Yeni dünya, köhnə mərəz

425
Yaşadığımız dünyada çox şey qloballaşıb və bu mənfi, müsbət tərəfli proses sürətlə davam etməkdədir. İş o yerə çatıb ki, dedi-qodu da qloballaşıb. 
Bir zamanlar məişət, məhəlli iş olan dedi-qodu ölkədaxili, dövlətlərarası münasibətə çevrilib, beynəlxalq status qazanıb. Dedi-qodunun ağlım kəsən mənasını yoxlamaq üçün dilimizin izahlı lüğətinə baxdım, çox fərq görmədim.  Lüğətdə “dedi-qodu” ifadəsi “bir şəxs və ya şey haqqında adamlar arasında gedən söz-söhbət, danışıq, şayiə” kimi şərh olunur. Orada nəzərdə tutduğum, müşahidə etdiyim, yaşadığım bir şey – dedi-qodunun düşər-düşməzliyi haqqında bir şey görmədim. Son zamanlar Türkiyədə böyük vüsət almış dedi-qoduya müasir türk ədəbiyyatında onlarla şeir həsr olunub. Onlardan birində deyilir:

Dedi-qodu – insanlıq üz qarası,

Sağalmaz açdığı ürək yarası.

İnananlar düşərlər bir-birinə

Nə dostları qalar, nə əqrəbası… (Atalay Ürker)

Bu şeirin təsiri ilə yazıma uşaq vaxtı yaşadığım bir hadisəni söyləyərək davam etməyi qərara aldım.

Anamın sandığı yox idi. Sandıq yerinə taxta bir çamadanı vardı. O qədər böyük olmasa da, biz onun tükənməz olduğuna inanmışdıq. O, təkcə anamın deyil, hamımızın ümid yeri, ehtiyatı idi. Anam onu “amerikan açarı” dediyi iri bir qıfılla qoruyardı. Sonradan bildik ki, “amerikan açarı” o qədər də etibarlı deyilmiş. Dili tapılmayan açar yox imiş.  Qonşumuzdakı dəmirçi Bəcan dayı istənilən açar üçün asanlıqla dil düzəldərdi. Əhvalat belə olmuşdu. Atam-anam başqa kənddə evli olan bacımgilə getmişdilər. Atam üç ögey qızını öz doğma qızlarından ayırmazdı. O zamanlar ucqar kəndlərə yol və nəqliyyat o qədər də yaxşı deyildi. Valideynlərimiz bir neçə gündən sonra qayıtdılar.

Anam nə isə qoymaq üçün çamadanını açıb:

– Vallahi pulları götürüblər, – dedi. Atam:

– Yaxşı bax, əlinə nə keçdi qoyursan, bəlkə yerini səhv salmısan, – dedi. Anam isə eyni həyəcanla sözünə davam etdi:

– A kişi, bax, pulları bu parçaya büküb, bu küncə qoymuşdum, üstündə də nə qədər şey vardı.

Atam birinci bizdən soruşdu. Dedi, bəlkə başqaları başınızı tovlayıb götürüblər sizdən. Biz belə bir iş tutmadığımıza and içməyə başladıq. And içməkdən acığı gələrdi atamın. Səsini ucaldıb:

– Mən sizə and için dedim? – dedi. Xəbər qohum-əqrəbaya, qonum-qonşuya yayıldı. Anam göz yaşlarına hakim ola bilmirdi. Qorxurdu deyərlər ki, öz qızlarına verib pulu. Bu söhbət bir neçə ay davam etdi. Artıq yay fəsli idi. Atam günorta çay-çörəyini yeməyə gəlmişdi. Anam şübhələndiyi adamlara and içdirmək üçün atamdan icazə istədi. Atam çox ciddi şəkildə buna etiraz etdi. Evimizdə iki balası olan iri bir pişiyimiz vardı. Atamın yemək yediyi əsnada pişik balaları ilə gəldi. Atam qabından bir neçə qaşıq götürüb, onların qarşına qoydu. Pişiklər yeyib, ata-anamın söhbətinə qulaq asırmış kimi bir az sakitcə dayandıqdan sonra çıxıb getdilər. Nə o günün axşamı, nə də ondan sonra göründülər. Atam anama xəbərdarlıq etdi:

– Görürsən, sənin dedi-qodun evimizə fəlakət gətirmək üzrədir. Pişiyimiz belə bunu duyub, balalarını götürüb getdi. Bir daha bu söhbətə qayıtmağı sənə qadağan edirəm. Balalarımız var, dedi-qodu yaxşı şey deyil.

Doğrusu, anam o gündən bəri oğurlanmış pul söhbətinə qayıtmadı.

Dedi-qodunun, söz-söhbət, şayiənin nələr törədə bildiyinə inanmaq üçün bir hekayənin qısa məzmununu oxuyaq:

Neçə əsr bundan əvvəl bir nəfər bazarda kölə alırmış. Bir nəfər də yaxınlaşıb onun satdığı köləni almaq istədiyini bildirir. Satan adam kölənin son dərəcə iftiracı, dedi-qoduçu olduğunu desə də, müştəri onu alır. Bir-iki gün keçmədən kölə evin xanımına ərinin ona xəyanət etdiyini, tezliklə başqası ilə evlənəcəyini deyir.

