Yaxın Şərqin sağalmayan yarası (4)

429

 

Bərzani və təlabaniçilərlə Səddam rejimi arasında düşmən münasibətlərin olmasına baxmayaraq, türkmən soyqırmına münasibətdə onların birgə hərəkət etmələri sonrakı illərdə də davam etməkdə idi. Bu baxımdan 1991-ci il mart ayının 28-də Altınkörpüdə qondarma iddialarla 1000 -nəfərə yaxın İraq türkməni yerli kürdlər və Səddam Hüseyn gücləri tərəfindən qətlə yetirildi. Qətlə yetirilənlərin əksəriyyəti uşaqlar, qocalar və qadınlar idilər.

 

Ərbil türkmənlərdən təmizlənir

ABŞ-ın İraqa hücumundan sonra İraq türkmənlərinə Səddam və Bərzani gücləri tərəfindən həyata keçirilən soyqırımları müəyyən qədər azaldı. Bununla belə, ABŞ-ın İraqa qarşı həyata keçirdiyi təcavüzdən sonra Səddamın ölkənin şimal hissəsi üzərinə nəzarəti itirməsi Bərzani və Təlabaniyə məxsus terrorçu dəstələrin azğınlıqlarının və özbaşınalıqlarının artmasına gətirib çıxardı. Adını kürd liderləri qoyan, əslində isə bölgədə İsrail oyuncağı kimi çıxış edən Bərzani və digərləri hələ ötən əsrin 20-30-cu illərində həyata keçirilən türkmən soyqırımlarını daha da genişləndirməyə başladılar. Məqsəd İraq türkmənlərinin yaşadıqları və neftlə zəngin olan ərazilərdən türkmənlərin çıxarılması və onların yerində kürdlərin yerləşdirilməsi idi. Bu müstəvidə də Təlabani və Bərzani gücləri PKK terrorçuları ilə birgə 1996-cı il avqust ayının 31-də Ərbildə türkmənlərin kütləvi şəkildə soyqırımlarına baş vurdular. Bir neçə günün içində Ərbildə 500 nəfərdən artıq İraq türkməni qətl edildi. Sağ qalan türkmənlər isə Ərbildəki doğma yurd-yuvalarını, evlərini qoyaraq bölgəni tərk etməyə məcbur oldular. Ərbili tərk etməyə məcbur olan türkmənlərin yerlərinə isə dərhal kürdlər köçürüldülər. Ərbildə türkmənlərə qarşı həyata keçirdikləri soyqırımlarından istifadə edən PKK və onların dəstəkçiləri olan Bərzani, Təlabani gücləri millətçi ovqatda köklənən yerli kürdlərlə birlikdə Ərbil ətrafındakı türkmən kəndlərinə də hücum, edərək kəndləri talamağa, evləri yandırmağa və türkmən əhalini qətlə yetirməyə başladılar. Heç yerdən kömək almayan türkmənlər kürd zülmlərindən qaçaraq digər ərazilərə sığınmağa məcbur oldular. Türkmənlərdən boşalan ərazilərə isə yenidən kürdlər köçürüldülər. Beləliklə, qısa müddətdə Ərbil və ətrafı türkmən əhalidən təmizləndi. Bununla da Ərbil və ətrafının kürdləşdirilməsi prosesi başa çatdı. Təxmini hesablamalara görə, kürdlər tərəfindən həyata keçirilən türkmən soyqırımları nəticəsində Ərbil və ətrafında 10 min nəfərə yaxın türkmən qətlə yetirildi. Təxminən 250-300 min nəfər tükmən isə Ərbil və ətrafındakı dədə-baba torpaqlarını tərk etməyə məcbur oldu.

 

İraqın işğalı və yeni türkmən soyqırımları

2003-cü ildə ABŞ-ın qondarma iddialarla İraqı tamamilə işğal etməsi İraq türkmənlərinin yeni faciələr yaşamasına gətirib çıxardı. Belə ki, İraqın işğal edilməsi və Səddam Hüseyn rejiminin devrilməsi İsrailin MOSSAD və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin bölgədə ağalıq etmələrinə və PKK ilə sıx əlaqədə olan millətçi ovqatlı kürd quldur dəstələri üzərində nəzarəti tam şəkildə ələ almağa imkan verdi.

