasında, eləcə də məhsullarımızın dünya bazarlarına da çıxarılmasında böyük əhəmiyyət kəsb edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”