Yeni qurum mətbuatımızın inkişafına öz töhfəsini verəcək

0
19

Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. 44 gün davam edən Vətən müharibəsində media orqanlarımız həm milli maraqlarımızı prinsipial şəkildə müdafiə etdi, həm haqq səsimizi dünyaya çatdırdı, həm vətəndaşlarımızda vətənpərvərlik ruhunu artırdı, həm də obyektiv informasiya ilə erməni yalanlarının ifşasına nail oldu.  Bu mənada mediamız Azərbaycanın Zəfər salnaməsinin yazılmasında fəal iştirak etdi desək, səhv etmərik.

Bununla yanaşı, bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə cəmiyyətin inkişafında mühüm rol oynayan media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac duyulurdu. Digər tərəfdən, ölkəmizdə hər bir sahəni əhatə edən köklü islahatların həyata keçirilməsi cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən mətbuatda da əsaslı islahatların aparılmasını tələb edirdi.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında da bunun anonsu verilmişdi. Bildirilmişdi ki, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsi üzrə islahatların dərinləşdirilməsi haqqında” Fərmana əsasən, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yeni Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb.

Azərbaycan Respublikasının Me­dianın İnkişafı Agentliyinin vəzifələri və hüquqlarını müəyyən edən Nizamnamədə bildirilir ki, yeni qu­rum öz fəaliyyətini media sahəsində normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanıb həyata keçirilməsində iştirak etmək, fikir, söz və məlumat azadlığının, plüralizmin təmin olunması, me­dia subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, dövlət qurum­ları ilə media subyektləri arasın­da əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yarat­maq, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etmək, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsini stimullaşdırmaq, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək və digər istiqamətlərdə qurmalı­dır.

Mütəxəssislərin fikrincə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi elektron medianın, yəni yeni medianın inkişafında bilavasitə daha fəal iştirak edə biləcək ən mühüm qurum olacaq. Yeni qurumun təşkili ölkəmizin informasiya mühitinin köklü şəkildə dəyişməsinə, daha doğrusu, onun günün tələblərinə daha operativ cavab verməsinə stimul yaradacaq, həmçinin mətbuatımızın qarşısında duran problemləri aradan qaldıracaq. Bir sözlə, yeni qurum “Əkinçi”dən başlanan  yolumuza öz  sanballı töhfəsini verəcək, eləcə də demokratik dövlət və azad media münasibətlərini daha yüksək səviyyəyə yüksəltməyə xidmət edəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”