Yeməkdar jurnalistlər

0
573

Artıq 9 ildir ki, jurnalistikada fəaliyyət göstərirəm. Bu illərdə bir çox maraqlı məqamların şahidi olmuşam. Onlardan bəzilərini dəyərli oxucularla bölüşmək istəyirəm.

– Əlinizdə tutduğunuz bu qəzetdə təzəcə işə düzəldiyim vaxtlar idi. Sevincli idim. İlk məzuniyyətimin vaxtı çatdı və kəndimizə yollandım. Bir gün atamla görüşə gələn qonşu kənddə bələdiyyə sədri işləyən Səfər dayı (Allah ona rəhmət eləsin) sözgəlişi mənim Bakıda nə işlə məşğul olduğumu soruşdu. Heç nə düşünmədən jurnalist işlədiyimi dedim. Baməzə adam olan Səfər dayı yarızarafat-yarıciddi dedi ki, “Allah jurnalistlərin kökünü kəssin, bostanda qarpız da qalmadı”. Sən demə, həftədə 3-4 jurnalist gəlib bələdiyyənin ərazisindən tənqidi material hazırlamaq istədiyini deyirmiş. Səfər dayı da “yazmasınlar” deyə onlara bostanından qarpız verib, yola salırmış. Beləcə, əlinin zəhməti, alnının təri ilə yetişdirdiyi qarpızı ailəsindən çox, reket jurnalistlər yeyirmiş.

– Yenə illər öncə bir dəfə kəndimizə getmişdim. Qonşu kənddə fəaliyyət göstərən ticarət obyektindən nə isə almaq lazım oldu və atam məni göndərdi. Orada çalışan işçilərdən biri Bakıda hansı sahədə çalışdığımı soruşdu. Jurnalist işlədiyimi söylədim. Reket jurnalistlərin əlindən təngə gəlmiş işçi dedi: “O gün bir jurnalist gəlmişdi, pul istəyirdi. Çox istədi, çox dirəndi vermədik. Axırda qayıtdı ki, “maşınımın benzini qurtarır, bir şüşə benzin verin”. Onu da vermədik, çıxıb getdi”. İşçi mənə demək istəyirdi ki, bu üzlə sən jurnalistikada çətin baş çıxararsan. Onun çalışdığı obyektə ancaq reket jurnalistlər gəldiyindən bütün media orqanlarını elə təsəvvür edirdi.

– 4-5 il əvvəl metronun “Sahil” stansiyasının çıxışının üst hissəsində tikilən binanın ağırlığı nəticəsində stansiyanın çökə biləcəyi barədə söz-söhbət yayılmışdı. Yollandım həmin binanı tikən şirkətin ofisinə. İşçilərdən biri jurnalist olduğumu biləndə: “Bir gündə nə qədər jurnalist gələr?”-deyib gileylənməyə başladı, amma söhbətə də etiraz etmədi. Hazırlıqlı getdiyimdən suallarım əvvəlcə onu çaşdırdı, amma həm də elə bil həvəsə gətirdi. Şkafını açdı, sənədlərin hamısını tökdü ortalığa və hər şeyi ətraflı izah etdi. Söhbətin sonunda məni “hörmətlə” yola salmaq istədiklərini anladım. Təbii ki, belə bir şey mümkün deyildi. Kişi buna o qədər sevindi ki, məni metronun girişinə qədər ötürdü, üstəlik, sağollaşanda bağrına basdı.

– Redaksiyamıza zəng vuran qadın ağlaya-ağlaya qızının ağır böyrək xəstəsi olduğunu deyirdi. Əməliyyat üçün isə xeyli pul lazım idi. Evlərinə yollanıb yataqda qızdırma içində yanan qızın solmuş üzünü görəndə başım gicəlləndi. Anası ağladı-danışdı, danışdı-ağladı. Gəlib təxminən birsəhifəlik yazı yazdım, onların əlaqə nömrələrini, bank hesabını göstərdim. 10 gün sonra həmin qadın zəng vurub xeyirxah insanların onlara kömək əli uzatdıqlarını və qızını İrana aparacağını dedi. Qayıdandan sonra da zəng vurdu, müalicə uğurlu alınmışdı. Qadının səmimi-qəlbdən, sidq-ürəkdən yüksək səslə dediyi “Allah sizdən razı olsun” cümləsi bu gün də qulağımda səslənir.

– Jurnalistlər gördük ki, yazı yazmamaq üçün hər oyundan çıxırlar. Razıdırlar, lap redaksiyada dəxli olmayan iş görsünlər, amma yazı yazmasınlar. Bu nə məntiqdir anlamaq olmur.

– Jurnalistikada da bəxti gətirən insanlar var. Belələri jurnalistikaya yemək ala bilmək üçün qazanc yeri kimi baxırlar.

– Ümumiyyətlə, jurnalistikamızda yemək sözü çox aktualdır. Məsələn, mövqeyini dəyişib deputat, holdinq rəhbərinə çevrilənlər, sifarişlə yazılar yazıb kompromat yayanları az görməmişik. Belələri də jurnalistikaya, sözün bəsit formasında, yemək mənbəyi kimi baxırlar. Onlar mükafat da alırlar. Bu yeməkdarları qoyuram kənara, məni sosial şəbəkədə onlara təbrik yazan, təbrik göndərən insanların düşüncəsi təəccübləndirir. İnandırım sizi, həmin yeməkdarlar hərdən vicdan əzabı çəkirdilərsə, bundan sonra o da olmayacaq. Çünki bu təbrikləri görəndən sonra daha böyük “mükafatlara” nail olmaq üçün “çalışacaqlar”…

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here