Yaşayış məntəqələrimizə 27 mindyən artıq mərmi və 218 raket atılıb

0
80

Azərbaycan işğal olunmuş torpaqlarını azad etmə uğrunda həyata keçirdiyi Vətən müharibəsində hər gün yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və ordumuzun gücünü sübut edir. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacarır. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib. 27 sentyabr 2020-ci il – 30 oktyabr 2020-ci il saat 08:00-a  olan göstəricilərə əsasən 182-dən artıq məntəqə düşmən hədəfinə çevrilib və bu məntəqələrə 27 mindən artıq mərmi və 218 raket atılıb. Atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd etmək olar. Lakin ən çox insan tələfatı Bərdədə-27, Gəncədə-26 və Tərtərdə-17 nəfər olub. Sentyabrın 27-dən oktyabrın 30-na Ermənistan tərəfindən atılan raket və mərmilər nəticəsində 91 mülki vətəndaş həyatını itirib, 396 nəfər xəsarət alıb, 2442 yaşayış evi, 92 çoxmərtəbəli yaşayış binası və 423 mülki obyekt dağıdılıb.

Zərbələr nəticəsində 13 kommunal infrastruktur obyektinə də ziyan dəyib. Onlardan 9-u su təchizatı, 3-ü elektrik təchizatı və 1-i istilik təchizatı obyekti olub.

Ziyan dəymiş dini obyektləri və abidələri də xüsusi qeyd etmək lazımdır. Belə ki, 17 dini obyekt zərər görüb- bura məscid, kilsə və qəbiristanlıqlar aiddir. Həmçinin,  Gəncə, Tərtər və Ağdamda yerləşən 3 tarixi abidəyə də ziyan dəyib.

Mülki  əhaliyə hücum etməklə Ermənistan həm də 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyalarını pozur. Bu konvensiyalar və əlavə edilmiş protokollar mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.

Düşmənin dinc əhalini hədəfə alması özü özlüyündə terror aktı olaraq qiymətləndirilərək bütün dünyanı heyrətə salıb. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırır. Belə ki, ermənilərin Azərbaycanın yaşayış məntəqələrinə atdığı raketlər insanların sıx məskunlaşdığı və mülki yaşayış məntəqələrinin olduğu ərazilərdə istifadəsi qadağan olunan kaset tipli raketlər olub. Bununla da, Ermənistan Kaset Silahları üzrə Konvensiyasının (CCM) tələblərini kobud surətdə pozur. Hansı ki, İsveçrə, Kaset Silahları üzrə Konvensiyasının prezidenti olaraq, bəyanat verib ki, Qarabağdakı qarşıdurmada kaset döyüş sursatlarının istifadəsi iddialarına dair məlumatlardan çox narahatdır. İsveçrə, hər hansı bir qarşıdurmada tərəfləri beynəlxalq humanitar qanuna tam hörmət etməyə və kasetli döyüş sursatından istifadə etməməyə çağırır. İsveçrə hökuməti Kaset Silahları üzrə Konvensiyasının qüvvəyə minməsindən 10 il keçməsinə baxmayaraq, hələ də bu sursatdan istifadə edilməsindən təəssüflənir.

“Human Rights Watch” və “Amnesty International” təşkilatları da Azərbaycanın mülki əhalisinə və infrastrukturuna Ermənistan tərəfindən qadağan olunmuş kasetli bombalardan istifadə etməklə hücumları öz hesabatlarında təsdiq etmişdir. Bundan sonra beynəlxalq konvensiyanın tələbinə uyğun olaraq kasetli bombanın Ermənistan tərəfindən istifadəsi, inkişafı, istehsalı, əldə edilməsi, yığılması, saxlanması da daxil olmaqla fəaliyyətlərə qarşı preventiv tədbirlər görülməlidir.

Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu mənəvi olaraq dəstəkləməyə davam edir. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə alır. Buna baxmayaraq, Ermənistan törətdiyi insanlığa qarşı cinayət və terror hadisələrinə görə beynəlxalq hüquq qarşısında da cavab verməli olacaq. Belə ki, beynəlxalq hüquqi normalarda beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşıöhdəlikləri pozaraq vurduğu ziyan mütləq məsuliyyət olaraq qiymətləndirilir və bir neçə instansiyada cəzalandırılması nəzərdə tutulur. Bu məsələlər həm BMT-nin Təhlükəsizlik Şurası və Ədalət Məhkəməsi, həmçinin, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən tənzimlənir. Sentyabrın 27-dən bu günə törədilmiş hadisələr BMT-nin Kompensasiya Komissiyasının təzminat verilməsini nəzərdə tutduğu 6 kateqoriyadan 5-i üzrə Ermənistanın məsuliyyətə cəlb olunmasını mümkün edir. Bu proseduralarda həyatını itirmiş insanların

Tarixən dünya təcrübəsində də hərbi və insanlığa qarşı cinayətlər, terror hadisələri nəticəsində zərər çəkən tərəflər əks tərəfdən reparasiya (vurulmuş zərərin müxtəlif vasitələrlə qarşılanması) və ya kompensasiya tələb etmişdir.

Bütün bu törədilmiş hadisələr xarici diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdə olan üzvləri və humanitar layihələri həyata keçirən şəxslər tərəfindən də çox yaxından izlənilir. Hətta həyatını itirən və xəsarət alanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri də var. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avrasiya regionu üzrə direktoru Martin Şüepp açıqlamasında bildirir ki, Komitənin nümayəndələri də Azərbaycanda ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub.

Ermənistanın düşünülmədən həyata keçirdiyi terror aktları əhatə dairəsini genişləndirməklə ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı. Bu da onu göstərir ki, Ermənistanın beynəlxalq hüquqi normalara görə məsuliyyətə cəlb olunması üçün beynəlxalq arenadan şahidlər də onların əleyhinə çıxış edəcək.