Yenə dil haqqında zəhlətökən bir yazı

0
511

21 fevral Beynəlxalq Ana Dili Günüdür. Belə bir gün münasibəti ilə yazı yazmamaq, öz sözünü deməmək mümkündürmü? Əlbəttə, yox. O zaman demək lazımdır, həm də daha çox və daha uca səslə, çünki gözümüzün önündə dilimizi əzmlə, bəli, bəli, əzmlə qətl edirik. Amma…

Amması budur ki, 20 ilə yaxın müddət ərzində ana dili, ana dilimizin günbəgün çürüməyə və sıradan çıxmağa doğru getdiyi barədə kiçik-böyük həcmli yazılar yazdım, dərc etdirdim, paylaşdım, bir tərəfdən də ölçmə-qiymətləndirmə apardım. Nəticələrini deyimmi?

Deyəcəyəm (“Deyəcəm”yox ha, “Deyəcəyəm”), amma bundan əvvəl bir qeydi nəzərinizə çatdırıram ki, hər dəfə bu mühüm (mənə görə) məsələ barəsində məni sevənlərin danlaqlarına məruz qalırdım: Nə işin var? Dünyanı sən düzəldəcəksən? Sən deməklə deyil, zəmanə dəyişib və sair və ilaxır. Amma yenə də davam edirdim, çünki hadisələrin gedişini izləməm də lazım idi.

İndi gələk nəticələr. Hər yazıdan sonra ”like”ların və “comment”lərin sayı üzüaşağı gedirdi. Hər yazıdan sonra təqribən 5-10% azalma müşahidə edilirdi. Bilirsiniz niyə?

Cavab verməyə tələsməyin, yazıların mövzuca təkrarının gətirdiyi hallarla izah etməyə calışmayın. Əsil səbəb başqadır. Bizim vətənsevər millətimiz öz övladlarını rusca təhsil almağa hər il daha çox meyl göstərirlər. Hamı “kulturnu”, “sovremenni” olmaq, görünmək istəyir. Bunun üçün hər cür bəhanələrlə doludurlar, özümüzü aşağılamaq, alçaltmaq, həqir göstərmək üçün istənilən sayda hazır bəhanələrə malikdirklər:

– Uşağı rusca oxuduram ki, gələcəyi təmin edilsin, iş tapsın…

– Azərbaycan məktəblərində (təlim Azərbaycan dilində) dərs keçmirlər…

– Uşaq dil öyrənsin…

– İndi zəmanə bunu tələb edir… və s. və i.a.

Bağışlayın, dostlar, bunlar hamısı bəhanədir, yalandır. Azərbaycanda bu qədər rusca təzyiqə baxmayaraq, bütün idarələrdə yazışmalar və rəsmi mərasimlər ana dilində – Azərbaycan dilində aparılır.

“Azərbaycan məktəblərində (təlim Azərbaycan dilində) dərs keçmirlər” bəhanəsi əsassızdır, çünki mən bilən, rus məktəblərində dərs deyən müəllimlərin yarıdan çoxu əməlli-başlı rusca bilmir.

Uşağın dil öyrənməsi də əsas ola bilməz. Çünki bir xarici dil müəllimi kimi inanıram ki, bir adamın xarici dil öyrənməsi (dinləyib danışa bilməsi) üçün münbit şərait və ən çox 6-8 ay vaxt lazımdır.

O ki qaldı zəmanəyə, hə… bu zəmanə dediyiniz mücərrəd anlayışdır. Zəmanənin ağlı yoxdur, şüuru yoxdur, iradəsi yoxdur, fikri yoxdur… Zəmanə dediyimiz sənsən, mənəm, odur, bizik. Özümüzün yalanını mücərrədin üzərinə niyə yıxırıq ki? Deyin ki, mən də qonşudan, qohumdan geri qalmaq istəmirəm, “kulturnu”, “sovremenni” görünmək istəyirəm. Ana dilində təhsil almaq mənə ar gəlir… Sizin dediyinizi Mirzə Cəlil 110 il əvvəl lağla demişdi: “Как-то стыдно когда образованный человек по-татарски говорит”. Yəni “Təhsilli (ziyalı) bir adamın tatarca (azərbaycanca) danışması ayıbdır”.

Mənim bu yazımı “like” etməyə bilərsiniz, “comment” də yazmaya bilərsiniz, amma öz vicdanınızı aldada bilməyəcəksiniz. Bir gün çox böyük səhvə yol verdiyinizi görəcək, o zaman yenə müxtəlif bəhanələrlə günahı özünüzdən yayındırmağa çalışacaqsınız. Amma itirdiyinizlə qazandığınız arasında çox böyük fərq olacaqdır. Siz övladınızı itirəcəksiniz, vətəninizi itirəcəksiniz, xalqınızı itirəcəksiniz. Sonrakı peşimançılıq fayda verməyəcək.

Haradan bilirəm? Bir lətifə ilə izah edim.

Ata oğlunu danlayıb “Səndən adam olmaz!”-deyir. Oğlu bu sözü yaddan çıxarmır. Aylar keçir, illər dolanır, oğlan ali təhsil alır, vəzifə pillələri ilə yüksəlir, yüksəlir, gəlib yüksək vəzifə sahibi olur. Polis rəisini çağırıb tapşırıq verir: “Filan rayonda, filan kənddə filankəs var, onu qoluqandallı buraya gətirin!”

Əmr yerinə yetirilir. Atanı qoluqandallı oğlunun kabinetinə gətirirlər. Oğlu əda ilə yerindən qalxıb atasına yaxın gəlir, deyir:

– Nə oldu, ata, bəs deyirdin məndən adam olmaz, görürsən haralara gəlib çıxmışam?

Ata oğluna baxır, başını bulayır.

– Oğlum, mən sənə vəzifə sahibi ola bilməzsən, demədim ki!”-deyib qollarını yuxarı qaldırır kələpçəni göstərir,-“Adam ola bilməzsən, demişdim. Gördüyün kimi, haqlı imişəm.”

Bəlkə övladınızı yüksək vəzifə sahibi edə biləcəksiniz, amma….

“Demədi”, demə ha!

Nazim Əkbərov