Yeni ildə uşaqlar “Madaqaskar”ı görəcəklər

465

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının yaradıcılıq işlərinə start verilib. Hər il olduğu kimi bu dəfə də kiçik yaşlı tamaşaçılarımızı maraqlı, əyləncəli, hədiyyə və surprizli yeni il tamaşası gözləyir.

Əməkdar Artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Madaqaskar” adlı yeni il tamaşasında qəhrəmanlar ekrandan səhnəyə gəlməklə, maraqlı rejissor yozumu və süjet xətti, rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçıların yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.

Tamaşada teatrın gənc və istedadlı aktyorları Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Ramil Məmmədov, Vahid Orucoğlu, Bəhram Həsənov, Zaur Əliyev və başqaları uşaqların sevimli obrazlarını canlandıracaqdır.

Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 25-dən, 2015-ci ilin yanvar ayının 4-dək saat 12.00, 14.00-da nümayiş etdiriləcək.

Bundan  başqa hər  il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayıb, teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Madaqaskar”ı  izləyəcəklər.