“Yaşıl enerji” zonası yaratmaq prioritet istiqamətdir

0
22

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işləri arasında elektrik enerjisi təchizatı önəmli yer tutur. Müharibədən sonrakı ilk günlərdən həmin ərazilərdə hər şeydən əvvəl enerji məsələlərinin gündəmə gətirilməsi də bunun bariz nümunəsidir. Artıq Şuşa şəhərini elektrik enerjisi ilə təchizatının birinci mərhələsi başa çatıb, Laçın rayonunun Güləbird kəndində isə 8 meqavatlıq Su Elektrik Stansiyası istismara verilib. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ümumiyyətlə,  enerji məsələləri hər bir ölkənin iqtisadiyyatının bel sütunudur: “Məhz bu səbəbdən ölkəmizdə, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə bu məsələ diqqət mərkəzindədir. Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində həmin stansiyanın açılışında “Güləbird” SES-in istifadəyə verilməsini  tarixi və əlamətdar hadisə kimi dəyərləndirməklə yanaşı, bildirmişdir ki, bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Şübhəsiz, həmin stansiya əgər belə demək mümkünsə, bu istiqamətdə görüləcək digər işlərimizə, sözün həqiqi mənasında işıq salacaq. Prezident İlham Əliyevin Laçın rayonunun Güləbird kəndindəki çıxışında bildirdiyi  kimi, düşmənin bu rayonun ərazisində dağıtdığı 5 su elektrik stansiyasının hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Bununla da yalnız Kəlbəcər və Laçın rayonlarında bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaq.”

“Dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biri işğaldan azad edilmiş torpaqların “yaşıl enerji” zonası olmasıdır” sözləri ilə söhbətini davam etdirən müsahibimiz bildirdi ki, bu ərazilərdə  həm külək, həm də günəş enerjiləri üçün böyük imkanlar var.  “Bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensialı var” deyən Prezident İlham Əliyev də bildirmişdi ki, onların arasında ən böyük potensiala yaxın illərdə inşa ediləcək “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları malik olacaq: “Artıq bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılıq əldə olunub. Bunlarla yanaşı, azad edilmiş digər ərazilərimizdə də  bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilib. Bununla da azad edilmiş ərazilərimiz cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “yaşıl enerji” zonası olacaq. Buna əsla şübhə yoxdur. Ümumiyyətlə, Azərbaycanın iqtisadi siyasətinin təhlili onu deməyə əsas verir ki, mövcud potensial işğaldan azad edilmiş bölgələrin dirçəlməsinə, o cümlədən “yaşıl zona”ya çevrilməsinə imkan verəcəkdir.”

Müsahibimizin sözlərinə görə, “yaşıl enerji” ilə bağlı Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələrin aparılması da diqqət mərkəzində saxlanılıb: “Hesablamalara görə, Qarabağ bölgəsində 4 min meqavatdan çox günəş, 500 meqavatadək külək enerjisi potensialı mövcuddur. İlkin məlumatlara görə, Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilanda və Cəbrayılda isə Günəş enerjisinin böyük potensialı var. Bu layihələrin xarici sərmayə hesabına icra olunacağı sevindiricidir.  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də bu məsələ də önəmli yer alıb. Həmin sənəddə qeyd edilir ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Bütün bu söylədiklərimdən bir daha belə qənaətə gəlmək olar ki, müəyyən çətinliklərə rəğmən, işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonası yaratmaq prioritet istiqamətdir.”

Azər Badamov fikrini bu sözlərlə tamamladı:  “Şanlı Zəfərimizlə nəticələnən Vətən müharibəsindən sonra qısa zaman kəsiyində dövlət başçımızın işğaldan azad edilmiş ərazilərimizə ardıcıl beş dəfə səfər etməsi göstərir ki, möhtərəm Prezidentimiz bütövlükdə Qarabağ bölgəsinin dirçəldilməsinə, yenidən qurulmasına xüsusi həssaslıqla yanaşır. Şübhə yoxdu ki, Prezident İlham Əliyevin diqqəti sayəsində işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən “yaşıl enerji” zonasına çevrilməsi başa çatdırılacaq. Zənnimcə, bu işlər müəyyən vaxt alacaq. Bu da hər şeydən əvvəl mənfur düşmənin təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, kəndləri, yolları, sahələri, önəmli strateji yüksəklikləri minalaması ilə bağlıdır.”

Qvami Məhəbbətoğlu, “İki sahil”