“Yeni nəslin düşüncə tərzi çox fərqlidir”

589

60 il incəsənət aləmində ifa etdiyi rolları ilə öz sözünü demiş bu insanı kim tanımır ki? Odur ki, onu geniş təqdim etməyə ehtiyac yoxdur. Beləliklə, bu günlərdə Mingəçevir Dram Teatrında Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı ilə görüşdük. Azərbaycanın teatr və kino aktyoru, çoxlu sayda filmlər səsləndirən, Xalq artisti, “Qızıl dərviş” mükafatı laueratı Ağaxan Salmanlı Mingəçevir teatrında “Nənənin kələyi”, “Tıq-tıq xanım” tamaşalarına quruluş verir. Ağaxan müəllim əvvəlcə qeyd etdi ki, artıq 3 ildir bu teatrla əməkdaşlıq edir. Onu da vurğuladı ki, digər bölgələrə nisbətən Mingəçevir Dram Teatrı yaxşıdır, yeni-yeni  tamaşalar hazırlanır, teatrda bir canlanma müşahidə edilir. Teatra yeni təyin edilmiş direktor Səxavət müəllim də çalışır ki, yeni tamaşalarla tamaşaçı cəlb etsin. Bura müasir standartlara cavab verən, hər cür avadanlıqlarla təmin edilən bir sənət ocağıdır. Bildirdi ki, teatra yeni nəsil gəlib və müxtəlif tamaşalarda da rol alıblar:

– Ağaxan müəllim, yeni nəslin teatra marağı

sizi qane edirmi?

– Gənclərlə tez-tez təmasda olan bir adam kimi deyə bilərəm ki, yeni nəsildə teatra sevgi hissi var. Ali məktəbə hazırlaşan, aktyor, rejissor olmaq istəyən gənclər çox vaxt mənə müraciət edirlər. Baxıram, amma görürəm ki, əksəriyyəti hazırlıqsızdır. Teatr barədə anlayışları sıfır səviyyədədir, teatr tarixindən xəbərləri yoxdur. Amma teatra həvəsləri var. Onlar teatrda işləmək istəyirlər. Amma Cəfər Cabbarlını, Axundovu və s. korifeylərimizi, dramaturqlarımızı tanımırlarsa, onda teatrda necə işləmək olar? Bu da bir aktyor kimi məni çox narahat edir. Biz yaşlı nəsil can qoyduğumuz, saç ağartdığımız səhnəni necə etibar edək belələrinə?

– Bəs çıxış yolunu nədə görürsünüz?

– Yeni nəslin düşüncə tərzi çox fərqlidir. Mən gənclərimizə deyirəm ki, istedad Allah vergisidir, istedadı müəllim vermir tələbəyə. Niyə biz bu yolu seçirik, çünki bu içimizdən gələn bir hisdir. Biz də bunun arxasınca gedirik. Amma istedadı da cilalayan məktəbdir, savaddır, zəhmətdir. Mən həmişə tələbələrimə deyirəm ki, istedada qiymət vermirəm, mən qiymət verirəm tələbələrin intizamına, savadına, bir də zəhmətinə, çalışqanlığına. Bu teatrda da istedadlı gənclər çoxdur. Düşünürəm ki, gənclərin teatra marağını artırmaq üçün mütləq festivallar keçirmək və bu festivalların keçirilməsini ənənəyə çevirmək lazımdır. Mingəçevir Teatrına 3 ildir ki, gəlib-gedirəm, burada istedadlı gənclər çoxdur, amma onların məsuliyyətsizliyi onları irəliyə getməyə qoymur. Bu səhnədə mənimlə paralel Süleyman Sani Axundovun  “Eşq və İntiqam” əsəri hazırlanır, çox gözəl klassik əsərdir, faciədir, bizim milli dramaturgiyamızın incilərindən biridir. Bu əsəri mən öz müəllimlərimin quruluşunda və ifasında görmüşəm. 1962-ci ildə tələbə vaxtı kurs tamaşasında mən özüm də Piri babanı oynamışam bu əsərdə. Ona görə də əsər mənə çox tanışdır və onun quruluşunu Əliheydər Ələkbərov vermişdir. Dediyim odur ki, bu tamaşanı qüdrətli sənətkarların ifasında görmüşəm. İndi bu teatrda milli klassikamıza müraciət ediblər, Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi bu faciəvi əsərin regionda böyük izləyici kütləsi qazanacağına ümid edirəm. Teatrın yaşlı və orta nəsil aktyor və aktrisa heyəti tamaşanın məşqlərində böyük həvəslə çalışır, mən onlara uğur arzulayıram.

– Tamaşada tərəf müqabillərinizlə işləmək asan olurmu?

– Mən həmişə çalışmışam ki, tərəf müqabilimlə elə səmimi münasibət yaradım ki, o da özünü rahat hiss etsin. Mən də o səmimiyyətdən rahat oluram. Ona görə də tərəf müqabilimdən neqativ hal gələndə çalışıram ki, onu dəf edim. Mənim də münasibətimdən tərəf müqabilim dərhal özünü yığışdırır. Rəhmətlik Gülşən Qurbanova ilə çox rollarımız olub. O həmişə deyərdi ki, mən səninlə səhnədə olanda istirahət edirəm, sən məni elə ardıcıl aparırsan ki, heç vaxt çaşmıram. Tamaşada çaşmaq olur, mən o saat elə bir yolla, elə bir xırda sualla onu yönəldirəm ki, onun sözü yadına düşür. Odur ki, mənə heç bir tərəf müqabili bata bilməz.

– 74 yaşınız var, hazırda teatrda fəaliyyət göstərirsiniz, həm Dağıstanda, həm burada yetərincə tamaşalara quruluş verirsiniz. Bu sizi yormur ki?

– Əsla. Müxtəlif teatrlarda, o cümlədən Dağıstan, Lənkəran, Mingəçevir teatrında, Gənc Tamaşaçılar Teatrında 30-dan yuxarı tamaşa hazırlamışam. Hələ üstəlik də qarşıdan Şekspirin yubileyi gəlir. Cənnət Səlimova “Üçüncü Riçard” tamaşasını hazırlayır. Həmin tamaşada Riçard baş rol olsa da, onunla paralel  gedən Bekkingem rolu var. Həmin rol mənə həvalə olunub. Tamaşa çox gözəl alınıb. Tamaşada 40 nəfər iştirakçı var. Hamısı  da həvəslə öz rolunu ifa edir.

Sonda qeyd edək ki, aktyorun iki övladı, 4 nəvəsi var. Nəvəsi Ləman Salmanlı quruluş verdiyi iki tamaşanın quruluşçu rəssamıdır. O, “Tıq-tıq” xanım tamaşasının tərtibatını hazırlayıb və nəticəsi də uğurlu alınıb.  Bunu 18 yaşlı gənc rəssamın ilk teatr debütü də saymaq olar. Ləman Rəssamlar Akademiyasının ikinci kurs tələbəsidir.

Esmira Hidayətova, Mingəçevir