Yay vaya dönməsin…

498
Əsas olan diqqətdir. Bəzən diqqət və ehtiyatlı davranmaq bizim düşündüyümüzdəndə çox fayda verir…
Bu günlərdə paytaxt sakini Qafil Məmmədovun ailəsinin başına gələnlər bir çoxları üçün dərs olmalıdır. Belə ki, məsuliyyətsizlik ucbatından bu ailənin 3 övladı dənizdə boğuldu. Dənizdə 3 övladı boğulan dərdli ata Qafil Məmmədov gecə növbəsində işlədiyini deyib: “Həmişə uşaqları dənizə özüm gətirirdim. Amma həmin gün uşaqlar özləri dənizə gəliblər. Suya girən kimi dalğa aparıb”.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidməti açıqlama yayaraq bildirib ki, məlum hadisəyə valideyn nəzarətsizliyi səbəb olub. Belə ki, həmin uşaqlar axşam saatlarında valideynlərinin nəzarəti olmadan çimərliyə gediblər və nəticədə belə bir faciəli hadisə baş verib.

 

Nəzarətsiz qalan

uşaqları gözləyən faciə

Qurum vətəndaşlara müraciət edərək, onları su hövzələrində diqqətli olmağa, azyaşlı uşaqları nəzarətsiz buraxmamağa, qadağan olunmuş yerlərdə, ümumiyyətlə, çimməməyə çağırıb.

Yayda diqqət etməli olduğumuz məqam təkcə bundan ibarət deyil. Bunlardan bir neçəsinə diqqət edək: yay aylarında havaların isti keçməsi ilə əlaqədar əksər hallarda mənzillərdə pəncərələr açıq saxlanılır. Nəticədə, nəzarətsiz qalan uşaqların yıxılma ehtimalları artır.

Bundan başqa, istirahət məqsədi ilə regionlara üz tutan ailələrin uşaqlarının da nəzarətsizlik səbəbindən problem yaşama ehtimalı yüksəkdir. Halbuki bəzi hallarda başı istirahətə qarışan valideynlər diqqətsizlik edirlər…

Yay aylarının təhlükələrindən biri də ilan sancmasıdır. Hər il yay mövsümündə çoxlu sayda bu cür hadisə qeydə alınır. Bundan başqa, zəhərli əqrəblərin də sancmasından ölüm halları qeydə alınır.

Zəhərli ilan və əqrəb sancmaları xüsusən uşaqlar üçün təhlükəlidir. Bu mənada böyüklərin nəzarəti vacibdir. Bunun üçün gecələr açıq havada yatarkən ehtiyatlı olmalıyıq. Əqrəb və ilan yuvalarından uzaq durmaq lazımdır. Mütəxəssislərin fikrincə, əqrəb və ilan yuvaları ağac kötüklərində, qayalıqlarda daha çox olur. Odur ki, istər düşərgədə olarkən, istər piknik və ya çalışma zamanlarında təhlükəni nəzərə almaq vacibdir.

Mütəxəssislər bildirirlər ki, otluq və qamışlıq ərazilərdə uşaqlar qətiyyən tək buraxılmamalı, uşaqların yalın ayaqla gəzmələrinə icazə verilməməlidir.

Bildiyiniz kimi, uşaqlar bu məsələdə məlumatsız olduqlarından bilməyərəkdən əllərini heyvan və quş yuvalarına soxurlar.

Böyüklər də belə ərazilərdə gəzərkən ayaqqabı və ya çəkmə geyinməli, torpaqda yatmamalıdırlar.

 

Ağrı varsa, demək artıq sizin

qulağınıza infeksiya düşüb

Dağılmış tikililər, quyular, çatlaq torpaq sahələri, evlərdəki yük yerləri əqrəblərin ola biləcəyi yerlərdir. Bu yerlərə tez-tez diqqət edilməlidir. Əqrəblər ələ alınmamalıdır, çünki sanca bilər. Əqrəblərin ola biləcəyi yerlərdə əşyaları da ələ götürərkən diqqət edilməlidir. Məsələn, həmin yerdə bir xeyli qalmış ayaqqabını geymədən öncə içərisinə baxın.

Yox, əgər iş-işdən keçibsə, o zaman bunlara diqqət edin: “Əqrəbin və ya ilanın sancdığı yeri çalışın, hərəkətsiz saxlayın. Bu, zəhərin yayılmasını yavaşıdır. Sancılan yerin sabun və su ilə bolluca yuyulması lazımdır. Yaranın üstü təmiz bezlə örtülməlidir. Xəstə dərhal, vaxt itirilmədən ən yaxın tibb məntəqəsinə götürülməlidir”.

Yazımızın əvvəlində dənizdə çimənləri ehtiyatlı olmağa səslədik. Amma söhbət təkcə dəniz təhlükəsi ilə bitmir. Belə ki, hovuzda çimənlərin də özlərinə görə təhlükəsi var. Həkimlərin bildirdiyinə görə, çirkli hovuz suyu qulaq iltihabına səbəb olur. Mütəxəssislər təmiz hovuz suyuna girilməsinin və qulaqların sonradan islaq qalmamasının vacibliyini qeyd edirlər.

Əgər qulaq dəliyinin önündəki qığırdağa toxuna bilmirsinizsə, ağrı varsa, demək artıq sizin qulağınıza infeksiya düşüb.

 

Bəzən adi bir səbəbdən başlanan

mübahisə də faciə ilə bitir

Qışla müqayisədə yay mövsümündə isti havalarda tıxacda qalan sürücülərin əsəbi daha çox tarıma çəkilir. Odur ki, hər bir sürücü bu məqamlarda həssas davranmaqdan, mübahisələrdən çəkinməyi bacarmalıdır. Bəzən adi bir səbəbdən başlanan mübahisə də faciə ilə bitir…

Belə. Bu siyahını uzatmaq da olar. Əsas olan diqqətdir. Bəzən diqqət və ehtiyatlı davranmaq bizim düşündüyümüzdən də çox fayda verir…

NICAT İNTIQAM