“Yeni binalarda MTK-ların səlahiyyəti olmadığı halda idarəetmə ilə məşğuldurlar”

0
566

Nicat İntiqam
“Bu günlərdə Yasamal Rayon Məhkəməsi yeni tikilmiş mənzildən istifadə ilə bağlı istehlakçı hüquqlarının pozulması ilə əlaqədar ədalətli qərar qəbul edib”. Bu barədə “Zaman.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, 18.01.2016-cı il tarixdə “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) Bakı şəhəri, Z. Xəlilov küçəsi 92, mənzil 35 ünvanında yaşayan Abdullayeva Nazlı ərizə ilə müraciət edərək, qeyd olunan ünvanda yerləşən “İnşaatçı” MMC-yə məxsus binadan 181,6 kvadratmetr sahəli mənzil aldığını, mənzilin satışı zamanı divarlar yaşayış sahəsinə daxil edilməklə sahənin artıq göstərilməsi və bunun müqabilində ondan 981 ABŞ dolları artıq pul alındığını, aylıq kommunal xərclərin heç bir əsas olmadan şişirdildiyini, hər ay 45 AZN-ə qarşı 108 AZN pul alındığını, bu zaman verilən mədaxil orderlərinin saxta olduğunu və s. bildirərək, qanun pozuntularının müəyyən olunub, ona dəyən maddi zərərin ödənilməsi üçün hüququnun təmənnasız qorunmasını xahiş edib: “AİİB-in hüquq komissiyasının sədri Qaçay Şahbazov daxil olmuş ərizə əsasında Yasamal Rayon Məhkəməsində iddia qaldırıb.
“Eyvanları yaşayış sahəsinə daxil edib, vətəndaşlardan artıq pul alırlar”
Məhkəmənin 13.06.2016-cı tarixli iclasında, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov ədalətli qərar qəbul edərək, iddianı qismən təmin edib. Baxılan iş üzrə vətəndaşdan kommunal xərclər üçün əsassız olaraq artıq alınmış 3541 AZN pulun “İnşaatçı” MMC-dən alınaraq vətəndaş Nazlı Abdullayevaya qaytarılması barədə qərar qəbul edilib. AİİB çalışacaq ki, yeni tikilən binalarda istehlakçıların aldadılması sahəsində baş verən kütləvi qanunsuzluğa son qoyulması üçün fəal iş aparılsın”.
Ekspertin sözlərinə görə, yeni tikilmiş binalarda aşağıdakı istehlakçı problemləri geniş yayılıb:
1. Mənzilin satışı zamanı külli miqdarda pul alınsa da, əhaliyə rəsmi mədaxil orderinin verilməməsi.
2. Mənzili addan ada keçirən zaman vətəndaşlardan əsassız olaraq 2000-6000 AZN arası pul alınması və heç bir rəsmi sənəd verilməməsi.
3. Divarların, eyvanların yaşayış sahəsinə daxil edilməsi və vətəndaşlardan artıq pul alınması.
4. Təhvil verilməmiş binalara yalan vədlər verilərək əhalinin köçürülməsi.
5. Kommunal xərclərin, avtomobil saxlama və s. xərclərin əsassız şişirdilməsi, əhalidən artıq pul alıması, rəsmi sənəd verilməməsi və s”.
Qanunvericiliyin ən ağrılı hissəsi…
AİİB hüquq komissiyasının sədri Qaçay Şahbazov “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində bir sıra maraqlı məqamlara toxundu: “Var, faydalı yaşayış sahəsi; var, xidməti sahələr. Məsələn, mətbəx, hamam otağı, eyvan və s. Bunlar xidməti sahələr hesab olunur. Var, dövlət mülkiyyətində olan binalar; var koorperativ binalar, var şəxsi və yaxud xüsusi mülkiyyətdə olan binalar. Hazırda binalar MTK-lar tərəfindən tikilir. Lakin bu zaman qanunvericiliyimizin ən ağrılı hissəsi ondan ibarətdir ki, MTK-lara çoxmənzilli binaları idarə etmək səlahiyyətləri verilməyib. Azərbaycanda bundan əvvəlki Mənzil Məcəlləsi 2009-cu ilə qədər qüvvədə olub. Sonradan tikinti sektorunda ciddi dəyişikliklər, yeniliklər olduğuna görə yeni Mənzil Məcəlləsi qəbul olunub. Maraqlı faktdır ki, MTK-ların səlahiyyəti olmadığı halda, çoxmənzilli binaların idarə edilməsi ilə məşğuldurlar”.
“Çoxmənzilli binaların idarəçiliyində ciddi qüsurlar var”
Q. Şahbazovun dediyinə görə, bu məsələ ilə bağlı bir müddət öncə İqtisadiyyat Nazirliyi “Mənzil fondlarının idarə olunmasında bələdiyyələrin və ictimai təşkilatların rolu” mövzusunda tədbir keçirib: “Tədbirdə millət vəkilləri, Almaniyadan nümayəndələr, bələdiyyə nümayəndələri iştirak etdilər və bu sahə üzrə qanunvericilik araşdırıldı. Mən hesab edirəm ki, MTK-ları çoxmənzilli binaların idarə etmək səlahiyyəti yoxdur. Bu sözü birbaşa deyirəm. Binaları MTK-lar yox, bələdiyyələr və yaxud bina sakinlərinin ümumi yığıncağının seçdiyi idarə heyəti və müştərək ortaq təşkilatlar idarə edə bilərlər. Əlbəttə, ümumi yığıncaq idarə heyyətinə, yəni sakinlərin sırasından seçilmiş adamlara səlahiyyət verir, onlar özlərinin nizamnamələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirirlər, VÖEN alırlar, hüquqi şəxs olurlar və binanın idarəçiliyi məsələlərinə baxırlar. Bu kollegial idarəçilikdir və məqsədəuyğundur. Bu məsələlərlə əvvəllər, xüsusilə sovet dövründə JEK-lər məşğul olurdular. Sovetdən qalmış binaların idarəçiliyi də, hələlik, onlar tərəfindən aparılır. Yeni inşa olunmuş çoxmənzilli binaların idarəçiliyində ciddi qüsurlar var. MTK rəhbərləri qanunun yox, zorun gücündən istifadə etməklə vətəndaşları incidirlər”.
“Bu məsələnin həllində ciddi çətinliklər var”
Ekspertin dediyinə görə, bu, böyük problemdir və İqtisadiyyat Nazirliyinin səviyyəsində, əlaqədar qurumların səviyyəsində həll olunmalı məsələdir: “Bu problemin fərdi formada həyata keçirilməsi ciddi problemlər törədə bilər, söz-söhbətlər yarada bilər.
Keçirilən yığıncaqlardan belə başa düşürəm ki, çox güman ki, bu yaxınlarda çoxmənzilli binaların idarə edilməsinin MTK-lardan alınıb vətəndaşlara, yaxud bələdiyyələrə verilməsi nəzərdə tutulur. Bu sahə üzrə iş gedir. Məsələ yalnız bu cür həll oluna bilər. Amma dərin, ciddi, çox vacib məsələdir. Vətəndaşların bu sahədəki çətinliklərinin qarşısı alınmalıdır. Bu gün bu məsələnin həllində ciddi çətinliklər var və bunun qarşısını almaq üçün yəqin ki, İqtisadiyyat Nazirliyi məşğul olur”.