Yeni hədəflər, yeni uğurlar

0
281

Müstəqillik illərində Azərbaycan güclü iqtisadiyyata malik bir ölkəyə çevrilib. Artıq respublikamız regionun sənaye mərkəzi kimi tanınır. Ölkəmiz yeni-yeni uğurları ilə dünyanı heyrətləndirməkdə davam edir. Bununla da Azərbaycanın iqtisadi göstəriciləri aydan-aya, ildən-ilə yaxşılaşır. Belə ki, aparılan genişmiqyaslı iqtisadi islahatlar nəticəsində, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.

Nazirlər Kabinetinin ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı İlham Əliyev bildirib ki, bu uğurlu nəticələrin təməlində  bizim həm düşünülmüş siyasətimiz, həm güclü iradəmiz, həm də əvvəlki illərdə apardığımız uğurlu islahatlarımız dayanır. Bu yerdə bir maraqlı faktı xatırlatmaq yerinə düşərdi. 2004-cü ildə cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk Dövlət proqramının icrasına başlayarkən ölkəmiz 1,8 milyard dollar valyuta ehtiyatlarına malik idi. Bu gün isə bu göstərici 44,3 milyard dollardır. Bu müddətdə valyuta ehtiyatlarının 24 dəfədən çox artımı onu deməyə əsas verir ki, Azərbaycan 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında, daha doğrusu, müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə atılan adekvat addımlar, eləcə də biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlər nəticəsində, həqiqətən, çox böyük tarixi iqtisadi uğurlara imza atıb. Bu mənada Prezident İlham Əliyevin söylədiyi kimi, 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb.

Bu ilin birinci yarısı beynəlxalq aləmdə maraq doğuran irimiqyaslı transmilli layihələrin gerçəkləşdirilməsi ilə də yaddaşlara həkk olunub. Belə ki, may ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib və bu, keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra nəqliyyat sektorunda ikinci böyük hadisə kimi tarixə düşüb. Şübhəsiz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edib. Elə həmin ayda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı keçirilib. Bununla da enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrilib.  Yeri gəlmişkən, ekspertlərin bildirdiklərinə görə, “Cənub Qaz Dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq.

İyun ayında isə “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TANAP-ın rəsmi açılışı olub. TANAP-ı Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəri kimi qiymətləndirən dövlətimizin başçısı bu uğuru hər iki ölkənin birlikdə yazdıqları XXI əsrin enerji tarixi kimi səciyyələndirib.

Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun fəaliyyətə başlamasını isə ölkəmizin davamlı və dayanıqlı inkişafına yeni bir töhfə kimi dəyərləndirmək olar. Qeyd edək ki, “Xəzər”də istehsal olunan  avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.

İlin ikinci yarısında “SOCAR Polymer” və gübrə zavodlarının açılışı nəzərdə tutulmuşdu ki, artıq onlardan biri “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Bu zavodun istifadəyə verilməsi və ilin sonunda o biri  zavodun işə salınması nəticəsində Azərbaycanın ixrac potensialı daha da  artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır.

Xəbər verildiyi kimi, Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna kimi istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaqdır. İlin ikinci yarısında Masallı sənaye mərhələsinin fəaliyyətə başlaması, 14 aqropark istifadəyə verilməsi,  üçüncü peykimizin orbitə buraxılması da iqtisadiyyatımızın dinamik inkişafına təkan verəcək.

Ölkəmizin iqtisadiyyatının inkişafı ilə bağlı heç bir problemin olmadığını nəzərə alsaq, cari ilin ikinci yarısında da iqtisadiyyatın bütün sahələri üzrə daha yüksək uğurlara imza atacağımız şübhəsizdir.

Qvami Məhəbbətoğlu,

“İki sahil”