Yazmaq eşqi tükənməyən sənətkar

466

Azərbaycanın Xalq artisti, professor, “Şöhrət” ordenli, əslən Lənkərandan olan, 1933-cü il, yanvar ayının 26-da Bakı şəhərində doğulan bəstəkar Musa Mirzəyev yaradıcılığının yetkin dövrünü yaşayan, yazıb-yaratmaq eşqi tükənməyən sənətkarlarımızdandır. O öz əsərləri ilə incəsənətimizin bugünkü simasını ləyaqətlə təcəssüm etdirən, başqa bəstəkarlarla çiyin-çiyinə sənət salnaməmizin canlı tarixini yaradan musiqiçi, milli bəstəkarlıq məktəbimizin parlaq nümayəndəsidir. Zəmanəmizin qüdrətli sənətkarı Qara Qarayevin yetişdirməsi olan Musa Mirzəyev öz böyük müəllimindən aldığı yaradıcılıq estafetini davam etdirərək, özünü geniş, hərtərəfli imkanlara malik əsl musiqiçi kimi tanıtmışdır. Azərbaycanın musiqi tarixinə Musa Mirzəyev artiq öz dəst-xəttini, bənzərsiz simasını tapmış, kəsərli sözünü demiş, öz yerini tutmuş bir bəstəkar kimi daxil olmuşdur.

 Musa Mirzəyevin çoxşaxəli yaradıcılığının bütün sahələri – monumental birinci sinfoniya, “Polifonik simfoniya”, poemalar, “Yeddi simfonik lövhə”, “Fanfarlı uvertüra”, “Lirik passakalya”, “Ballada” və “Alleqro” kimi əsərlərlə təmsil edilmiş orkestr musiqisində də, simli kvartet, trio, “Gənclik albomu”, “Sonata-kapriççio, skripka ilə fortepiano üçün pyeslər, “Lənkəran əfsanəsi”, mahnılar və s. əsərlərini aid etdiyimiz kamera yaradıcılığında da müəllifin püxtələşmiş, cilalanmış dəst-xəttinin sabit xüsusiyyətləri aşkar olur ki, bu da onun yüksək peşakarlığının təzahürüdür. Nə vaxt, yaradıcılığının hansı dövründə yazılmasından asılı olmayaraq, bu əsərlərin hamısının peşəkarlıq səviyyəsi demək olar ki, eyni dərəcədə yüksəkdir.

Musa Mirzəyev qələminin ən cəlbedici xüsusiyyətləri onun musiqisinin səmimiyyətində, emosional cəhətin üstünlüyündə və lirik-romantik təmayülündədir.

Musa Mirzəyev dəst-xəttinin maraqlı cəhətlərindən biri – klassik təfəkkür tərzi ilə romantizmin qovuşmasıdır. Bəstəkarın müraciət etdiyi janrlar içərisində məhz romantik bəstəkarların musiqisində intişar tapmış nümunələr daha çoxdur. Bəstəkarın əsərlərindəki aydın təfəkkür və ifadə tərzi, dəqiq ölçülüb – biçilmiş formalar əslində klassik ənənələrin təzahürüdür.

Sənətkarın fərdi dəst-xəttinin daha bir cəhəti-mövcud musiqi ifadə vasitələri-melodiya, harmoniya, fakturadan, milli lad-məqam xüsusiyyətlərindən böyük qənaətçiliklə istifadə etməsidir. Bu, onun musiqisinin “kasıblığı” deyil, əksinə, zənginliyini göstərən amildir, çünki məhz bu vasitələrdən minimal istifadə yolu ilə kompozisiya yaratmaq hər bir bəstəkardan yüksək sənətkarlıq tələb edir.

 Bəstəkarın musiqisinin yüksək bədii məziyyətlərini şərtləndirən amillərdən biri də onun orkestrləşmə sahəsində yüksək sənətkarlıq və incə zövq nümayiş etdirməsilə bağlıdır. Orkestr vasitələrindən istifadədə Musa Mirzəyev ustalıq, zərif “zərgər işi” nümayiş etdirir. Musa Mirzəyevin, demək olar ki, bütün ansambl və orkestr əsərlərinin partiturası elə yazılıb ki, heç bir alət bir anlıq belə diqqətdən kənarda qalmır. Odur ki, bu musiqinin ifası zamanı hər bir çalğıçı canlı yaradıcılıq prosesinin iştirakçısı olduğunu hiss edir…

