Yeni tamaşaya ictimai baxış olacaq

719

İyun ayının 10-da Azərbaycan Dövlət GəncTamaşaçılar Teatrında görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibətilə müəllifin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçiriləcək.

İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmasına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən iki hissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, həmin tamaşanın premyerası 5 gün sonra keçiriləcək.