Yeni tamaşa təklif edirəm

513
Bilmirəm, xəbəriniz var, ya yox? Amma sizdən fərqli olaraq, mənim xəbərim var ki, son illər teatrlarımıza əcnəbi rejissorların axını artıb. Hətta bəzi bölgə teatrları da onlarla oturub-durur. Deyəcəksiniz, burada qeyri-adi nə var ki? Hətta bəziləriniz ərz edəcəksiniz ki, əcnəbilərin axını təkcə teatrlarımıza deyil ki… Bu yerdə sizin, necə deyərlər, sözünüzün istünə söz qoymaqda çətinlik çəkəcəyəm. Odur ki, birbaşa keçirəm öz bildiyimə…
 

Hə, onu deyirdim axı… Bəli, son illər teatrlarımıza əcnəbi rejissorların axını artıb. Adını da qoyublar, yaradıcılıq mübadiləsi. Amma nədənsə bu yaradıcılıq mübadiləsi adını doğrultmur. Çünki ərz etdiyim mübadilə qarşılıqlı deyil, başqa sözlə desək, birtərəflidir. Nədənsə bu işlərlə məşğul olanlar bir məşhur kəlam unudurlar: “Qonaqlıq yaxşı şeydir, amma bir gün sizdə, bir gün bizdə…” O ki qaldı onların quruluş verdikləri tamaşalara… Sizdən soruşuram, onların tamaşalarında bizim rejissorların işlərindən fərqlənən qeyri-adi nəsə görmüsünüz? Necə, siz heç özümüzünkülərin tamaşalarına baxmırsınız? Onda mən sizinlə nə danışım e… Amma deyim də, ürəyimdə qalmasın. Hə, onu deyirdim axı. Yaxud onların quruluş verdikləri hansı tamaşa, teatr dilində desək, hadisəyə çevrilib? Bəlkə, çevrilib xəbərimiz yoxdur? Özü də həmin tamaşalar Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına hazırlanır. Bu yerdə  bir neçə il öncə həmsöhbət olduğum bir rejissorumuzun sözləri yadıma düşdü: “Bir dəfə həmin rejissorların birindən bu sahədə neçə il fəaliyyət göstərdiyini soruşdum. Dedi ki, 5-6 il olar ki, rejissor kimi fəaliyyət göstərir. Mən isə 25 ildir ki, bu sahədə çalışıram. Belə baxanda mən ondan nə götürə bilərəm? Yəni o keçən yolları mən çoxdan keçmişəm də… Belə rejissorların əvəzinə, Robert Stone gəlsəydi, onda nəinki mən, eləcə də bütün rejissorlarımız nə isə öyrənə bilərdilər. Nə yazıq ki, biz, hələlik, o cür rejissorları teatrlarımıza dəvət edə bilmirik”. Yenə bu yerdə bəzi suallar mənə rahatlıq vermir: Balam, madam ki, belədir, onları niyə dəvət edirlər?

Bunu da qoyaq bir kənara, həmin tamaşalardan bəzilərinə baxmış bir şəxs kimi deyə bilərəm ki, onlarda bir soyuqluq hiss olunur. Bu isə o deməkdir ki, onlar bizim rejissorlar kimi tamaşaçıların hisslərinə uyğun mizanlar qura bilmirlər. Bu da, şübhəsiz ki, əcnəbi rejissorların mentalitetimizə bələd olmamalarından irəli gəlir. Kim bilir, bəlkə də elə bu səbəbdən hazırladıqları tamaşalar teatrların repertuarlarına belə düşmür. Elə ictimai baxış və premyeralardan sonra “canlarını tapşırırlar”. Ad olur ki, gəldilər, işlədilər, getdilər. Hə, gedəndə də bu məqsədlə ayrılmış vəsaiti özləri ilə apardılar. Bu mənada bizə hədər yerə pul xərcləmək qalmırmı? Digər tərəfdən, həmin bu əcnəbilər bir qayda olaraq, xarici ölkələrin yazarlarının əsərlərinə üstünlük verirlər. Bizim bəzi teatrsevərlər də deyirlər ki, tamaşaçılarımızın xarici dramaturgiya ilə tanış olmalarının nəyi pisdir ki? Heç nəyi, əlbəttə. Elə isə həmin rejissorların bizim yazarların əsərləri ilə tanışlığının nəyi pis olar ki? Hətta iş o yerə çatıb ki, bu təbliğatın nəticəsində bu gün bəzi teatr məkanlarımız yerli dramaturqların əsərlərinə dodaq büzürlər. Görünür, bu əcnəbi məsələsində nəsə var ki, bizimkilər bundan ikiəlli yapışıblar. Yoxsa, bizimkilər hər şeydən yapışan deyillər axı… Nəsə var deyəndə bunu futbol üzrə millimizin baş məşqçisi Berti Foqtsun timsalında izah edə bilərəm. Amma kimlərinsə bostanına top atmaq fikrində deyiləm. Bir də, arifə bir işarə bəs deyilmi?

Əsər demişkən, məncə, elə bu yazdıqlarım müasir, daha doğrusu, zəmanə ilə səsləşən bir əsərin mövzusudur. Öz aramızdır, bunu başqa bir formada qələmə alan olsa, ondan elə tamaşa hazırlamaq olar ki… İdeya məndən, bəhrələnin, xoş halalınız olsun.

Qvami Məhəbbətoğlu