“Yazmaq, qurub-yaratmaq həvəsim məni qocalmağa qoymur”

112

 

Mingəçevirdə Mahir Musanı tanımayan az olar. O, seir yazmaqla yanaşı, gözəl qarmon da ifaçısıdır. Mahir Musanın qabiliyyəti bununla bitmir. O, həm təbiət vurğunudur. Belə ki, zəhməti ilə ərsəyə gətirdiyi yaşıllıqlar, güllər, çiçəklər, yetişdirdiyi meyvələr insana gəl-gəl deyir. Özünün dediyi kimi, ilhamı da təbiətdən gəlir.

Mahir Musa Mingəçevir sakinidir. Ailəsi ziyalı bir ailədir. Həyat yoldaşı , qızı, oğulları da ziyalıdırlar. Mahir Musa bizimlə söhbətində əvvəlcə onu vurğuladı ki, şeiriyyətə, ədəbiyyata təqaüdə çıxandan sonra başlayıb.

72 yaşlı Mahir Musanın bu yaxınlarda ”Poetik düşüncələr” adlı  kitabı da işıq üzü görüb. Amma  şeirləri çoxdur. Deyir imkan olsa, bir də ömür vəfa etsə, onları da çapa hazırlayacaq. Mahir Musa hər suala bir şeirlə cavab verir. Bu mənada onu qeyri-adi insan da adlandırmaq olar.  Bağında açılan gülləri də dərmir.  Deyir ki,  gülün yaraşığı onun üstündədir, insanın yaraşığı da onun əməlləridir:

Baxıram hər tərəf güllər, çiçəklər,

Xorla oxuyurlar xarı bülbüllər,

Nə qədər xoş olsa da mənə bu günlər,

Amma yenə də ötür, qısalır ömürdən illər”.

Mahir Musa elinə-obasına vurğun insandır. İstəyir  ki, onun yurdu-yuvası dünyanın diqqət mərkəzində olsun.

Ey dünyanın insanları, qocaları cavanları,

Görməsən də bu diyarı sözlərimi  eşit barı,

Odlar yurdum daha indi, müstəqildir neçə ildir,g

Gül, çiçəkdiR vətənimiz, kəndlərimiz, şəhərimiz.

Öz dilimiz, öz dinimiz, ürək açır musiqimiz,

qonaqpərvər millətimiz, sülhsevərdi niyyətimiz,

Qonaq gəlin ölkəmizə

İnanmayın yalan sözə,

işıq gəlsin gözünüzə”.

Onu da qeyd edək ki,72 yaşlı Mahir Musa yazarkən, oxuyarkən eynəkdən  istifadə etmir. Deyir ki, hələ mən qocalmamışam, yazmaq, qurub-yaratmaq həvəsim məni qocalmağa qoymur.

Esmira Hidayətova, Mingəçevir