Yaşıllıqlar bizi qara gündən xilas etmək üçündür…

720
Xaricdən palma və digər ağacları gətirib əkənləri ki, ondansa, bizim təbiətimizə xas olan çinar ağaclarını əksinlər. Şəkidəki xan çinarın 600-700 il yaşı var. Görün nə boydadır? Havanı təmizləyir, oksigenlə təmin edir. İnsanlar onun kölgəliyində oturub istirahət edirlər. Yaratdığı nəmişlik doğrudan da insana ləzzət verir.
Hamımız xəstəliklərdən, səhhətimizdə tez-tez problem yaranmasından şikayətlənirik. Çıxış yolunu isə iş-işdən keçəndən sonra aptekə üz tutub dərman almaqda görürük. Halbuki, bir vaxtlar nə bu qədər dərman var idi, nə də bu qədər aptek. Qəribədir ki, apteklərin, dərmanların sayı artdığı kimi, xəstələrin də sayı artır. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovla həm bu, həm də digər mövzularda söhbət etdik. Telman müəllim dedi ki, biz dərmanlara bu qədər bağlanmaqdansa, sağlam həyat tərzi sürməli, təbii qidalara üstünlük verməli və çıxış yolunu da məhz bunda axtarmalıyıq. Müsahibimiz digər mövzularda da insanlarımızın maariflənməsini istəyir. Hesab edir ki, cəmiyyətimizdə yaşanan bir çox problemlərin kökündə məhz bizim maariflənməməyimiz durur. Onunla söhbətimizin əsas məqamlarını oxucularımızın diqqətinə çatdırırıq;

– Fikir verin, Azərbaycanda, elə Bakımızda bu qədər apteklərin olmasına nə ehtiyac var? Yaşıllıqların sahəsinin artırılmasına əhəmiyyət verilməlidir. Yaşıllıqlar insan orqanizmində immun sistemini gücləndirir, xəstəlikləri, mənfi enerjini məhv edir. Bax, buna diqqət etmək lazımdır. Hər hansı bir çinar ağacı sutkada 30 milliqram fitatit elementi yayır atmosferə. Bu da ki, atmosferdə olan qrip və digər epidemiyaları məhv edir. Şam, qovaq ağacları da həmçinin. Biz onları nəzərə almalıyıq.

– Çin və Yaponiyada müalicələr məhz otlarla aparılır. Çox böyük effekti var. Bir fikir var: min dərd varsa, minbir dərman var. Məhz 1001-ci dərman otlardır. Azərbaycanda bitən bitkilər Allahın bizə bəxş etdiyi nemətlərdir. Amma təəssüf ki, bizim cəmiyyətimizdə bu sahədə biliyi olanlar azdır. İnsanlarımız maariflənmirlər, bilgilərini artırmırlar, öyrənmək istəmirlər. Hətta mən deyərdim ki, Azərbaycanda bu sahədə tam məlumatlı olan adamların sayı uzağı 100 nəfər olar. Qədimdə dədə-babalarımız bu bitkilərdən çox istifadə ediblər. Biz bunu ya öyrənmək istəmirik, ya da öyrənmək niyyətində deyilik. Biz düşünürük ki, yaşıllığı necə qıraq və orada mülk tikək və s.

– Yaşıl çay insana sağlamlıq verir. Bu çaylar insan bədənində tromb yaratmır, şəkər yaratmır. Yaşıl çay insanın bədənindəki sinir damarlarını necə deyərlər, sakitləşdirir. İnsan sakit yaşayır. İnsan bir balaca stress keçirdisə, gərək o çaydan içsin. Keçmişdə belə edirdilər.

Mənim indiki gənclərə heyifim gəlir. Onlar xəstələnirlər, amma necə müalicə olunacaqlarını bilmirlər. Ata-babalarımızdan qalan lazımlı bilikləri bilmirlər, öyrənmirlər. Gözləyirlər ki, xəstələnsinlər, sonra qaçsınlar apteklərə. Qazandıqları pulların hamısını dərmanlara tökürlər. O dərmanlar xilas eləmir axı. Bunları bilmək, öyrənmək lazımdır.