Musa Mirzəyevin bütün ömrü boyu bir publisist kimi də geniş və səmərəli fəaliyyət göstərdiyini qeyd etmək istərdim… Onun dövri mətbuatda müntəzəm olaraq nəşr edilən məqalələri musiqi ilə bağlı ən geniş problemlərə toxunaraq, müəllifin zəngin dünyagörüşünü, incəsənət tarixi və nəzəriyyəsi sahəsində biliklərini, bir tənqidçi kimi musiqidə baş verən prosesləri düzgün qiymətləndirmə bacarığını, bir sözlə, burada da əsl peşəkarlıq nümayiş etdirir. Musa Mirzəyev nəinki qəzet səhifələrindəki çıxışlarında, həm də musiqisevərlərlə, müxbirlərlə söhbətlərində Azərbaycan bəstəkarlarının yaradıcılığı, bəstəkarlıq məktəbimizin tarixi və hər bir sənətkarı digərindən fərqləndirən cəhətlər barədə maraqlı mülahizələrini təqdim edir. O, həmkarlarının irsinin qorunub saxlanması üçün də cox işlər görüb. Bunların ən əhəmiyyətlisi iki görkəmli sənətkarın – Əfrasiyab Bədəlbəyli və Fikrət Əmirovun yaradıcılığı ilə bağlıdır. Hələ 80-cı illərin sonunda Musa Mirzəyev artıq dünyasını dəyişmiş Fikrət Əmirovun “Nizami” baletinin klavirini redaktə etmiş və musiqisini orkestrləşdirmişdi. Musa Mirzəyevin bu böyük işinə görkəmli bəstəkar Tofiq Quliyev öz münasibətini belə bildirirdi: “Musa Mirzəyev dahi müəllimi Qara Qarayevin yolunu şərəflə, ləyaqətlə davam etdirmiş, bu məktəbin adını həmişə uca tutaraq musiqi mədəniyyətimiz üçün faydalı işləri ilə onun adını yüksəltmişdir… Mən öz həmkarıma bütün musiqi ictimaiyyətimiz adından qüdrətli sənətkarımız, mərhum Fikrət Əmirovun başa çatdıra bilmədiyi “Nizami” baletinə yeni orkestr həyatı verməsinə görə bir daha dərin minnətdarlığımı bildirmək istərdim. Çünki bir bəstəkar kimi mən belə bir işin necə mürəkkəb və məsuliyyətli olduğunu yaxşı anlayır, məhz buna görə də Musa Mirzəyevin fədakar əməyini ürəkdən alqışlayıram”. Bundan başqa, Musa Mirzəyev 90-cı illərin sonunda ilk milli baletimizin yaradıcısı, görkəmli bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” əsəri üzərində redaktə işini yerinə yetirir. Baletin musiqisi Musa Mirzəyev tərəfindən simfonik orkestr üçün yenidən işlənir və aranjiman edilir, yeni partiturası yazılır. Məhz bu redaksiyada əsər 1999-cu ildə tamaşaya qoyulur.

 Musa Mirzəyev daim müasirliklə ayaqlaşan bəstəkardır. Ötən əsrin 60-cı illərindən geniş bəstəkarlıq fəaliyyəti göstərən bu musiqiçi qəribə bir müasirlik duyğusuna, zamanın nəbzini, həyatın ritmini tutmaq qabiliyyətinə malikdir. Onun 35-40 il bundan əvvəl bəstələdiyi əsərlər 21-ci əsrdə də sanki bu gün yazılmış musiqi təsirini bağışlayır.

 Milli musiqi mədəniyyətimizdə xidmətləri böyük olan Musa Mirzəyev bu gün də Azərbaycan musiqisinin inkişafı yolunda fədakarcasına çalışmaqdadır. Sənətkar bu gün yaradıcılıq ömrünün kamillik zirvəsindədir. O bu gün də 60-il bundan əvvəl olduğu kimi, yazıb-yaratmaq eşqilə yaşayır, böyük həyat təcrübəsi olan müdrik bir insan kimi fikir və düşüncələrini, yeni təəssüratlarını musiqi vasitəsilə bizə çatdırır. Bu gün də o, həyatı və yaradıcılığını sənət adamları ilə və musiqisevərlərlə ünsiyyətsiz təsəvvür edə bilməz. Bu gün də o, Azərbaycanın və xarici ölkələrin musiqi mədəniyyətində baş verən proseslər haqqında fikir və mülahizələrini mətbuat səhifələrində də, televiziya və radioda da öz həmkarları ilə və musiqisevərlərlə bölüşür, bütün bunlara sənətkar və vətəndaş kimi öz mövqeyini, münasibətini bildirir. Onun çoxşaxəli yaradıcılıq fəaliyyəti, sənət yolu davam edir. Azərbaycan  Bəstəkarlar İttifaqının bölgə üzrə Lənkəran təşkilatının sədri, gözəl sənətkara bu yolda uğurlar arzulayırıq…

          Zəminə Tariyelqızı

Lənkəran Dövlət Humanitar Kollecinin Musiqi şöbəsinin müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas-bəstəkar.