“Yeganə təhlükə ABŞ-ın raket hücumundan müdafiə sistemidir”

486
“Rusiya üçün yeganə təhlükə ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemidir”. 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sputnik”, “Exo Moskvı” və “Qovorit Moskva” radiolarına müsahibəsində bildirib. S. Lavrov Çin tərəfindən Rusiya üçün heç bir təhlükə görmədiyini söyləyib: “Ümumiyyətlə Şərqdən heç bir təhlükə görmürəm. Bircə təhlükə mövcuddur, bu da ABŞ-ın hava hücumundan müdafiə sistemidir. Bu sistem ABŞ, Avropa və Şimal-Şərqi Asiya ərazisində yaradılır. Bu sistem Rusiya sərhədlərinin perimetrini möcüzəvi şəkildə əhatə edir”. Rusiya XİN başçısı Çin-Rusiya tərəfdaşlığının strateji xarakter daşıdığını da qeyd edib: “Bu tərəfdaşlıq beynəlxalq münasibətlərdə ən azından hansısa sabitliyə vacib töhfə verir”.

 

“Rusiya ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə hazırdır”

S. Lavrovun sözlərinə görə, Vaşinqton Rusiyaya təhlükəsizlik sahəsində əməkdaşlıq mexanizmlərinin qurulması ilə bağlı siqnal göndərir. Rəsmi təklif olsa, Moskva bununla razılaşacaq. “ABŞ-la problemə gəldikdə isə, bu problemləri danışıqlar vasitəsi ilə həll etmək lazımdır. Amerikalılar boş yerə bizə müxtəlif kanallar vasitəsi ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət mexanizmlərinin qurulması üçün rəsmi və qeyri-rəsmi siqnallar göndərmirlər. Biz ki, bu mexanizmləri dağıtmamışıq. Əgər onlar bu mexanizmlərin qurulmasında maraqlıdırlarsa, onda rəsmən təklif etsinlər. Yəqin ki, biz də razılaşarıq”, – deyə Rusiya XİN başçısı bildirib.

 

“Bu gün əsas düşmənimiz İŞİD-dir”

Rusiyanın dövlət rəsmisi onu da qeyd edib ki, onlar hazırda “İslam Dövləti”ni özünün əsas düşməni sayır. “Hesab edirəm ki, İŞİD bu gün bizim əsas düşmənimizdir. Bunun bir sadə səbəbi var. Yüzlərlə Rusiya vətəndaşı, yüzlərlə avropalı və amerikalılar, MDB ölkələrinin vətəndaşları İŞİD tərəfində döyüşürlər”, – deyə S. Lavrov bildirib. Onun sözlərinə görə, İŞİD-in tərkibində döyüşənlər artıq evlərinə qayıdırlar: “Onlar döyüşürlər, sonra isə istirahət edirlər. Əyləncə üçün bu pislikləri evlərində də edə bilərlər”.