“Yaxşını nümunə göstərirəm ki, pis də ona baxsın ibrət götürsün”

Alik Rzayev 1951-ci ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub.
 Əli Bayramlı (Şirvan şəhəri) pedoaqoji məktəbinin bədən tərbiyəsi şöbəsini fərqlənmə ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 38 ildir pedaqoji sahədə çalışır. Hazırda Şirvan 18 saylı təbiət və humanitar təmayüllü məktəb-liseydə müəllim işləyir. 1969-cu ildən dövri mətbuatda çıxış edir. Müxtəlif qəzetlərdə müxbir, redaktor müavini, redaktor, baş redaktor müavini vəzifələrində işləyib. Hazırda “Şərqin səsi” qəzetinin müxbiridir. Respublika Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin fəxri fərmanına, Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomuna və digər nüfuzlu mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Jurnalistika çətin peşədir. Günümüzdə ikinci plana keçsə də mətbuat sahəsi əxlaq qaydalarına həm də riayət etməyi tələb edir. Jurnalistika yazanların, yazmağı bacaranların, qabiliyyətli insanların sənətidir. Əsl jurnalist cəmiyyətin gözü, qulağı və dili olmalıdır. Xalqın eşitmədiyini eşitməli, görə bilmədiyini görməli və yazmalıdır. Ən əhəmiyyətlisi tərəfsiz, qələmini satmayacaq və qərəzsiz olmalıdır. Bu sahəyə illərini sərf edən, zəhmət çəkən jurnalistlərdən biri də Şirvan şəhər sakini Alik Rzayevdir. O, 1951-ci ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olub. Əli Bayramlı (Şirvan şəhəri) pedaqoji məktəbinin bədən tərbiyəsi şöbəsini fərqlənmə ilə bitirib. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib. 38 ildir pedaqoji sahədə çalışır. Hazırda Şirvan 18 saylı təbiət və humanitar təmayüllü məktəb-liseydə müəllim işləyir. 1969-cu ildən dövri mətbuatda çıxış edir. Müxtəlif qəzetlərdə müxbir, redaktor müavini, redaktor, baş redaktor müavini vəzifələrində işləyib. Hazırda “Şərqin səsi” qəzetinin müxbiridir. Respublika Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin fəxri fərmanına, Azərbaycan Jurnalistlər Birliyinin fəxri diplomuna və digər nüfuzlu mükafatlara layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

– Alik müəllim, jurnalistika xüsusi zəhmət tələb edən sahədir. Sizdə bu sahəyə maraq necə yaranıb?

– 1969-cu ildən dövri mətbuatda çalışıram. İlk addımlarımı Şirvanın yerli “İşıq” qəzetində atmışam. Sonralar respublika səviyyəsində çıxan qəzetlərdə – “Azərbaycan müəllimi”,” Azərbaycan gəncləri”, “İdman” qəzetlərində yazılarım çap olunub. Redaktor müavini, redaktorluq təcrübəm də var. Hazırda “Şərqin səsi” qəzetinin müxbiriyəm. Hələ orta məktəbdə oxuyanda, uşaqlıq illərində mənim qəzet oxumağa böyük həvəsim var idi. Qəzet köşklərindən o dövrdə çıxan qəzetləri alıb oxuyurdum. Demək olar ki, mütəmadi olaraq oxuyurdum. 1969-cu ildə “Zəka” adlı kiçik bir hekayə yazdım və “İşıq” qəzetinin şöbə müdiri Çingiz Ələkbərzadəyə göstərdim. Hekayəni oxuyandan sonra o: “Xoşuma gəldi, ancaq bədii cəhətdən zəifdir. Lakin hiss edirəm ki, səndə yazmaq qabiliyyəti var”,-deyib məni həvəsləndirdi. Səhərisi gündən etibarən məni buruqlara, müəssisələrə göndərdilər və məqalə yazmaq üçün istiqamətləndirdilər. Artıq 45 ilə yaxındır ki, ixtisasca jurnalist təhsilim olmasa da, bu sahədə addımlayıram. Təhsil, mədəniyyət, səhiyyə, milli-mənəvi dəyərlərimizə aid bütün sahələrdə yazılarım var. Mən həmişə təcrübəli jurnalistlərdən örnək götürmüşəm. Qəzetlərdə məqalələri oxuyanda həmişə ürəyimdən bir arzu keçirdi ki, görəsən nə vaxtsa mənim də yazılarım yayınlanacaq, oxunacaqmı. Bu arzu ilə yaşadım və məqsədimə çatdım. Jurnalist fəaliyyətimə ara verməmişəm, fasiləsiz işləmişəm. Hərbi xidmətdə olanda hərbi ilə, tələbəlik illərində isə universitetlə bağlı yazılarım çıxıb.

– Günümüzdə reket jurnalistlərin sayı çoxalıb. Bu sizi narahat edirmi?

