Yaxın Şərqin sağalmayan yarası (5)

0
490
Mosulun türkmənlərdən təmizlənməsindən və oraya kürdlərin köçürülməsindən sonra da MOSSAD planı olan “Türkmənsiz İraq” planı və bu müstəvidə həyata keçirilən türkmən soyqırımları davam etdirildi. Bununla bağlı o dövrdə MOSSAD-ın yüksək səviyyəli rəsmilərindən biri demişdi: “Bizim məqsədimiz neftlə zəngin bölgələrin orada yaşayan türkmənlərdən təmizlənməsinə və onların yerinə bizə daha yaxın olan bölgədəki yeni müttəfiqimiz olacaq kürdlərin yerləşdirilməsinə nail olmaqdır. 
Türkmənlərin bölgədən digər yerlərə köç etməyə məcbur edilməsi bu ərazilərə Türkiyənin nəzarəti itirməsinə və İsrailə kürd amilindən istifadə edərək bölgədə hərbi, iqtisadi və strateji nəzarəti tam ələ keçirməyə, buranın zəngin neft yataqlarını özününküləşdirməyə imkan verəcək. Kürdlərə yardım bizə okeandan okeana qədər uzanacaq və Dəclə-Fərat çayları arası, həmçinin bəzi qonşu ölkələrin əraziləri hesabına “Böyük İsrail” dövləti planlarımızı həyata keçirməyə imkan verəcək”.

Bütün bunlar da türkmən soyqırımlarının arxasında İsrailin kürd amilindən istifadə etməklə İraqın zəngin neft ehtiyatlarını ələ keçirmək, mifik “Böyük İsrail “ dövlətinin qurulması niyyətlərinin dayandığı aydın hiss edilir. Yəni bu gün əslində İsrailin və beynəlxalq yəhudi lobbisinin  bölgədə Kürdüstan dövlətinin yaradılmasından məqsədi heç də kürdlərin dövləti olması istəmələrindən əmələ gəlmir. Sadəcə olaraq,kürdlər vasitəsi ilə bölgədə özlərinin möhkəmlənməsinə şərait yaradan İsrailə növbəti mərhələdə kürdlərin buradakı varlığına son qoymaq və onları digər ölkələrə köçə məcbur etməklə bu torpaqların hesabına “Böyük İsrail” niyyətlərini həyata keçirmək heç də çətin olmayacaq. Bunun üçünsə İsrailə hələ bir müddət Kürdüstan amilindən İrana və Türkiyəyə qarşı təzyiq və adı çəkilən hər iki dövlətin zəiflədilməsi, onların ərazilərində yaşayan kürdlərdən separatizmin körüklənməsi vasitəsi kimi istifadə ediləcək. Bir sözlə sionist planına əsasən,İran  və Türkiyə, o cümlədən İraq kürd amili vasitəsi ilə zəiflədilərək sıradan çıxarılmalı və onlardan İsrailə gələn təhlükə aradan qaldırılmalı və bununla da “Böyük İsrail” dövlətinin yaradılmasına zəmin hazırlanmalıdır.

Bu baxımdan İraqda türkmənlərə qarşı həyata keçirilən soyqırımların arxasında uzaqgedən çirkin niyyətlərin dayandığı ortadır. Buna uyğun olaraq da, İraqda türkmən soyqırımları davam etdirilir.

 