Sadəlövh qadın dərhal bu yalana inanır və bunun qarşını almaq üçün nə etmək lazım olduğunu soruşur. Kölə qadına ərinin saqqalından bir neçə tük qataraq bir dərman hazırlayacağını bildirir. Qadın inanaraq əri yatanda onun saqqalından tük kəsib gətirəcəyinə söz verir.

Kölə vaxt itirmədən ağasının yanına gedib, arvadının başqasını sevdiyini və bu gecə başını ülgüclə kəsəcəyini söyləyir. Kişi gecə yatağına uzanır və özünü yuxulamış kimi göstərir. Bir az sonra zavallı qadın əlində ülgüc ərinə yaxınlaşır, lakin əri onu öldürməyə gəldiyini zənn edərək dərhal qadını boğub öldürür. Qadının qardaşları hadisədən xəbər tutan kimi gəlib yeznəni öldürürlər. Beləliklə, qısa müddətdə iki cinayət işlənir və xoşbəxt bir yuva dağılmış olur. Göründüyü kimi, dedi-qoduçu insan şeytandan da zərərlidir. Şeytan vəsvəsə ilə insanların arasını vurar, dedi-qoduçu isə insanın üzünə baza-baxa yalan söylər, fəsad çıxarar.

Dedi-qodu çox köhnə mərəz olsa da, günümüzdə də öz mənfur işini görməkdədir. Bu mərəzin təsir dairəsi o qədər genişdir ki, söyləməklə bitməz. Peyğəmbər Əfəndimizin (s.ə.s.) bir hədisində deyilir: – Allah sizə dedi-qodu etmənizi, çox sual soruşmanızı və malı zay etmənizi yasaqlamışdır. Bununla əlaqədar olaraq, Peyğəmbərimiz (s.ə.s.) hətta and da içmişdir: “Allaha and olsun ki, heç bir qul özü üçün istədiyi gözəlliyi din qardaşı üçün də istəmədikcə tam iman etmiş olmaz.”

Dedi-qodunun, söz-söhbət, şayiənin zərərli nəticələrini aradan qaldırmaq mümkün deyil. Bir hekayətdə deyildiyi kimi:

Ömür boyü dedi-qodu ilə məşğul olmuş birisi alimin yanına gəlir, tövbə edib, düz yola dönmək istədiyini bildirir və bu zamana qədər söylədiyi dedi-qodunun hansı fəsadlara səbəb olduğunu soruşur. Alim də o dedi-qoduçunun düz yola dönmək istədiyini təqdirlə qarşılayır və dedi-qodunun nə kimi fəsadlara yol açdığını göstərmək üçün sabah bir yastıq götürüb kənd meydanına gəlməsini tapşırır. Ertəsi gün hər ikisi deyilən yerdə, deyilən saatda görüşürlər və alim o dedi-qoduçuya bir qayçı verib deyir ki, yastığı doğrasın. O da yastığı kəsən kimi içindən tökülən tüklər küləyin ağzında hər tərəfə sovrulub gedir.

Alim həmin adamdan soruşur:

– İndi tüklərin hamısını toplayıb mənə gətirə bilərsənmi?

Adam təəccüblə:

– Amma bu mümkün değil, – deyə cavab verir, – tüklər düz-dünyaya sovruldular, onların hamısını necə toplamaq olar ki? Alim də elə bil bu cavabı gözləyirmiş, söhbətə son nöqtəni qoyur:

– Bir yastıqdan çıxan tüklər olsa-olsa bu ətrafa yayılıb, sənin söyləmiş olduğun dedi-qoduların isə haralara qədər yayıldığını isə bircə Allah bilir. Amma həqiqətən də tövbə etmisənsə, ümidini kəsmə və unutma ki, bizim günahlarımız nə qədər çox olur olsun, Allah-Təalanın mərhəməti qarşısında çox-çox kiçikdir.

Bəzən dedi-qodu kimlər üçünsə vərdiş halına gəlir, yəni belələri dedi-qodu eləmədən rahat ola bilmirlər. Halbuki  insan tez-tez özünə nəzarət eləməli, bir növ “testdən keçirməli” və qüsurlu tərəflərini aradan qaldırmağa çalışmalıdır.     Dedi-qodu etməkdən zövq alanlara Ş. İ. Xətainin misraları da ibrət ola bilər:

Xətai aydır: – Ya ğəni,

Verən mövla alır canı,

Əvvəl kəndi-kəndin tanı,

Sonra elə nəzər eylə.

Xətainin  sözünə qüvvət, Hacı Bəktaş Vəli də belə deyib:

Özünü bilərsən, üzrdən qurtularsan.

İnsanın gözəlliyi doğruluqdur.

Bu həmişə yeni həqiqəti Nyuton belə ifadə etmişdir: “Platon mənim dostumdur, Aristotel də mənim dostumdur, ancaq mənim ən böyük dostum doğruluqdur.”

Uca Allah hər birimizi dilinə sahib olmağı bacaran bəsirətli qullarından eyləsin, könülləri yaralayan, vicdanları yandıran, nüfuzumuzu ləkələyən, bizlərə və bizləri sevənlərə xəcalət təri tökdürəcək sözlərin dilimizə gəlməsinə imkan verməsin! Amin! RAHIB ALPANLI