Yeddinci super turnirinin təntənəli bağlanış mərasimi olub

563

Dekabrın 23-də Bakıda beynəlxalq qrossmeyster, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan yeddinci super turnirinin təntənəli bağlanış mərasimi olub.

Tədbirdə Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili turnirin əhəmiyyətini yüksək qiymətləndirib.

“Turnirdən çox zövq aldım. Ölkə mediasının da yarışa marağı böyük idi. Azərbaycan hökumətinə və təşkilatçılara turnirin keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Qalibin armagedonda müəyyənləşməsi turnirin həyəcanını daha da artırdı. Hər kəs qalib olmur. Bu turnirdə mənim dostum sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand iştirak etdi. Memorialda mükafatçılar sırasında yer almasa da, növbəti yarışlarda ona uğurlar arzu edirəm”, – deyə Z.Azmayparaşvili qeyd edib.

Hamını şahmat oynamağa dəvət edən Z.Azmayparaşvili iştirakçılara uğurlar arzulayıb.

Turnirin direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev altı gün ərzində təşkil olunan turnirin gərgin idman mübarizəsi və maraqlı partiyalarla yadda qaldığını deyib. Bildirib ki, “Vüqar Həşimov Memorialı-2021” ölkəmizdə ilin sonuncu irimiqyaslı idman yarışı kimi yaddaşlarda qalacaq. Turnir səmimi və mehriban şəraitdə keçdi. Buna görə iştirakçılara və hakimlərə təşəkkürümü bildirirəm.

Vüqar Həşimov Fondunun əsas məqsədinin görkəmli şahmatçının yaradıcılığını digər zəka sahiblərinə çatdırmaq və təbliğ etmək olduğunu diqqətə çatdıran A.Allahverdiyev deyib: “Digər məqsədimiz gənc idmançılara geniş imkanlar açmaq və uşaqları şahmata cəlb etməkdir. Mən Vüqarın şahmat karyerasının ilk addımlarında yanında olmuşam. Onunla birlikdə 15 il yarışlarda iştirak etmişik. Onun haqqında hər bir şeyi bilirəm. Turnir iştirakçılarının Vüqara olan münasibətini gördüm və duydum. Vüqar Həşimovun məzarını ziyarət edərkən kədəriniz və göz yaşlarınız ona olan böyük qiymətdir”.

Daha sonra turnirin baş hakimi Faiq Həsənov yarışın nəticələrini açıqlayıb.

Sonda Vüqarın atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov turnirin kubokunu ABŞ şahmatçısı Fabiano Karuanaya təqdim edib.

Qeyd edək ki, Bakıda təşkil olunan turnirdə hesablarında 24 xal olan macarıstanlı Riçard Rapport və ABŞ təmsilçisi Fabiano Karuana Armagedonda üz-üzə gəliblər. Görüşdən qalib ayrılan ABŞ şahmatçısı turnirin qalibi adına sahib olub. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə yarışı üçüncü pillədə başa vurub.

Turnirin iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

Yarışın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirən Qasım Həşimov hamını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb, turniri bağlı elan edib.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilib.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.