Yaxın Şərqin sağalmayan yarası (2)

550
İraqdakı türkmənlərə qarşı soyqırımlarının öncədən hazırlanmış xüsusi ssenarilər əsasında həyata keçirildiyini faktlar da sübut etməkdədir. Bu müstəvidə də İraq türkmənlərinin soyqırımı ilə bağlı faktlar araşdırılarkən bir çox qaranlıq məqamlara aydınlıq gətirilib. Məlum olub ki, İraq türkmənlərinə qarşı həyata keçirilən soyqırımlarında İraqdakı kürdlər və ölkəni idarə edən ərəb əsilli rəhbərlər iş birliyində olublar. 
Məsələn, 1958-ci ildə İraqın qatı ərəb millətçisi və millətçi ərəb liderlərindən biri olan ordu generalı Nazim Tabakçalı əhalisi türk ( türkmən) olan Kərkükdə kürdlərin yerli ərəblərlə birləşərək türkmənləri qətlə yetirdiklərini bildirmişdi. Bununla bağlı Tabakçalı xüsusi bir hesabat( raport) hazırlayaraq ölkəni idarə edən general Qasıma təqdim etdi. Hesabatda deyilir: “Kərkükdə yaşayanlar kürd əsilli deyillər. Bu şəhər bir kürd şəhəri də deyil. Amma kürdlər Kərkükü nəzarət altına almağa çalışaraq, bəzi yerli millətçi ərəblərlə əl-ələ verərək bölgənin əhalisinin  çoxunu təşkil edən türkmənlərə qarşı təzyiqlərə, qətllərə baş vururlar. Onların məqsədi Kərkük türklərinin yaşadıqları ərazilərdəki zəngin neft yataqlarını nəzarət altına almaqdır. Bu neft yataqları İraqın milli gəlirlərinin böyük hissəsini təşkil edir. Əhalisinin böyük hissəsini türklər təşkil edən Kərkükdə bir kürd təhsil mərkəzi qurmaq və ona sədrliyi də kürdə tapşırmaq mənasız bir hərəkətdir. Bunun arxasında bölgənin kürdləşdirilməsi niyyətləri dayanır. Sizə daha öncə də göndərdiyim hesabatı bir daha, zəhmət olmasa, nəzərdən keçirin. Çünki kürdlərin əhalinin böyük hissəsini təşkil edən türkmənlərə qarşı Kərkükdə zorakılıqları davam edir.  Onların məqsədi Kərkükü kürdləşdirmək və oranı Kürdüstana daxil etməkdir. Kərkük kürdləşsə, bura mərkəzi hakimiyyətin və ölkədə çoxluq təşkil edən ərəblərin də əlindən çıxacaq. Buna yol verməmək üçün sizdən dərhal təsirli tədbirlər həyata keçirməyinizi xahiş edirəm”.

 

Türkmən qətllərinə göz yumuldu

Amma hadisələrin  gedişi göstərir ki, o dövrdə İraqı idarə edənlər general Tabakçalının bu raportuna ya fikir verməyib, ya da  türkmənlərə münasibətdə pərdə arxasından kürdlərlə birgə hərəkət ediblər. Bunu generalın raportundan sonra kürdlərin Kərkük türkmənlərinə münasibətdə təzyiqlərinin daha da artması və onlara qarşı kütləvi qətllərə əl atılması da sübut edir. Belə ki, 1959-cu ildə kürdlər Kərkükün türkmən əhalisini doğma dədə-baba torpaqlarından didərgin salmaq üçün onlara qarşı təzyiqləri  ən yüksək həddə çatdırmışdılar. Kürd silahlı dəstələri Kərkükün türkmən əhalisinə qarşı təhqirlərə, təhdidlərə əl atır, onları evlərindən qovmaq üçün evlərinə od vurulur, dinc əhaliyə qarşı qətllərə əl atırdılar. Demək olar, peşmərgə adlanan kürd terrorçu dəstələri hər gün müxtəlif bəhanələrlə türkmənləri həbs edir, sonra da onları şəhərin kənarına apararaq güllələyirdilər. Kürd terrorçu dəstələrinə komandanlıq edərək, özünü Kürdüstanın rəhbəri adlandıran liderlərin göstərişi ilə 1959-cu ildə yüzlərlə türkmən qətlə yetirildi.  Tələbaninin, həmçinin özünü kürd lideri adlandıran Bərzaninin birbaşa göstərişi ilə, ilk növbədə, türkmənlərin tanınmış siyasi xadimlərini, ziyalıları həbs edərək güllələyirdilər. Bundan məqsəd türkmənlərin savadlı, ziyalı təbəqəsini məhv edərək onları başsız qoymaq idi. Belə bir vəziyyətdə İraq ordusunun Kərkükdəki hərbi diviziyası komandanının müavini, türkmən əsilli polkovnik  Abullah Abrulrahman general Qasımla görüşərək, onu türkmənlərə qarşı həyata keçirilən soyqırımının mərkəzi hakimiyyətin əleyhinə çevrildiyinə inandıra bildi. Yalnız bundan sonra general Qasım türkmənlərə qarşı kürdlər tərəfindən həyata keçirilən soyqırımına son qoyulması üçün müvafiq addımlar atmaq üçün hərəkətə keçdi. Nəticədə müvəqqəti də olsa kürdlər tərəfindən türkmənlərə qarşı həyata keçirilən soyqırımının qarşısı alındı.

