Yaşayış minimumunda son 10 ilin ən aşağı artım tempi

539
Gələn il üçün yaşayış minimumu haqqında qanun layihəsinə əsasən, ölkə üzrə bu göstəricinin cari ildəki 125 manatdan 131 manatadək, o cümlədən əhalinin əməkqabiliyyətli hissəsi üçün 137 manatdan 140 manatadək, uşaq və pensiyaçılar üçün müvafiq olaraq 103 manat manatdan 108 manatadək artırılması nəzərdə tutulub. 
Bunu Milli Məclisin Sosial siyasət komitəsinin iclasında İqtisadiyyat və Sənaye Nazirliyinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Cəmaləddin Quliyev bildirib. Məlumat üçün bildirək ki, əhalinin əməkqabiliyyətli hissəsi üçün nəzərdə tutulan yaşayış minimumunun məbləğində son 10 ildə ən aşağı artım qeydə alınıb. Belə ki, gələn il əməkqabiliyyətli əhali üçün yaşayış minimumu 140 manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 4 manat və ya 2,9% çox olacaq. Halbuki son 10 il ərzində ən aşağı artım iqtisadi böhranın yaşandığı 2009-cu ildə qeydə alınıb. 2009-cu ildə növbəti ilin – 2010-cu ilin yaşayış minimumu müəyyən edilərkən cəmi 4,3%-lik artım nəzərdə tutulub. Digər illərdə isə artımlar daha yüksək olub. Ən yüksək artım isə 2008-ci ildə qeydə alınıb. 2008-ci ildə əməkqabiliyyətli əhali üçün nəzərdə tutulan yaşayış minimumu 16,4% artırılıb.

Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

ALLAHVERDI CƏFƏROV,