Yeni teatr mövsümü başladı

Bu gün Azərbaycan teatrının 142-ci mövsümü başlayır. Ənənəyə sadiq qalaraq, biz hər mövsümün əvvəlində müxtəlif tədbirlər keçiririk. Çox əlamətdardır ki, bu mövsümü Şəki Dövlət Dram Teatrında açırıq. Bilirsiniz ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu teatr yenidən qurulub. Fərəhli haldır ki, Azərbaycanın bölgələrində yerləşən teatrların artıq yeni mühiti formalaşmaqdadır. Biz bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.
Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkidə birinci Beynəlxalq teatr festivalının açılış mərasimində bildirib.
Beynəlxalq teatr aləmində Azərbaycan teatrının mövqeyinin getdikcə möhkəmləndiyini, mübadilələrin genişləndiyini vurğulayan nazir, son illər Azərbaycan teatrlarının 20-dən artıq ölkədə qastrolda olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, sevindirici hal ondan ibarətdir ki, beynəlxalq səviyyədə tanınan teatr simaları da artıq Azərbaycana gəlirlər.
Ə.Qarayev daha sonra deyib: “Beynəlxalq teatr festivalının məhz yeni mövsümün əvvəlində başlanması bizim ilk təcrübəmizdir. İlk dəfə regionda yerləşən teatrda beynəlxalq teatr festivalı keçirilir. Düzdür, festivalda hələlik cəmi 3 ölkə iştirak edir. Ancaq biz düşünürük ki, bu ölkələrin sayı ildən-ilə artacaq və Şəkidə keçirilən bu festival teatr aləmində özünəməxsus yer tutacaq”.
Teatrlarımızın bu gün intibah dövrünü yaşadığını vurğulayan nazir daha sonra deyib: “Düşünürəm ki, bu intibah teatr üçün lazımdır. Çünki teatr daim yeniləşən, axtarışda olan cəmiyyətin aynasıdır. Əgər teatr axtarışdadırsa, yenilikləri tətbiq edirsə, o cəmiyyəti qabağa aparır. Bu isə o deməkdir ki, cəmiyyət sağlamdır, vətəndaşlar, insanlar həmişə yeniliklərə, yeni meyarlara üz tuturlar və öz ölkələrinin inkişafını təmin edirlər”.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov belə mötəbər tədbirin və festivalın Şəkidə keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O deyib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki artıq festivallar şəhərinə çevrilib. Bu, cari ildə Şəkidə keçirilən sayca 4-cü beynəlxalq festivaldır.
Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını – İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri əsasında hazırlanan tamaşanı təqdim ediblər.

 

Festival 10 gün davam edəcək.