Məhz MOSSAD və MKİ İsrail planı olan İraqın parçalanması və onun yerində sünni, şiə və kürd dövlətlərinin yaradılması planını həyata keçirməyə başladılar. Bu məqsədlə də olduqca məxfi şəkildə bir necə dəfə Bərzaninin İsrailə səfərləri təşkil edildi. Bəzi ehtimallara görə, İsrail xüsusi xidmət orqanları Bərzaniyə türkmənlər yaşayan və neftlə zəngin olan ərazilər üzərində nəzarəti ələ almaq barədə göstəriş vermiş, bu ərazilərdən türkmənlərin köçürülməsinin daha məqsədəuyğun olduğunu onun nəzərinə çatdırmışlar. Bu ehtimalların nə qədər həqiqətə uyğun olub-olmadığını söyləmək çətin olsa da, ortada onun doğru ola bilməsini sübut edə biləcək bəzi faktorlar var. Belə ki, məhz Bərzaninin İsraildə keçirdiyi gizli görüşlərdən az sonra türkmənlərə qarşı millətçi və terrorçu kürd quldur dəstələri tərəfindən yeni təzyiqlər dalğası başlandı. Bu çərçivədə də 2003-cü il avqustun 22-də başı – min bəlalar çəkən Tazehurmatu da PKK ilə əlbir olan kürd quldur dəstələri, o cümlədən Bərzani və Təlabani gücləri tərəfindən yeni soyqırımlarına baş vuruldu. Bir neçə gün içində kürdlər tərəfindən Tazehurmatuda onlarla türkmən qətlə yetirildi, onların evləri talan edildi, sonra isə od vuruldu. Tazehurmatunu tərk etməyə məcbur olan türkmənlərin bir qismi qonşu bölgələrə qaçmağa məcbur oldular. Tazehurmatudan sonra kürd quldur dəstələri bu dəfə türkmənlərin sıx yaşadıqları Telaferə hücum etdilər. 2004-cü il sentyabr ayının 9-da baş verən Telafer soyqırımında 100-dən artıq türkmən qətlə yetirildi və əhalinin bir hissəsi qırğınlardan qaçaraq qonşu bölgələrə sığınmağa məcbur oldular. Amma həmin vaxt PKK tərəfdən Bərzani və kürd quldur dəstələri Telafer və ətrafından türkmənlərin qovulub çıxarılmasına nail ola bilmədilər. Amma Telaferin türkmənlərdən təmizlənməsi məsələsi gündəmdən çıxarılmamışdı. PKK terrorçuları ilə əlbir olan kürd dəstələri yenidən oraya hücum etmək üçün bəhanə axtarırdılar. Telaferə PKK terrorçuları ilə əlbir olan kürd dəstələrinin birinci hücumundan təxminən 4 ay sonra, 2005-ci il fevral ayının 21-də MOSSAD və MKİ tərəfindən istiqamətləndirilən Bərzani gücləri və onların tərəfdarları yenidən oraya hücum etdilər. Bu dəfə kürdlər tərəfindən Telaferdə daha dəhşətli qırğınlara əl atıldı. Ancaq Türkiyəni idarə edənlərin ölkə daxilində narazılığın artmasından ehtiyat edərək. Bərzani güclərinə etiraz etməyə məcbur olmasından sonra Telaferdəki türkmən soyqırımları dayandırıldı.

 

MOSSAD planları

Həmin dövrdə İsrail xüsusi xidmət orqanları təcili şəkildə Şimali İraq kürdlərinin silahlı dəstələrindən ( peşmərgələr) mütəşəkkil ordu hazırlamaqla məşğul idilər. Bu məqsədlə kürdlər arasından yüzlərlə gənc gizli şəkildə İsrailə aparılaraq oradakı 6 aylıq və birillik hərbi kurslarda oxuyur və geriyə qayıdandan sonra onları, belə demək mümkünsə “kürd ordusu”nda zabit vəzifələrinə təyin edirdilər. İsrail xüsusi xidmət orqanlarının-MOSSAD-ın tam nəzarəti altında yaradılan “ordu” əslində sionistlərin bölgədəki maraqlarını təmin etməli və yeri gələndə İsraildən aldıqları əmr əsasında hərəkət etməli idilər. Eyni zamanda yeni yaradılan 80-100 minlik “kürd ordusu”nda 8-10 min nəfər İsraildən olan və MOSSAD tərəfindən xüsusi təlim görmüş hərbi mütəxəssisin olduğu ehtimal edilir. Bu gün İraqda baş verən təxribatların, o cümlədən çoxsaylı terrorların, sünni-şiə qarşıdurmalarının məhz MOSSAD-da xüsusi təlim görən və sionist təbliğatının tam təsiri altında olan kürdlər tərəfindən körükləndiyi güman edilir. Bu baxımdan qeyd etdiyimiz kimi, bölgədəki türkmənlərə qarşı həyata keçirilən soyqırımlarının da arxasında MOSSAD-ın, eyni zamanda MKİ-nin dayandığı istisna edilmir. Təsadüfi deyil ki, məhz İraqın ABŞ tərəfindən işğal edilməsindən sonra İraq türkmənlərinə qarşı soyqırımları daha geniş və kütləvi hal aldı. Telaferdə MOSSAD tərəfindən istiqamətləndirilən və onun göstərişi ilə hərəkət edən kürd silahlı dəstələri istədiklərinə nail ola bilməyəndən sonra bu dəfə əsas hədəf kimi Mosul türkmənlərini seçdilər. 2005-ci il sentyabr ayının 24-də Bərzani və PKK tərəfdarı silahlı quldur dəstələri Mosula hücum etdilər. Aralarında İsrail xüsusi xidmət orqanları, həmçinin ermənilərin də olduğu ehtimal edilən kürd silahlı dəstələri Mosulda yüzlərlə türkməni qətlə yetirdilər. Mosul türkmənlərinin bir hissəsi isə qırğından qurtarmaq üçün evlərini tərk etməyə məcbur oldu. Bununla da Mosulun türkmənlərdən təmizlənməsi və oraya kürdlərin köçürülməsi ilə bağlı planın birinci hissəsi həyata keçirilmiş oldu.  Əziz Mustafa