Yenə də həmin dalğa, həmin koordinat…

Son illər Azərbaycanın sürətli inkişafı, beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq etməsi ermənipərəsət xarici dairələrin alətinə çevrilənlərin, sözün həqiqi mənasında, yuxusunu ərşə çəkib. Odur ki, onlar özlərinin “iricaplı” siyasi yalanları ilə ölkəmizi daim “atəş” altında saxlamaq cəhdlərindən bir an belə əl çəkmirlər.

Bu günlərdə Avropa Parlamentinin həbsdə olan bloqger Mehman Hüseynovla bağlı qəbul etdiyi “qətnamə” də buna əyani sübutdur. Özü də həmin qətnaməyə “xeyir-dua” verənlər kimlər olsalar yaxşıdır? Avropa Parlamentinin antiazərbaycan qruplaşmasının üzvləri – Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfərlər edən, erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilən, onlarla əməkdaşlıqla “ad-san” qazanan, separatçılara və işğalçılara mənəvi dəstək verən, bir sözlə, Azərbaycana böhtan atmaqda ustalaşan Çarlz Tannok (Böyük Britaniya), Anna Qomez (Portuqaliya), Yaromir Ştetina (Çexiya). Bu yerdə deyiblər, yenə də həmin dalğa, həmin koordinat…

Bu deputatlar sosial şəbəkələrdə yayılan, hüquqi əsası olmayan, dəqiqləşdirilməmiş məlumatlar əsasında Azərbaycana qarşı hər hansı müzakirələrin təşkilində həmişə maraqlıdırlar. Halbuki ölkəmizdə mətbuat və söz azadlığının təmin olunması, mətbuata, fikir və söz azadlığına qarşı senzuranın olmaması Avropa Parlamenti üzvlərinə, o cümlədən onlara yaxşı məlumdur. Bu mənada bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulmasını yada salmağı özlərinə ar bilən bu deputatların vəzifəsi ölkəmizə qarşı iyrənc kampaniyalar təşkil etməkdən ibarətdir.

Qeyd edək ki, həmin qətnamənin əleyhinə çıxış edənlər də olub. Məsələn, Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstromun müzakirələr zamanı çıxışında M. Hüseynovla bağlı onlara ötürülmüş “fakt”ların cəfəngiyatdan, yanlış informasiyadan başqa bir şey olmadığını bildirib. Lakin əksər deputatlar onun söylədiklərinə məhəl qoymayıblar. Bu isə bir daha o deməkdir ki, Avropa Parlamentində Azərbaycana qarşı mübarizə aparan mütəşəkkil siyasi banda formalaşıb. Bu banda da burada böyük “enerji”, vəsait sərf edərək  ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi adı altında belə qətnamələr qəbul etdirmək gücündədir.

Politoloqların fikrincə, onların məqsədi müstəqil siyasət aparan, multikulturalizmin məkanı sayılan ölkəmizi gözdən salmaq və Avropada Azərbaycan haqqında yanlış rəylər formalaşdırmaqdan ibarətdir.

Ekspert Elxan Şahinoğlu “İki sahil”ə açıqlamasında bildirdi ki, bir qrup ermənipərəst deputatın qərəzli mövqeyi əsla Avropa Parlamentinin ölkəmizə münasibətini ifadə etmir: “Bəri başdan deyim ki, indiyədək Avropa Parlamenti Dağlıq Qarabağla bağlı bir neçə ədalətli qətnamə qəbul edib ki, onlar da Azərbaycanın maraqlarına xidmət edir. Məsələn, ötən ilin dekabrında Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın maraqlarına cavab verən, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamə böyük səsçoxluğu ilə qəbul olunub. Digər tərəfdən, bu gün əsas bazarımız  Avropadır. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanıb. Bu sənəd iki tərəf arasında genişlənən qarşılıqlı münasibətlərin növbəti mərhələsini özündə ehtiva edən Strateji Tərəfdaşlıq Müqaviləsinin əsas konturlarını cızıb. Keçən il “Cənub Qaz Dəhlizi”nin TANAP seqmenti işə salınıb, TAP layihəsi başa çatmaq üzrədir. Bir sözlə, Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarındandır. Avropa özü də ölkəmizlə əməkdaşlıqda maraqlıdır.   Bu il Azərbaycanın Avropa İttifaqı ilə strateji saziş imzalayacağı da gözlənilir. Elə ermənipərəst qüvvələri narahat edən də bu məsələdir. Başqa sözlə desək, onların məqsədi Azərbaycanın Avropanın alternativ enerji təchizatını təmin etməsini əngəlləməkdir.

Şübhəsiz, ermənipərəst qüvvələrin belə cəhdlərinə baxmayaraq, ölkəmiz Avropa İttifaqı ilə səmərəli əməkdaşlığını davam etdirəcək. Bir daha xatırlatmaq istəyirəm ki, Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”