“Yeni binalardan ev alanların 60-70 faizi mənzillərini özəlləşdirə bilməyib”

”Azərbaycanda yeni tikilən çoxmənzilli binalarda yaşayan insanların 60-70 faizi öz adlarına order olsa belə, mənzillərini özəlləşdirə bilməyiblər”. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, bu o deməkdir ki, həmin insanların mənzilə mülkiyyət hüquqları tam formalaşmayıb: “Həmin insanların mənzillərini özəlləşdirmək hüququ yoxdur. Bu məsələ artıq həll edilməlidir. Vətəndaşın günahı deyil ki, bina 10 illərlə Bakı Şəhər İcra Hakimiyyəti və yaxud digər müvafiq qurumlar tərəfindən təhvil alınmayacaq? Buna vətəndaş nə etsin? Mülki hüququn, Mülki Məcəllənin inkişaf etdiyi ölkələrdə artıq orderi varsa, vətəndaş gedib rahatca evinin özəlləşmə sənədini alır. Bizdə bu yoxdur. Tutaq ki, mən yaşadığım evdə yox, tamamilə başqa bir yerdə qeydiyyatdayam. Çünki yaşadığım evə qeydiyyata almırlar ki, bina hələ təhvil alınmayıb. Bu problem çözülməlidir. Ümumiyyətlə, Azərbaycanda çox qəribə bir tendensiya var – bağ təsərrüfatları ilə bağlı da bu problem yaşanır. Onlarla, yüzlərlə vətəndaş müraciət edir mənə. Kürdəxanı-Ləhiş bağ massivində xeyli yerlər var ki, müxtəlif, tamamilə hüquqa aid olmayan şəxslər götürüb yeri 3-4 nəfərə satıblar. Bələdiyyənin sənədi hamıda var, aldadırlar əhalini, dələduzluq maddəsi ilə adətən cinayət işi açılmır, tamamilə dəxli olmayan adamlar hərədən 6-7 min alırlar, sanki bunlar dövlətin qanunundan da qorxmurlar. Qəribədir ki, bəzən bu işlər heç bir statusu olmayan adamlar tərəfindən görülür. Kim bunlara bu səlahiyyəti verib? Acınacaqlı bir vəziyyət yaranıb. Bu məsələni hüquqa gətirmək lazımdır. Bu cür insanlar bir neçə yeri çoxlu sayda insanlara satırlar, vətəndaşlar da məhkəmələrdə sürünürlər. Məhkəmələr də çox vaxt qərar çıxarmırlar ki, başım ağrımasın, sabah birdən şikayət olunan tərəf “yuxarılarda” kiməsə bağlı olar, ilişərəm – bu işə girişməyim. Belə bir vəziyyətdə vətəndaşın işini yüngülləşdirmək lazımdır. Necə ola bilər ki, on il mənzildə yaşayan adamın evi özəlləşməyib. Həmin insan vəfat edəndən sonra miras hüququ yaranır, başqa məsələlər yaranır, evi notarial qaydada kimə və necə versin? Sənədləşmə işləri ilə bağlı xırda məsələlər kənara qoyulub, böyük məsələlər həll olunmalıdır. Məncə, bu kimi köklü məsələlər həll edilsə, vətəndaşlara daha çox köməklik göstərilər”.

Makler Şamo Mikayılov  açıqlamasında bu məsələnin ciddi bir problem olduğunu söylədi. Onun sözlərinə görə, yeni tikilən binalarda mənzil satılarkən orderin alıcının adına keçirilməsi mümkün olmadığı üçün, mənzillər adətən notarial qaydada satılır: “Mənzili etibarnamə ilə alan adam isə istər-istəməz daimi narahatlıq içərisində olur. Çünki qorxur ki, birdən satan adam problem yaradar”.

