“Yekəxana, eqoist insanlar bu səbəbdən təhlükəsizlik kəməri taxmırlar”

0
451

Azərbaycanda yol-qəza hadisələri zamanı ölüm hallarının artmasında təhlükəsizlik kəmərlərindən istifadə etməməyin rolu nə qədərdir?
Demək olar ki, sərnişinlər də 90-95 faiz hallarda təhlükəsizlik kəmərindən istifadə etmirlər. Bu da qəzalarda ölüm hallarını artırmırmı?
Təhlükəsizlik kəmərinə qarşı olan bu allergiyanın səbəbi nədir?
İnsanlarımızı kütləvi şəkildə təhlükəsizlik kəmərindən istifadəyə yönləndirmək üçün nə edilməlidir?
Suallarımızı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova ünvanladıq.
“Bu sualınıza cavab vermək çətindir”
Sual 1: “Bu, çətin sualdır. Bilirsinizmi niyə? Çünki yol-nəqliyyat qəzalarında istintaq orqanları ümumiləşdirmə aparıb, təhlil aparıb ictimailəşdirmirlər. Qəzaların detalları ilə bağlı məlumat verilməlidir – avtomobil nə vəziyyətdə idi, sürücü bəlkə yorğun idi, kəmər bağlamışdımı – bəlkə heç kəməri yox idi? Ona görə də bu suala cavab vermək çətindir.
Ancaq ehtimalla demək olar, dünyanın hər yerində tədqiqatlar aparılır və bəlli olur ki, təhlükəsizlik kəməri yol-qəza hadisələrində ölüm hallarının təxminən 50 faizini önləyə bilir. Tutaq ki, yol-nəqliyyat hadisəsində hər hansı bir insan onsuz da xəsarət alacaq, amma kəmərlə 50 faiz aşağı dərəcəli xəsarət ala bilər. Deyək ki, 10 ölən insandan 3-ü yaralı kimi sağ qala bilər”.
“Qəza zamanı onlar yıxılırlar sürücülərin üzərinə”
Sual 2: “Digər problemlərdən biri də odur ki, avtomobillərdə sərnişinlərin heç biri kəmər bağlamır. Əslində bu məsələdə sərnişinləri də başa düşmək mümkün deyil. Məsələnin bir az təfərrüatına varsaq görərik ki, avtomobilin arxa oturacağında oturanlara kəmər daha çox lazımdır. Qabaqda əyləşən insan deyək ki, avtomobilin hansısa kontruksiyasına əl atıb tuta bilir, lakin arxada əyləşənlərin əllərini atıb tutacaqları heç nə yoxdur. Qəza zamanı onlar yıxılırlar sürücülərin üzərinə. Bizim istifadə etdiyimiz avtomobillərin kreslosu bir adama – onun ağırlığına, dinamik vəziyyətdə təsirlərinə hesablanıb. Təsəvvür edin, sürücü kreslosunda əyləşib, kəmərini də bağlayıb. Qəzaya düşən anda sürücü kreslonu da özü ilə bərabər çəkir, üstəgəl, arxadan 100 kiloqramlıq adam yıxılır onun üstünə. Bu vəziyyətdə həm sürücü, həm də sərnişin avtomobilin qabaq şüşəsindən çölə düşür. Bu, lap təhlükəlidir. Amma insanlarımız bunun fərqində deyillər”.
“Rəy verməlidirlər ki, kəmər taxılsaydı, filan sürücü ölməyə bilərdi”
Sual 3: “50 faiz insanların təhlükəsizlik kəmərindən istifadə etməməsinin səbəbi yekəxanalıqdır, eqoistlikdir. Bir xeyli insanlar anlamırlar ki, bu kəmər nə üçündür. Bir də məsuliyyətsizlik – bu cür adamlar elə başa düşürlər kəməri maşına ona görə qoyublar ki, adamı cərimələsinlər.
Siz müşahidə aparın – elə sürücülər var təhlükəsizlik kəmərinin uc hissəsini nəzərdə tutulan yerə əvvəlcədən taxılı saxlayırlar və yol polisi maşını yaxınlaşanda başlarını aşağı əyib boyunlarına keçirirlər. İnanın, həmin anda sürücü qəzaya düşsə, bərk tormoz versə, həmin kəmər onu lap pis günə qoyar, nəinki kəmərsiz vəziyyətdə”.
Sual 4: “Təbliğat çox önəmlidir. Məsələn, siz birinci sualı verdiniz, mən də dedim ki, dəqiq cavab verə bilmirəm. Ona görə ki, mənim işim deyil, mənim elə imkanım yoxdur bunu tam araşdırmağa. Səlahiyyətli dövlət orqanları konkret hər bir qəza hadisəsini araşdırmalıdır. Tutaq ki, 10 qəza hadisəsi ilə bağlı rəy verməlidirlər ki, kəmər taxılsaydı, filan sürücü ölməyə bilərdi, filan sürücünün başı partlamayacaqdı, uzaqbaşı qolu qırıla bilərdi. Belə tədqiqat aparıb ortaya nəticə qoysalar, insanlara təsir eləyər. Əsas təbliğatdır, başqa variant yoxdur”.
Ərşad müəllim bir neçə gün öncə Bakı-Sumqayıt yolunun kənarında 20-25 dəqiqə dayanıb təhlükəsizlik kəmərindən istifadə ilə bağlı müşahidələr apardığını da söylədi: “Vəziyyət əvvəlkindən yaxşıdır. Amma təbii ki, qənatbəxş deyil. Təxminən 10 sürücüdən 7-si kəməri bağlayır (70% pis deyil). Kəməri bağlı sərnişin görmədim, deməli, sərnişinlərin kəmərdən istifadəsi 0% ətrafındadır. Bu, biabırçılıqdır. Kəməri bağlamayan sürücülər isə əsasən bunlardır:
– bütün kateqoriyalardan olan avtobus sürücüləri – təxminən 20 sürücüdən biri kəmər bağlayır (uzağı 5%);
– taksi sürücüləri-hər 3 taksi sürücüsündən 2-si maşını kəmər bağlamadan sürür (kəmər taxanlar təxminən 35%);
– yük avtomobili sürücüləri – kiçik yük avtomobili sürcülərinin təxminən 70%-i kəməri bağlı sürür. İri, yəni 3,5 tondan ağır yük avtomobillərinin sürücüləri isə çox intizamsızdırlar: onların 10-dan birində kəmər görmək olar;
– paqonlu sürücülər (təxminən 7-8 paqonlu sürücü gördüm, cəmi ikisinin kəməri bağlı idi, hətta 1 nəfər paqonlu və kəmərsiz qadın da gördüm).
Kəmər taxmayan və hər hansı xüsusi əlaməti olmayan başqa sürücülər də az deyil. Maraqlısı odur ki, kifayət qədər bahalı avtomobilləri idarə edən və imkanlı şəxs görkəmi olanlar arasında da kəmərlə sürənlər çoxdur”.
Nicat İntiqam