Türkmən soyqırımları davam edir

Mosulun türkmənlərdən təmizlənməsindən sonra kürdlər MOSSAD və MKİ xüsusi xidmət orqanları əməkdaşları tərəfindən türkmənlər yaşayan Yengicə kəndinə hücuma təhrik edildilər. Kürd silahlı dəstələri-peşmərgələr tərəfindən 2006-cı il mart ayının 10-da Yengicəyə edilən hücumda onlarla günahsız türkmən qətlə yetirildi, yüzlərlə insan doğma yurd-yuvalarını qoyaraq, dədə-baba torpaqlarını tərk etməyə məcbur oldular. Yenə də təəssüflər olsun ki, türkmənləri müdafiə etməli olan Türkiyə hökumətini idarə edənlər Yengicədəki türkmən soyqırımına biganə qalaraq,onu görməzliyə vurdular. Halbuki 75 il bundan əvvəl Türkiyə türkmənlər yaşayan ərazilərin İraqda qalmasına razılıq verərkən orada yaşayan türkmən varlığının qarantı kimi qalacağı və lazım gələcəyi təqdirdə,onları müdafiə edəcəyi barədə Böyük Britaniya ilə müvafiq anlaşma imzalamışdı.  Bu anlaşmaya əsasən,Türkiyə türkmənləri müdafə etmək üçün öhdəsinə düşənləri yerinə yetirməlidir. Ancaq Fələstində və digər yerlərdə yaşanan müsəlman soyqırımlarına qarşı etiraz səsini ucaldan və buna kəskin etiraz edən Türkiyəni idarə edənlər özlərini sanki türkmən soyqırımlarından xəbərsiz kimi aparırlar. Halbuki  türkmənlər yaşayan və neftlə zəngin olan bölgə tarixi türk torpaqları kimi tanınır və öz torpaqlarının altındakı zəngin neft yataqlarına sahib olmaq İsraildən və kürdlərdən daha çox Türkiyənin, türk xalqının haqqıdır. Türkiyəni idarə edənlərin İraqda türkmən soyqırımlarına biganə yanaşması nəticəsində isə MOSSAD tərəfindən şirnikləndirilən kürd silahlı quldur dəstələrinin azğınlıqları və türkmən qanına susamaları davam etməkdədir. Bu çərçivədə də kürdlər 2006-cı il iyun ayının 4-də Qaratəpə kəndində daha bir türkmən soyqırımına əl atdılar. Belə ki, peşmərgələrin  Qaratəpə kəndinə hücumu nəticəsində 150-dən artıq türkmən öldüruldü, sağ qalanlar isə kənddən qaçmağa məcbur oldular. Qaratəpəni talan edən kürdlər türkmənlərin yenidən bu torpaqlara qayıtmasının qabağını almaq üçün kənddəki evlərə od vuraraq yandırdılar. Amma bununla da kürdlər tərəfindən  türkmən soyqırımları dayandırılmadı. Belə ki, kürdlərin növbəti qurbanı yenidən Kərkük oldu. 2006-cı il iyun ayının 13-də Kərkükə hücum edən peşmərgələr-kürd silahlı quldur dəstələri orada yeni qırğınlar törətdilər.  Nəticədə yüzlərlə  türkmən peşmərgələr tərəfindən öldürüldü.

2007-ci il mart ayında kürd silahlı dəstələri 400 min nəfərin yaşadığı Telaferə hücum edərək,orada onlarla türkməni qətlə yetirdilər. Bununla bağlı bölgəyə dəfələrlə səfər edən 21-ci Yüz il Türkiyə İnstitutu rəhbəri,professor Ümid Özdağ Telaferdəki türkmən soyqırımları barədə yazır:  “Telaferə hücum edən kürdlər,əvvəlcə,onlara ərzaq yardımı göstərəcəkləri adı altında yüzlərlə türkməni bölgəyə gətirilən yük maşınının ətrafına topladılar. Sonra bu maşını partladaraq 13 nəfər sünni, 57 nəfər isə şiə türkməni qətlə yetirdilir. Bunun ardınca polis geyimində olan kürd peşmərgələr sünni türkmənlər yaşayan məhəllələrə hücum edərək,74 türkməni öldürdülər. 40 nəfər türkməni isə şəhərdən kənara apararaq güllələdilər”.

Budur,günümüzdə türkmənlərin yaşadıqları dəhşət dolu zülmlər. Yenə də qeyd edək ki, türkmənlərə münasibətdə kürdlər eyni ilə ermənilərin  türklərə qarşı həyata keçirdikləri qəddarlıqla  hərəkət edir, türkmənləri amansızcasına,  işgəncələrlə qətlə yetirirlər.

Kərkük soyqırımından təxminən 1 il sonra, 2007-ci il iyun ayının 8-də peşmərgələr bu dəfə israilli ağalarınının pərdə arxasından verdiyi göstərişlərə əsasən, türkmənlər yaşayan Tavuk kəndinə hücum etdilər. Hücum nəticəsində əli yalın, silahsız,  düşmənə hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan  onlarla dinc sakin öldürüldü. Yenə də Türkiyə və dünya ictimaiyyəti kürdlər tərəfindən həyata keçirilən türkmən qırğınlarını, etnik təmizləmələri görməzliyə vurdu. 2007-ci il iyul ayının 7-də kürdlər türkmənlər yaşayan Amirli kəndində daha bir soyqırımı törətdilər. Bu dəfə də onlarla dinc türkmən bu soyqırımının qurbanı oldu.

