“Yaşa” Mərkəzində Nizami Gəncəvinin poeziya gecəsi keçirilib

100

Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibəti ilə Mingəçevir “Yaşa” Mərkəzinin üzvləri poeziya gecəsinə qatılıblar. Pandemiya qaydalarına uyğun şəkildə keçirilən poeziya gecəsində şəhərimizin ziyalıları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə, həmçinin Məmməd Mərzili, Adil Kərimov, Tahir Məmmədov, Bəhman Qənbərov və digərləri qeyd ediblər ki, biz Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dahi şəxsiyyətlərin adlarını hər zaman böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında onlarla fəxr edir, öyünürük. Çıxış edənlər şairin əsərlərinin öyrənilməsinə orta məktəblərdə lap aşağı siniflərdən başlanmasının məqsədəuyğun olduğunu vurğulayıblar. Daha sonra ziyalılar Nizami Gəncəvinin dünya ədəbiyyatındakı yeri, mövqeyi, poemalarının bədii məziyyətləri, humanist ideyaları barədə danışıblar.

Qeyd edək ki, Mingəçevir “Yaşa” Mərkəzi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaradılıb. Mərkəzin yaradılmasında başlıca məqsəd yaşlı mingəçevirlilərin asudə vaxtlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi məqsədilə müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi üçün müyəssər məkanın təmin edilməsidir.

Mərkəzin ərsəyə gəlməsində daim sosial xarakterli təşəbbüslərə dəstəyini əsirgəməyən “Kapital Bank” ASC də yaxından iştirak edib. Mərkəzin dayanıqlı fəaliyyətinin təmin olunması isə layihənin icrasına cəlb olunmuş “Üçüncü Bahar” İctimai Birliyinə həvalə edilib.

Esmira Hidayətova, Mingəçevir.