Yasamalda ağacların qırılması xəbərinə “təəccüblü təkzib”

430

Nicat İntiqam
“Bu foto Yasamal rayonu, Zərdabi prospektində çəkilib. Gördüyünüz bu ərazi uşaqlar üçün oyun meydançası idi. Mərkəzdəki ağaclar göründüyü kimi yoxa çıxıb. Kənardakı ağacları da həmin tale gözləyirmi görəsən?” Tanınmış jurnalist Azər Sarıyev bu günlərdə sosial şəbəkədə paylaşdığı bu foto ilə Yasamal rayonunun Zərdabi prospektində ağacların qırılması faktına diqqət çəkib. Onun paylaşdığı bu foto ölkənin əsas xəbər saytlarının gündəmi olub. Xəbərlərin bəzilərində qırılan ağacların yerində binaların və ya digər hansısa obyektin tikiləcəyi qeyd olunur. Maraqlıdır ki, məsələ ilə bağlı rəsmi qurumlar hər hansı açıqlama verməyiblər və ya rəsmi qurumların mövqeyi öyrənilməyib.
“Ola bilər bir-iki ağac qırılsın, amma…”
Bakının Yasamal rayonu, Zərdabi prospektində ağacların qırılması ilə bağlı xəbərlərə rəsmi mövqe öyrənmək üçün Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun əməkdaşı, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Gülşən Hüseynova suallarımızı dinlədikdən sonra məsələni araşdırmaq üçün bizdən vaxt istədi. Təxminən yarım saat sonra G. Hüseynova ilə yenidən əlaqə saxladıq. Yasamal Rayon İcra Hakimiyyətinin rəsmisi ərazidə ağacların qırılmadığını iddia etdi: “Ola bilər bir-iki ağac qırılsın, ancaq kütləvi ağac qırma həmin ərazidə olmayıb”.
Hazırda orada heç bir iş getmir?
Gülşən Hüseynova Yasamal rayonunun Zərdabi prospektində hazırda iş getmədiyini bildirdi. Bunun hər hansı qadağa ilə bağlı olub-olmadığını soruşduqda: “Xeyr, orada işlərin dayanması hər hansı rəsmi qadağa ilə bağlı deyil. Yəqin ki, işləri görən şəxs və ya şirkətin öz istəyi ilə işlər dayanıb”,-dedi.
Yasamal Rayon İcra Hakimiyyətinin rəsmisi bildirdi ki, ərazidə görülən işlərlə bağlı sənədləşmə tam qaydasındadır. Lakin həmsöhbətimiz ərazinin kimə və hansı məqsəd üçün satıldığını açıqlamadı: “Məndə bu barədə məlumat yoxdur və sizə bu haqda heç nə deyə bilmərəm”.
“Bir daha qeyd edirəm – ərazidə ağaclar qırılmayıb, hazırda orada heç bir iş getmir. Saytlarda bununla bağlı yayılan xəbərlərdəki fotoya gəlincə, demək istəyirəm ki, yeni deyil”,-deyə Gülşən Hüseynova bildirdi.
“İşlər necə dayanıb ki, ekskavatorun səsindən yata bilməmişik?”
Açığı, Gülşən xanımın bu açıqlaması, daha doğrusu, Yasamal rayonu, Zərdabi prospektində ağacların qırılması ilə bağlı deyilənləri təkzib etməsi bizə də təəccüblü gəldi. Yəni doğrudanmı yayılmış fotolar köhnədir, ərazidə iş getmir?
Bunları dəqiqləşdirmək üçün fotonu yayan jurnalist Azər Sarıyevlə əlaqə saxladıq. A. Sarıyev fotonun köhnə olmadığını və saytlarda xəbər yayılan gün, yəni iyulun 5-də çəkildiyini bildirdi. Azər müəllim İcra Hakimiyyəti rəsmisinin ərazidə işlərin dayandırılması barədə açıqlamasını da təəccüblə qarşıladı: “İşlər necə dayandırılıb ki, dünən (srağagün -red) gecə ekskavatorun səsindən yata bilməmişik?”