Yenə ölüm, yenə intihar…

652
Hər səhər xəbər portallarına göz gəzdirdikdən sonra işə başlayıram. Bu da mənim və mənim kimi yüzlərlə qəzetçinin peşə xəstəliyidir. Dünən axşamdan bəri dünyada nə kimi hadisələrin baş verdiyini, ölkəmizdə nələrin yaşandığını, düşmənlə sərhəddə əsgərlərimizin və mülki vətəndaşlarımızın nə kimi şücaət göstərdikləri ilə tanış olmadan sanki adamın əli yazıya uzanmır. Xəbərlərin də əksəriyyəti cinayət xarakterli olur. Dünən səhər göz gəzdirdiyim bəzi xəbər başlıqlarını olduğu kimi bura yazıram:
Tərtərdə oğul atanı öldürdü, ananı yaraladı; Bakıda qadın öz məşuqunu bıçaqladı; azarkeşlər futbolçunu öldürdülər; 22 yaşlı gənc həmyerlisini öldürdü; 8 yaşlı uşağı ilan çaldı; hamının kişi bildiyi qadının tükürpədici cinayəti; Masazırda evdən kişi meyiti tapıldı; toyda dava düşdü; Qobustanda 6 dustaq özünü doğradı; yük maşını yolun ortasında aşdı; ər və arvadı qəzada öldülər, 4 yaşlı uşaqları küçədə qaldı; arvadını sevgilisi ilə birgə güllələdi; 61 yaşlı piyadanı maşın vurdu; jurnalistin başını kəsən repçi çıxdı…

Elə bil ki, xəbərləri qanla yazırlar. Bu xəbərləri yazanın da, oxuyanın da psixikasında nələrinsə dəyişməsi qaçılmaz kimi görünür. Hələ bunlar nədir ki… Hər gün kütləvi ölüm xəbərləri bu portallarda mühüm yer tutur. İraqda partlayışlar nəticəsində onlarla insanın ölümü, Suriyada, Ukraynada, Fələstində baş verən qırğınlar bu portalların gündəlik mövzusudur.

Ölüm adiləşib, gözü dönmüş cahillər quş başı kəsirmiş kimi adam öldürürlər. Xüsusilə də bu İŞİD bəlası ortaya çıxandan sonra ölümün daha dəhşətli variantları ilə tanış oluruq. Ölən də “Allah” deyir, öldürən də. Son illərdə ölkəmizdən gənclərin ailəliklə Suriyaya getməsi və orada döyüşlərə qatılması xəbərləri daha intensiv xarakter alıb. Təxmini məlumatlara görə, hazırda Suriyada 300-dən çox vətəndaşımız var və ora qatılanların sayı da günbəgün artmaqdadır. Təbii ki, onlar arasında ölüm halları da getdikcə artacaq. İşin dəhşətli tərəfi ondadır ki, gedənlər ailə-uşağını da özləri ilə aparırlar.

Bizim bu yazıda üzərində durmaq istədiyimiz əsas məsələ intihar hallarının getdikcə çoxalmasıdır. Demək olar ki, hər gün ölkəmizin hansısa guşəsində intihar hadisəsi baş verdiyini öyrənirik. Ölümün bu qədər adiləşməsi, insanın öz canına qıyması artıq həyəcan doğuracaq hala gəlmişdir. Son bir neçə ayda bir neçə vətəndaşımızın öz səsini eşitdirmək üçün “Koroğlu” metrosunun yanındakı körpüyə çıxıb, intihara cəhd etməsi ölkə gündəminə bomba kimi düşüb. Yəqin ki, bundan sonra həmin körpülərə nəzarətçilər qoyacaqlar ki, adamlar ora dırmaşıb, öz problemlərini ictimailəşdirə bilməsinlər.

Dünənki xəbərlər arasında ən çox diqqət çəkənlərdən biri də 23 yaşlı bir xanımın intiharı idi. Bu intihar məsələsi o qədər ağır işdir ki, o addımı atan hər kəsin peşman olacağını tam qətiyyətlə söyləmək olar. Son illərdə bu mövzuda bir neçə yazı qələmə almış olsam da, intihar haqqında daha çox yazmalı olduğumuz qənaətindəyəm. Hər dəfə yazdığım kimi, bir daha təkrar edirəm ki, intihar etmək Allahın əmanətinə xəyanət etməkdir. Allahın (c.c.) kitabında da, Peyğəmbərimizin (s.ə.s) hədislərində də bu məsələ ilə bağlı çox sərt xəbərdarlıqlar var. Bu can, bu bədən insana istifadə üçün verilib. İnsan bu canın, bu bədənin sahibi deyil. Sahib Allahdır, sən, sadəcə, əmanət daşıyansan və o əmanətə münasibətinə görə Allaha cavab verməli olacaqsan. Çox gözəl bir söz var: Kəbə Allah evidir, ancaq insan əlinin əsəridir, insanın qəlbi isə Allahın əsəridir. Ona görə də bir qəlbi qırmaq Kəbəni yıxmaqdan daha ağır işdir.

Səbəb nə olur olsun, intihar üçün bəraət yoxdur. İnsan son anına qədər çalışıb-çırpınmalı, ömür adlı bu döyüş meydanında ayaq üstə dayanmağı bacarmalıdır. Ölüm zamanı çatanda hər kəsin çıxacağı yoldur, səfərdir, amma özünü o yola atmaq, yəni canına qıymaq Allahın heç sevmədiyi əməldir, Allahın mərhəmətindən ümid kəsməkdir, meydandan qaçmaqdır, fərarilikdir.

O cana qıymayın, nə olur, o son addımı atmayın, əmin olun ki, əsəbi, çılğın halınızla verdiyiniz o qərar sizə böyük zərərdən və peşmançılıqdan başqa bir şey gətirməyəcək. Çünki ölmək qurtarmaq deyil, başlamaqdır. Ölüm yox olmaq deyil, yuxudan ayılıb böyük bir həqiqətlə üz-üzə qalmaqdır. Ən böyük sevinc də, ən böyük peşmançılıq da məhz o oyanışla yaşanır.

Xahiş edirəm, yalvarıram, o addımı atma, “Ya Sabur” deyib içini boşalt, hönkür-hönkür ağla, sonra da qalxıb bir işlə başını qatmağa çalış. Oldumu, əzizim, oldumu, canım-qanım, millətim, qardaşım, bacım, övladım, oldumu?

Hadi, Allah amanında!..

Əlİ Çərkəzoğlu