– Əsl jurnalist obyektiv olmalıdır. Yazdığı yazının məlumatlarını toplayarkən mənbələrə əsaslanmalıdır. Yazdığı və  göstərdiyi faktları mənbələrlə əsaslandırmalıdır. Jurnalist ancaq ağ parçada qara ləkə axtarmamalıdır. Əldə olunan nailiyyətləri, uğurları, müvəffəqiyyətləri də görməlidir. Ancaq elə jurnalist var ki, gözü yaxşının yerinə xırda nöqsanı görməyə çalışır. Əsl jurnalist yaxşını da, pisi də özündə görməlidir. Özündə, əməlində nöqsanı görməyən insan gedib haradasa problem axtarırsa, bu, doğru deyil. Mən həmişə yazılarımla yaxşını təbliğ edirəm, yaxşını nümunə göstərirəm ki, pis də ona baxsın və ibrət dərsi götürsün. Mən həmişə bu ideyanı təbliğ etmişəm. Bu gün Azərbaycanda mətbuatın inkişafı üçün geniş imkan, şərait yaradılıb. Ancaq çox təəssüflər olsun ki, bundan sui-istifadə edən və öz şəxsi maddi mənfəətləri üçün istifadə etməyə çalışan jurnalistlər də var. Ona görə Mətbuat Şurası hər il reket qəzetlərin siyahısını çıxarıb şəhər və rayonların dövlət orqanlarına göndərir. Hamı belə dırnaqarası jurnalistlərə qarşı mübarizə aparmalıdır. Bunun üçün ictimai qınaq olmalıdr. Bu dırnaqarası jurnalistlərin mətbuat sahəsində yeri olmamalıdır. Bunlar həm jurnalistin, həm də jurnalistikanın adına xələl gətirirlər.

– Tənqid və nöqsanı yazarkən bəzi jurnalistlər təhqirə yol verirlər…

– Tənqid obyektivliyin aynasıdır. Tənqid olmasa, insan nöqsanlarını düzəldə bilməz və elə bilər ki, hər şey düzdür. Ancaq tərif olmamalıdır. Tənqid ancaq insanın gördüyü işində olan nöqsanına olmalıdır. Tənqid eləyəndə də, jurnalist öz prizması nöqteyi-nəzərindən o nöqsanın aradan qaldırılması yollarını da göstərməlidir. Jurnalist qərəzli mövqe tutmamalıdır. Ümumi işin inkişafı naminə tənqid olmalıdır. Tənqidin arxasında başqa niyyət durmamalıdır. Mən hesab edirəm ki, hər bir jurnalist öz əməyini obyektivcəsinə cəmiyyətimizin, dövlətimizin inkişafı naminə sərf etməlidir. Tənqid olmasa, insan nöqsanlarını düzəldə bilməz və elə bilər ki, hər şey düzdür.

– Alik müəllim, eşitdiyimizə görə pedaqoji sahədə də öz sözünüzü deyirsiniz?

– 40 ilə yaxındır pedaqoji sahədə çalışıram. Pedaqoji sahədə sıravi müəllim, təşkilatçı, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb direktoru, metodist vəzifələrində çalışmışam. Ali kateqoriyalı müəllim və ali kateqoriyalı metodist adına layıq görülmüşəm. Bu günə qədər 29 kitabın müəllifiyəm, 1 toplu, 3 almanaxın tərtibçisiyəm. Bundan başqa, 22 kitabın ön söz müəllifiyəm, redaktoruyam və bu kitabların işıq üzü görməsində zəhmətim və əməyim var. Tanınmış insanlar haqqında kitablar hazırlayıram. Haqqında yazdıqlarımın içərisində həkim, müəllim, inşaatçı, mühəndis, dövlət işçisi və müxtəlif peşə sənət sahibləri var. Qeyd edim ki, mənim kitablarımda Şirvanın inkişafında əməyi olan və öz sözünü deyən insanlar yer alırlar. Elə adamlar olub ki, görmüşəm ki, fitri istedadları var, ancaq nədənsə çəkinirlər. Həmin şəxsləri tapıb onların kitablarını çap etdirmişəm. İlk kitabım 1994-cü ildə Əli Bayramlının (indiki Şirvan) milli qəhrəmanları haqqındadır. Şirvandan başqa, yaxın regionlardan mənim yanıma gəlib kitab çap etdirmək üçün kömək istəyirlər. Mən onların kitablarını hazırlayıram, yığdırıram, redaktə və tərtib edirəm. Çap etdirib, gətirib həmin şəxslərə verirəm. Şeir, poeziya həvəskarlarına kitab çıxartmaqda həmişə kömək etmişəm. Mən vətənimə, dövlətimə sədaqətimi bu yolla bildirirəm və gördüyüm işlərlə sevgimi büruzə vermək istəyirəm. Şirvanda mənim üçün geniş imkanlar yaradıblar. Yubileylərimi keçiriblər. Bəzi kitablarımın təqdimatı keçirilib və şəhər rəhbəri Mərdan Camalov da tədbirdə iştirak edib. Bu isti münasibət, bu cür diqqət və qayğı məni həmişə ruhlandırıb. Bir növ mənə ikinci ürək verib. Nə qədər ki, Allah mənə ömür verib, ta ayağım tutub yeriyənə, əlim yazana, gözüm görənə qədər də bu həvəslə çalışacağam. Sizə dərin minnətdarlığımı bildirirəm. Mənimlə maraqlanmağınız, mənə göstərdiyiniz diqqət məni bir daha ruhlandırdı…

Babək Əsgər