Ş. Mikayılovun fikrincə, bəzi mənzil tikinti kooperativləri kupçilərin verilməsində maraqlı görünmürlər: “Kupçi və ya order olmadıqda, vətəndaş mənzilini başqasına şirkətdaxili müqavilələr əsasında satmalı olur. Bunun əvəzində isə bəzi şirkətlər vətəndaşlardan 3-5 min manat alırlar. Bu, həmin şirkətlərin biznesidir. Kupçi olduqda isə şirkət bu biznesindən məhrum olur. Ona görə o qədər də maraqlı deyillər ki, vətəndaş kupçi alsın və evini özü sata bilsin”.

Makler dedi ki, əgər hansısa binada mənzil sahiblərindən biri kupçi alırsa, digər vətəndaşlar da bunu əsas gətirib məhkəməyə müraciət edir və kupçi almağa cəhd göstərirlər: “Kupçi olduğu təqdirdə, vətəndaşlar öz mənzillərinin əsl sahibi kimi davrana bilirlər. Amma şirkətdaxili alğı-satqı müqaviləsi əsasında alınan mənzillərə qeydiyyata düşmək, girov qoymaq və s. mümkün deyil”.

 “Order var, amma kupçi yoxdur deyə mənzili girov qoya bilmərsən”

Bəs mənzilin özəlləşdirilməməsinin vətəndaş üçün hansı çətinlikləri var və ya ola bilər? Müvafiq qurumlar tərəfindən tam təhvil alınmayan binadan order əsasında mənzil alan və orada yaşayan vətəndaşlar nələrdən məhrumdurlar? Mövzu ilə bağlı hazırda belə bir binadan mənzil alan və orada yaşayan şəxslə həmsöhbət olduq. Tural Yaqubov dedi ki, o şəxsi problemi ilə əlaqədar pulunu ödəyib aldığı və hazırda yaşadığı mənzili girov qoymaq istəsə də, buna nail olmayıb: “Mənə bildirdilər ki, order var, amma kupçi yoxdur deyə mənzili girov qoya bilmərsən. Başqa sənədlər də təqdim etdim, amma razı olmadılar. Məcbur qalıb başqa bir adamdan xahiş etdim və onun mənzilini girov qoyduq”.

T. Yaqubovun dediyinə görə, orderi olan, ancaq özəlləşdirilməyən mənzilləri satanda da problem yaşanır: “Deyirlər ki, mənzil özəlləşdirilməyib, problem yaşana bilər və s. Bu halda vətəndaşdan əlavə olaraq 1500 manat alınır. Pulu adətən binanı tikən şirkətlər alırlar, amma yerli İcra Hakimiyyətinin bəhanəsi ilə”.

 “Daim narahatlıq keçirirsən ki, birdən nə isə baş verər”

Qeyd edək ki, bəzi vətəndaşlar order olsa belə, aldıqları mənzilə qeydiyyata düşə bilmirlər. Amma paytaxtın bəzi ərazilərində bu problem qismən də olsa həllini tapıb. Hər halda Tural Yaqubov belə dedi: “Çoxlu sayda adam tanıyıram ki, aldığı mənzilin orderi ilə Rayon İcra Hakimiyyətinə müraciət edib. Orada məsələyə baxılandan sonra, müvafiq orqan order əsasında şəxsiyyət vəsiqəsi verib. Şəxsiyyət vəsiqəsində ünvan məhz həmin mənzil göstərilib”.

Müsahibimiz bütün hallarda qaldırılan bu məsələnin aktual olduğunu söylədi: “Məlumdur ki, mənzil özəlləşdirilsə, kupçi olsa insan öz evində daha rahat olar. Mənzil orderlə olanda daim narahatlıq keçirirsən ki, birdən nə isə baş verər. Özəlləşdirilsə, kupçi verilsə insan öz evini sözün həqiqi mənasında tam şəxsi mülki hesab edə bilər. İnanaq ki, yaxın gələcəkdə bu məsələlər öz həllini tapacaq”.

Nicat İntiqam