 

İŞİD tərəfindən yeni türkmən soyqırımları

Son illərdə kürdlər tərəfindən Mosul, Kərkük və türkmənlər yaşayan digər ərazilərdə həyata keçirilən türkmən soyqırımları bitmək bilmir.  İraq türkmənləri kürdlər tərəfindən həyata keçirilən soyqırımlarından xilas olmamış,indi də İraq Şam İslam dövləti ( İŞİD) adlı silahlı dəstələri tərəfindən soyqırımlarına məruz qalıblar. Bu ilin iyun ayında İŞİD dəstələrinin Telaferi ələ keçirməsindən sonra yüzlərlə türkmən qətlə yetirilib, minlərlə adam isə doğma yurd-yuvalarını tərk etməyə məcbur olub. İŞİD-çilər hazırda türkmənlər yaşayan ərazilərə, demək olar, nəzarət edirlər. Hər gün oradan çoxlu sayda türkmənin vəhşicəsinə öldürülməsi barədə xəbərlər gəlir.

Bunu  ötən həftə ( 7 avqust) APA-ya açıqlamasında Kərkük İnformasiya Agentliyinin və “Türkmeneli TV”nin Türkiyə təmsilçisi, İraq Türkmən Cəbhəsinə daxil olan Türkməneli Partiyasının siyasi müşaviri Ersan Sarıkahyanın dedikləri də sübut edir . Ersan Sarıkahya:

“Türkmənlərin yaşadıqları Tuzhurmatı şəhəri İraq Şam İslam Dövləti tərəfındən(İŞİD) bombalanmaqda, hücuma məruz qalmaqdadır. Mən Kərkükdən Türkiyəyə iki gün əvvəl dönmüşəm, oradakı türkmənlərlə də hər gün əlaqə saxlayıram, Tuzhurmatıda hazırda vəziyyət çox ağırdır. Sincardan Şimali İraq Kürd Muxtariyyətinin hərbi qüvvələri – kürd peşmərgələri çəkildikdən sonra bölgə tamamilə İŞİD-in təhdidi ilə üzləşib. Sincarda türkmənlərlə bərabər, yezidilər də ciddi zərər gördülər”- deyib.

E. Sarıkahya sünni ərəb yaşayış məntəqələri ilə əhatə olunmuş, 100 min türkmənin yaşadığı Əmirli şəhərində də vəziyyətin ağır olduğunu bildirib: “Hazırda ən çətin durumla əhalisi 100 min türkməndən ibarət olan Əmirli şəhəri üzləşib. Mühasirədə olan şəhəri yalnız 30 min türkmən tərk edib, 70 min türkmən tam mühasirədədir. Son 3 gündə şəhər İŞİD tərəfindən bombalanır, hücuma məruz qalır, ən ağır günlərini yaşayır. Mühasirə vəziyyətində olan Əmirlidə hər an 70 min türkmən qətliamla üzləşə bilər.  Təəssüf ki, İraq mərkəzi hökuməti, ordusu yalnız durumu izləməkdə, seyrçi mövqedədir”.

E. Sarıkahya İŞİD-in ələ keçirdiyi bölgələrdə arvad və qız bazarı yaratdığını da nəzərə çatdırıb. Onun sözlərinə görə, İŞİD-in nəzarətində olan Telafer və digər türkmən bölgələrində türkmən ailələrdən qızlar və qadınlar alınaraq bazara çıxarılır: “İŞİD qız və qadınlarımızı bazarda satır. Artıq danışılacaq bir şey qalmayıb”.

Onu da deyək ki, İraq türkmənlərinin özlərini müdafiə edə bilməmələrinə səbəb isə onların, əvvəlcə,Türkiyənin yardımlarına ümid etmələri və bu müstəvidə də silahlanmayaraq özlərini müdafiə etməmələridir. Son vaxtlar onlar bu səhvləri aradan qaldıraraq silahlanmağa başlayıblar. Ancaq kürdlərlə müqayisədə türkmənlərə silah və hərbi sursatla yardım edən yoxdur. Bu da onların özlərini tam şəkildə müdaifə etməsinə imkan vermir.

Bir sözlə,İraqda türkmən soyqırımları davam edir və onun nə vaxt dayanacağını söyləmək çətindir. Bu faciənin günahkarları isə,təbii ki,  soyqırımlarına biganə qalan beynəlxalq təşkilatlardır…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here