Yeri gəlmişkən, onu da deyək ki, türkmən əsilli polkovnik Abullah Abrulrahmanın sonrakı taleyi faciəli oldu. Belə ki, istefaya çıxdıqdan sonra Abullah Abrulrahman Türkmən Qaradaşlıq Ocağının rəhbəri oldu. Səddam dönəmində 1980-ci il yanvar ayının 16-da  65 yaşında ikən tanınmış türkmən ziyalıları Doç. Dr. Necdet Koçak, Dr. Rıza Demirci və iş adamı Adil Şerif ilə birlikdə edam edildilər.

 

Türkmən qətlləri Qərb mətbuatında

İraq türkmənlərinə qarşı həyata keçirilən soyqırımları həmin dövrdə  beynəlxalq aləmdə də izlənilirdi. Bunu o dövrdə İraq türkmənlərinin məruz qaldıqları soyqırımı ilə bağlı dünya mətbuatında gedən yazılar da sübut edir. Məsələn, 1959-cu il iyun ayının 21-də “The New York Times” qəzeti Kərkükdə kürdlər tərəfindən həyata keçirilən soyqırımı, qətllər və zorakılıqlar barədə belə yazırdı: “Bağdadın 150 mil şimalında yerləşən və türkmənlər tərəfindən idarə edilən Kərkükə hücum edən kürd silahlı dəstələri mülki vətəndaşlarla və Kommunist Partiyası ( oxu PKK) üzvləri ilə birgə silahsız türkmənləri kütləvi şəkildə qətlə yetirməyə başladılar. Onlar türkmənlərin liderlərini, tanınmış ziyalılarını həbs edərək güllələdilər. Amma kürd silahlı dəstələrinin vəhşiliyi bununla bitmədi, onlar türkmən  uşaqları küçələrə çıxararaq, ana və atalarının gözləri qarşısında güllələyir və bundan sonra vəhşicəsinə bayram edirdilər.  Bərzani və Tələbanı həmin dövrdə kürd silahlı quldur dəstələrinə göstəriş vermişdilər ki, Kərkükdə bir nəfər türkmən qalana kimi qətlləri davam etdirsinlər. Göstərişdə deyilirdi ki, neftlə zəngin Kərkük kürdlərin olmalıdır və biz bu əraziləri nəinki türkmənlərdən, həm də gələcəkdə ərəblərdən təmizləyəcəyik. Onların bu göstərişi isə minlərlə türkmənin, günahsız uşaq və körpənin həyatı bahasına başa gəldi. Yeri gəlmişkən, qeyd edək ki, o dövrdə türkmən soyqırımına göstəriş verənlərdən və rəhbərlik edənlərdən biri Cəlal Tələbanı hazırda İraq Prezidentidir.

 

Xarici ssenari

Ötən əsrin 50-ci illərindən başlayaraq, İraq türkmənlərinə qarşı kürdlər tərəfindən həyata keçirilən soyqırımlarının xaricdə, o cümlədən İsraildə hazırlandığı barədə Türkiyə mətbuatında çoxsaylı yazılar gedib. Bu da əsassız deyil. İş orasındadır ki, kürd liderlərinin  bəzilərinin, o cümlədən Bərzanilər ailəsinin yəhudi kürdü olması məlumdur. Məsələyə aydınlıq gətirmək üçün deyək ki, 1170-ci ildə İraqın şimalında indiki Kürdüstan ərazisində yaşayan yəhudilər özlərini müsəlmanlardan gələ biləcək təhlükədən sığortalamaq, eyni zamanda müsəlmanlar arasına təfriqə salmaq üçün kütləvi şəkildə müsəlmanlığı qəbul etdilər. Onlar 860-870 il ərzində özlərini zahirən müsəlman kimi göstərdilər, daxilən isə yəhudi olaraq qaldılar. Gizlində iudaizmin bütün qanun-qaydalarına əməl etdilər. Eyni zamanda ətrafda yaşayan kürdlərin bütün adət-ənənələrinə uyğun hərəkət edərək onlardan, demək olar, fərqlənmədilər. Yalnız İsrail dövləti qurulanda onlar özlərinin kim olduqlarını büruzə verdilər.

Şimali İraqdan olan kürd yəhudisi, ABŞ-da yaşayan tanınmış professor Yona Sabar araşdırmalar nəticəsində Bərzanilər ailəsinin köklərinin XVI əsrdə yaşayan haham Samuel Bərzaniyə gedib çıxdığını müəyyən edib. O, Bərzanilər ailəsinə məxsus insanların Mosul, Kərkük və Ərbil ətrafında kürdlər arasında böyük təsirə malik olduğunu yazıb. Bununla bağlı tarixçi alim Erich Brauer yazır: “İslamı qəbul edən yəhudilərdən Mosul bölgəsində yaşayan aşirət rəisi Şeyx Ahmet Bərzani, haham Natanel Bərzanidən və onun oğlundan islamı qəbul etməsini istədi. Amma Haham Natanel Ahmet Bərzaninin təklifini qəbul etmədi və bundansa ölümü üstün tutduğunu söylədi. Haham Natanel Halevi Bərzaninin qəbri Şimali İraqdakı Barzan şəhərindədir. Onun qəbri kürd yəhudilər üçün müqəddəs hesab edilir”. (Erich Brauer, Editor; Raphael Patai, The Jews of Kurdistan, Wayne State University Press, 1993, p. 296)

Bütün bunlar isə İraq türkmənlərinin soyqırımının bölgədəki əlaltıları vasitəsilə İsraildən həyata keçirildiyini söyləməyə imkan verir.

Əziz Mustafa