Yeni iş yerləri

538
(Allah sənə rəhmət eləsin, Mirzə Cəlil)
Mən hər zaman bir məqalə yazanda bircə şeydən çox nigaran oluram. Qorxuram ki, oxucular elə xəyal eləyərlər ki, mən tərifi, yəni bir şəxsin, ya şeyin yaxşı cəhətlərini, başqa sözlə desək, məziyyətlərini, müsbət xüsusiyyətlərini deməyi, yazmağı xoşlamıram. Halbuki mən hər dürlü tərifin ölüsüyəm. Və bu cəhətdən bir məqalə yazanda nə qədər mümkündür səy edirəm ki, yazılarımda ona daha geniş yer verim. Mirzə Cəlil demişkən, yəqin ki, qeyri-yazarlar da mənim günümdədir və hər kəs desə ki, xeyr, Füzulinin şairanə təbirincə desək, aldanma, bu, əlbəttə, yalandır.Məsələn, mən istəyirəm yazam ki, son illər şəhərimizin küçələrində yaranan tıxaclar şəhər əhalisini lap cana doyurub. Amma qorxuram birbaşa belə yazmağa. Çünki qorxuram elə xəyal eləyərlər ki, inkişafımızı görməyə əsla mənim gözüm yoxdur, yaxud da dodaq büzürəm. Odur ki, yazanda elə yazmıram, başımı qaşıya-qaşıya (özgə vaxtı başımı qaşımağa vaxtım olmadığından) orijinal, həm də lirik notlar axtarıram. Çalışıram ki, hər kəsin getdiyi yolu getməyim. Bu aləmdə mənim də öz yolum olsun. Məsələn, həmin o dediyim tıxacla bağlı belə yazıram: “Camaat, vallah, dad etdiyiniz tıxaclar sizin düşündüyünüz kimi pis bir şey deyil. Hətta mən deyərdim ki, o, hər cür dürlü tərifə layiqdir. Amma nədənsə siz bunu dərk etməkdə çətinlik çəkirsiniz. Sizi qınamıram. Nədən ki, başınınzdan aşan və bu yay günlərində çətir rolunu oynayan problemləriniz sizi elə günə qoyub ki, tıxacların verdiyi töhfəni belə görə bilmirsiniz, yaxud görmək istəmirsiniz. Qəribə burası ki, nədənsə bunu bizim yazarlar da görməməzliyə vuraraq bu barədə sizə heç bir məlumat vermirlər. Görünür, belə xoş məlumatlar yazanda onların üzüklərinin qaşında problemlər yaşanır. Odur ki, onlar hər bir şeydə, hətta yaxşı işdə qüsurlar axtarırlar. Özü də belə yazılarda elə kəlmə və ibarələr tapıb işlədirlər ki, xoruz səsi eşitməmiş olsun. Ar olsun belələrinə, əgər mən də belə edirəmsə, elə mənə də…

“İndi mən burada bir söz demək istəyirəm, amma təvəqqe edirəm məqaləmi oxuyub qurtarmamış heç kəs “bay” deməsin və təəccüb eləməsin”. (Mirzə Cəlil) Mən deyirəm ki, uzunluğundan, qısalığından, harada olmasından asılı olmayaraq, hər tıxac işsizliyin aradan qaldırılmasında bir vasitədir. Məhz onların sayəsində ilin-günün bu çağında, yəni işin ceyran belinə çıxdığı bir dönəmdə şəhərin bir çox nöqtəsində onlarla iş yeri açılıb. Məgər bu, töhfə deyilmi? Yalanmı deyirəm? Məgər siz tıxacda olarkən heç gül, şar, smit, pop-korn, su, siqaret satan şəxslərə rast gəlməmisinizmi? Onlardan həmin məhsullardan almamısınızmı? Yenə də hər kəsə desə ki, xeyr, yenə Füzulinin şairanə təbirincə deyirəm ki, aldanma, bu, əlbəttə, yalandır. Mən hətta son günlər kartof, soğan, pomidor, xiyarı məhz düşdüyüm tıxaclardakı səyyar alverçilərdən alıram. Elə bu səbəbdən daha bazarlara üz tutub vaxt itirmirəm. Buna görə tıxac bazarlarına minnətdaram. O gün də bir şiş kabab alıb bir nəvəmə, bir dondurma da alıb o biri nəvəmə verdim. Mənə belə gəlir ki, tıxaclardakı mədəni xidmətin çeşidlərinin artırılması zəruridir. Amma burada bir məsələni vurğulamaq istərdim: var daimi iş yerləri, bir də var mövsümü… Tıxaclardakı iş yerlərinin bunlardan hansına şamil edəcəyim üzərində baş sındırsam da, bir doğru nəticə əldə edə bilmədim. Çünki bu iş yerləri nə daimiyə, nə də mövsümiyə uyğun gəlir. Odur ki, bunun üzərindən elə beləcə keçirəm.

Hər kəs bu sözlərə şəkk gətirsə, xahiş edirəm ki, tıxacda olarkən müxtəli ünvanlara hədyanlar yağdırmaqdansa ətrafını diqqətlə nəzər yetirsin. Əgər yeni iş yerləri ilə təmin olunanları görməsələr, mənim bu tərifli yazımı heç oxumasınlar. Və bunu oxuyub əhvalatdan xəbərdar olandan sonra bunu bilsin və yenə bilsin ki, təriflə də çox şey demək mümkündür. Tərifi sevməyənlərin canı cəhənnəmə! Mənə çox lazımdır ki, onlar mənim yazdığımı başa düşəcəklər, ya düşməyəcəklər? Mənə ancaq lazımdır ki, yazımı oxuyanda desinlər: “Bəh-bəh, bu tıxac nə gözəl şey imiş, sən demə, onun özəl gözəllikləri də varmış. Nədən biz bu özəl gözəllikləri görmürük?”. Mənə ancaq bu lazımdır.

Qvami Məhəbbətoğlu