Yas mərasimlərində israfçılığın qarşısı alındımı?

608
Bir müddət əvvəl ölkəmizdə yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edirdi.
Ancaq bu nəzarət yas mərasimlərində açılan ehsan süfrələrinə aid idi. Bu nəzarət digər dini əlamətdar günlər, o cümlədən Ramazan ayı, Məhərrəm ayı mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə aid edilməmişdi. Əksər din xadimləri və ziyalılar tətbiq edilən bu qadağanı müsbət qarşılamış, yas mərasimlərinin ancaq çay, qənd və xurma ilə keçirilməsini qəbul etmişdilər. Bəs görəsən bu qaydaya əməl etməklə israfçılığın qarşısı alındımı? Hazırki vaxtda da buna əməl edən varmı? Bu haqda fikirlərini öyrənmək məqsədilə Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərova müraciət etdik. Onun sözlərinə görə, bu son dərəcə yerində bir qərardır: “Adətən getdiyim yas mərasimlərində bu qaydaya əməl olunduğunu müşahidə etmişəm. İndi çox yerlərdə ehsana əsasən çay, halva, pendir, çorək verirlər. Əməl olunan qaydanın hazırkı vaxtda da təsirini görmək olur. Yəni təsiri var, amma tam olaraq yox. Çalışmaq lazımdır ki, yas mərasimlərində israfçılıq olmasın. Çünki yas mərasimlərində yemək  vermək üçün insanlar əziyyət çəkirlər. Dəbdəbə ilə yas vermək hər kəsin imkanı daxilində deyil. Düşünürəm ki, yas mərasimlərdə yemək-içmək verməmək kiməsə başıaşağılıq gətirməz. Cəmiyyətimiz də artıq bunu hiss edir. Yəni yemək-içmək olmadan da yas vermək olar. Ancaq tam olaraq qarşısını almaq da çətindir. Kiminsə ürəyindən keçə bilər ki, yaxın adamına dəbdəbəli ehsan versin. Buna mane olmaq nə dərəcədə doğrudur, bimirəm. Bu mənəvi bir şeydir, çox da dərininə getmək olmaz”.

 

“Bu qadağa deyil, tövsiyədir”

“Burada qadağadan söhbət gedə bilməz”, – deyən millət vəkili əlavə etdi ki, hüzr yerlərində yemək verilməsi qadağan olunmayıb. Sadəcə tövsiyə olunub. Bu tövsiyə israfçılığın aradan qaldırılmasına çox köməklik göstərib. Bu elə bir şeydir ki, onu rəsmi şəkildə qadağan eləmək mümkün deyil. İnsanlara demək olmaz ki sən toyunu belə et, yasını belə et.

 

“Yas mərasimlərində əvvəlki vəziyyət

yenidən qayıdıb”

Yas mərasimlərində əvvəlki vəziyyətin yenidən qayıtdığını deyən millət vəkili Fəzail İbrahimli bildirdi ki, bu qayda-qanun epizodik xarakter daşıdı. Heç nə dəyişmədi. Mən özüm də yas mərasimlərindən yeməyin çıxarılmasının tərəfdarıyam. Bu, həm israfçılıq, həm də maddi cəhətdən çətinlikdir. Bir müddət əvvəl bu sahədə bəzi dəyişikliklər edilmişdi. Bir neçə ay buna əməl edildi, sonra yenidən əvvəlki vəziyyətə qayıdıldı. Yenə də yas mərasimləri həmin qaydada keçirilir. İnsanlar hesab edirlər ki, yasda yemək verməsə, hörmətsizlik olar, ictimaiyyət onu qınayar. Buna görə də hamı bir-birinə baxaraq bunu etməkdə davam edir. Əslində bunun ölüyə heç bir faydası yoxdur. Çox vaxt yas verən insan özünü kiminsə gözündə yüksək göstərmək üçün dəbdəbəli ehsan verir.

 

“Ehsan vermək üçün bəzən borc alırlar”

Millət vəkili sonda onu da vurğuladı ki, bəzən insanlar yaxşı ehsan vermək üçün borc alırlar: “Buna nə ehtiyac var axı? Gənc övladını itirmiş valideyn bilmir övladının dərdinə ağlasın, ya gələn qonaqlara yemək versin. Dərdli valideyn ağrını-acını bir kənara qoyub fikirləşir ki, qonaqları necə qarşılasın, onlara nə təqdim etsin. Naxçıvanda heç bir yas mərasimində yemək verilmir. Bu qaydaya orada ciddi şəkildə əməl olunur. Bakı şəhərində, eləcə də digər rayonlarda bu qayda tətbiq olunarsa, istrafçılığın qarşısı xeyli alınar. Ancaq yenə deyirəm, bizdə buna əməl edən yoxdur. Əslində buna insanlar özləri nəzarət etməlidirlər. İnsanlar bir-birinə nümunə olmalıdırlar. Bu işləri səliqəyə salmaq lazımdır. İnsanlar onsuz da yas mərasiminə yeməyə getmirlər. Ölü sahibinə baş sağlığı vermək, ehtiramını bildirmək üçün gedirlər”.

Toy və ehsan verilməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir, o halda ki, israfçılığa yol verilməsin. Bu haqda  müqəddəs kitabımızda da qeyd olunub: Qurani-Kərimin Əraf surəsinin 31-ci ayəsində insanlara: “…Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!” – hökmü buyrulmuşdur. Məhz bu ayənin hökmünə əsasən insanların şənlik və ya matəmlərdə iştirakı dini baxımdan münasib sayılır, yalnız istər toy, istərsə də yas mərasimlərində israfın və ifrat dəbdəbənin Allah tərəfindən bəyənilməyən bir əməl olduğu təsbit olunur.

Nərmin Haqverdiyeva