– Sovetin dövründə Pirşağıda, Mərdəkanda hasar çəkmirdilər. O dəqiqə soruşurdular ki, kubiki hardan almısan? Orada olan kərtənkələlər az qala yarım metr hündürlüyündə idi. Üç metr uzunluğunda Bakının kərtənkələləri var idi. Mənim 72 yaşım var, bunları yaxşı xatırlayıram. Biz uşaq ikən əncir ağacına çıxanda görürdük ki, orada iki göz parıldayır, bizə baxır. Anamızdan soruşardıq ki, bu nədir? Deyirdi ki, kərtənkələdir, ondan qorxmayın, o sizi ilanlardan qoruyur. Amma indi həmin ərazilər hasarlanıb. Buna görə də, hava dövr eləmir, yel işləmir, rütubət yoxdur. Belə şeylərə görədir ki, həm meyvələrimizin dadı qaçıb, həm də torpaqlarımız məhv edilir. Dünyaca məşhur olan süfrə üzümlərimiz var idi, indi hamısı yoxa çıxır, əncirimiz yoxa çıxır. Püstəmiz ümumiyyətlə, yoxdur. Badam ağaclarını, iydə ağaclarını qırırlar. Demirlər ki, iydə ağacları həm bar verir, həm də oksigen verir, havanı təmizləyir. Məəttəl qalıram ki, nəyə görə bu barədə heç kim düşünmür.

– Azərbaycana geni dəyişdirilmiş məhsullar da çox gətirilir. Məsələn, xaricdən gətirilən pomidoru yeyə bilirsinizmi? Dadını hiss edirsinizmi? Qədimdə Abşeron pomidorları var idi, dadı çox ləzzətli idi. Dadı, qoxusu, suyu bizi heyran qoyurdu. Xiyarın da həmçinin. İndikilər elə bil otdur, çeynəyirsən. Bu barədə də cənab Prezident müvafiq qurumlara xəbərdarlıq edib. Bu və ya digər toxumlar, tumlar ölkəmizə gətirilərkən yoxlanılmalıdır. Geni dəyişdirilmiş toxumların, məhsulların ölkəmizə gətirilməsinə qadağa qoyulmalıdır.

– Xaricdən Azərbaycana gətirilən dərmanların da keyfiyyətinə nəzarət gücləndirilməlidir. Baxın, görün nə qədər dərmanlar gətizdirilir. Ancaq həmin dərmanların müəyyən hissəsi saxtadır. Qiymətlər bahadır, dərmanlar isə keyfiyyətsiz.

– Şəhərdə yeni məhəllə salınırsa, yaşıllaşdırma qaydalarına görə, orada 2 hektar yaşıllıq olmalıdır ki, əhalini oksigenlə təmin eləsin, avtomobillərdən atmosferə buraxılan zəhərli maddələri udsun. Yaşıllıqlar nə qədər qırılırsa, yağıntıların miqdarı azalır, küləklər artır, torpaqlar erroziyaya məruz qalır.

– SSRİ dağılandan sonra Avropanın təsiri altında başladılar təbliğat aparmağa ki, karbon qazı artır, dünya məhv olub gedir. Halbuki, karbon qazı da insan həyatı üçün vacib şərtdir. Karbon olmasa, yaşıllıqlar məhv olar. Ağaclar karbon qazını udur, oksigen verirlər. Nəyə görə biz bu qədər xəstəliklərə düçar oluruq? Xəstəliyimiz aylarla davam edir. Dərmanlar atsaq da, sağala bilmirik. Ancaq 2000, 3000 metr hündürlüklərdə, oksigen az olan yerlərdə – dağların başında, yaşayan insanlar uzun ömür sürürlər. Bax, bu dediklərimə misaldır. İnsan bədənində qanın dövr etməsi üçün, yeyinti məhsullarını beyinə çatdırmaq üçün karbon qazı şərait yaradır, oksigen yaratmır.

– Bu mövzularda yazın. İnandırım sizi, maraq çox olacaq. Gəncləri, insanları maarifləndirin. Qoy onlar bilsinlər ki, küçəyə zibil töksələr, nə baş verəcək? Ağacı qırsalar, nə baş verəcək? Xaricdən ölkəmizə palma ağacları gətirib əkirlər. Bunlar kimə lazımdır? Bu bitkilər bizim təbiətimizə, torpağımıza xas deyil axı. Onların kökləri üzdədir. Bu ağaclar Sakit, Hind okeanlarının ətraf ərazilərində bitir. Çünki orada su üzdədir. Bizdə isə su üçün gərək ağacın kökü torpağın dərinliyinə gedə. Palma ağaclarında bu xüsusiyyət yoxdur. Dənizin kənarında palma ağacı bitməz axı. Dənizin duzu onu məhv edir. Ona görə deyirəm ki, bu cür yazılarınızla insanlarımızı maarifləndirin. Bunların hamısı insanlarımızın maariflənməməsindən xəbər verir. Bu məsələdə siz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Başa salın xaricdən palma və digər ağacları gətirib əkənləri ki, ondansa, bizim təbiətimizə xas olan çinar ağaclarını əksinlər. Şəkidəki xan çinarın 600-700 il yaşı var. Görün nə boydadır? Havanı təmizləyir, oksigenlə təmin edir. İnsanlar onun kölgəliyində oturub istirahət edirlər. Yaratdığı nəmişlik doğrudan da insana ləzzət verir. Nıcat İntıqam