“Yas mərasimləri ilə müqayisədə bu, çox çətin olacaq”

0
368
Deyəsən, bundan sonra kiməsə “həmişə toyda” deyəndə daha alnını qırışdırmayacaq. Hər halda son günlər müzakirə edilənlər, səsləndirilən təkliflər reallaşarsa. Qeyd edək ki, yas məclislərimizdə israfçılığın qarşısının alınması məqsədi ilə tətbiq edilən bəzi qadağalar da ictimaiyyətin ürəyincədir. Lakin şadlıq evləri ilə bağlı vəziyyət bir qədər fərqlidir. Söhbət ondan gedir ki, yasdan fərqli olaraq toylar şadlıq evlərində keçirilir və insanlarımızın mədəni şəkildə soyulmasının müqabilində şadlıq evi rəhbərləri milyonlar qazanır.
Millət vəkili Fazil Mustafanın fikrincə, yas məclislərindən sonra sıra gəlir toy və şadlıq evi mafiyasına qarşı qətiyyətli hərəkətlərə: “Məncə, bu məsələlərlə də birbaşa Mədəniyyət Nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır. Tutaq ki, 500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən toyu tez tərk etməsinin qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir? Buyurun, mədəniyyət naziri, siz də bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı adamın toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanlar sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq düzəltməliyik. Həqiqətən də yasına, toyuna görə borca düşən, problemlər yaşayan insanlarımızı görəndə ürəyim acıyır”…

Qeyd edək ki, Fazil Mustafa bu mövzuda geniş bir məqalə də yazıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə “feysbuk”dakı şəxsi səhifəsində onun bu yazısına belə münasibət bildirmişdi: “Millət vəkili Fazil Mustafanın “Azərbaycandakı toy terroru” adlı yazısını oxudum. Yazıda qeyd olunan fikirlərlə həmrəy olduğumu ifadə edir və qaldırılan problemlərin tez bir zamanda həll olunacağına inanıram. Müəllifə ictimaiyyətin də ürəyincə olan bir məsələyə xüsusi diqqət yetirdiyinə görə təşəkkürümü bildirirəm”. M. Qurbanlının bu statusuna sosial şəbəkə istifadəçilərindən çoxlu sayda təşəkkür rəyləri bildirilirdi. Görünən odur ki, bu məsələdə hər kəsin ümid dolu bir gözləntisi var.

Şadlıq evlərinin sahibləri: “Toy sahibi belə istəyir”…

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deyib ki, Azərbaycanda hüzr mərasimlərində israfçılığın qarşısını almaq üçün rəsmi qadağaların tətbiqi bir qədər real görünmür: “Dinimizdə israfçılığın əleyhinədir, mənim fikrimcə, dünyəvi qanuna ehtiyac yoxdur. Doğrudur, Belarus, İsrail, Tacikistan kimi ölkələrin mərasimlərlə bağlı müəyyən qanunları var. Lakin o qanunlar primitivdir. Onları Azərbaycanda tətbiq etmək olmaz. Ona görə də bu gün Azərbaycanda ən yaxşı örnək Naxçıvan şəhərində tətbiq olunan modeldir. Belə ki, orada icra strukturları və dini nümayəndələr arasında anlayışlı fəaliyyətlərin aparılması nəticəsində artıq hüzr mərasimlərində israfçılığa yol verilmir. Yəni inzibati güc tətbiq etməyə ehtiyac qalmır”.

Komitə sədrinin fikrincə, nüfuzlu şəxslərin özləri örnək olmalıdırlar: “Şadlıq evlərinə də təsir gücünü artırmaq lazımdır. Bu məsələnin ən yaxşı həlli isə, toy sahibi və şadlıq saraylarının rəhbərləri ilə qarşılıqlı anlaşma nəticəsində mümkün ola bilər”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında yaxın günlərdə toy mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsün qərar səviyyəsində açıqlanacağı, parlamentin ciddi müzakirə mövzuları sırasına daxil ediləcəyi bildirilir. İddia olunur ki, bundan sonra “restoran mafiyası”nın qol-qanadı bağlanacaq.

Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklif ilə çıxış edir. Artıq bu istiqamətdə komitə bəzi hazırlıqlar həyata keçirir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev məlumat verib (APA).

Son zamanlar qiymət və yemək çeşidlərinin həddən çox şişirdildiyini deyən komitə rəsmisi bildirib ki, israfçılığın və bəzi qanunsuz hərəkətlərin qarşısını almaq üçün belə bir müqaviləyə ehtiyac yaranıb: “Bilirsiniz ki, hər bir şadlıq evində sifarişlər toy sahibi ilə sahibkar arasında olan razılıqla baş tutur. Amma bu razılıq rəsmi şəkildə olmur. Ona görə də biz şadlıq evi rəhbərliyinə yemək çeşidi və standart menyu qiymətinin toy ərəfəsi bir qədər də bahalaşması kimi iradlar tutanda çox vaxt bu cavabı verirlər: “Toy sahibi belə istəyir”… Bu səpkili bəhanələrinin son zamanlar həddən çox artması müşahidə olunur. Hesab edirik ki, müqavilələrin bağlanması standartda öz əksini taparsa, bu məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, sahibkarı məsuliyyətə cəlb etmək olar”.

“Cərimələmək əvəzinə bu cür şadlıq evlərinin fəaliyyətləri dayandırılmalıdır”

 

Şadlıq evlərində aparılan yoxlamalarla bağlı son 7 ayın statistikası barədə məlumat verən Mənsim Babayev bildirib ki, bu müddət ərzində ümumilikdə 75 restoranda yoxlamalar aparılıb ki, onlarında 36-da standart şərtlərinin pozulduğu qeydə alınıb: “Əsas problemlər – salatlar, mənşəyi məlum olmayan konservəşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi altı saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə şadlıq evlərinin demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur”.

Qüsurlar aşkarlanan şadlıq evlərinin müəyyən məbləğdə cərimələndiyini bildirən komitə rəsmisi bu cür cəza mexanizminin heç bir nəticə vermədiyini xüsusi vurğulayıb: “Fiziki şəxslər 1500 manat, hüquqi şəxslər 5000 manat cərimə olunur. Əksəriyyət fiziki şəxslərin adı altında fəaliyyət göstərir. Bu cərimə məbləği olduqca azdır. Hətta elələri də var ki, onlar üçün əslində çox xırda olan cərimələri belə hissə-hissə, məhkəmələrin təsiri ilə ödəyirlər. Yəni bu o deməkdir ki, indiki cəza mexanizmləri onları qəti şəkildə narahat etmir və bildiklərini edirlər. Cərimələmək əvəzinə bu cür şadlıq evlərinin fəaliyyətləri dayandırılmalıdır. Bəlkə onda bir təsiri oldu. Bugünkü inzibati məsuliyyətin təsiri yoxdur, qazancın müqabilində cərimə çox azdır”.

O ki qaldı şadlıq evlərində qiymətlərin tənzimlənməsinə Mənsim Babayev deyib ki, komitənin qiymət məsələsinə hər hansı müdaxilə ixtiyarı yoxdur: “Bazar iqtisadiyyatıdır, hər kəs istədiyi qiyməti diktə edir. Amma ictimai qınaq olarsa, birgə müzakirə aparılarsa və bundan sonra komitə üzərinə müəyyən bir öhdəlik qoyularsa, biz bu işdə irəliləyişə nail olmağa hazırıq… Bizdə razılaşırıq ki, toylarda yetərincə israfçılıq var və bundan daha çox toy sahibləri əziyyət çəkir”.

 “Əməlli-başlı özbaşınalıqdır”

Millət vəkili Çingiz Qənizadə də toy mərasimləri ilə bağlı bəzi tədbirlərin görülməsinin vacibliyini qeyd edir: “Bu gün yas mərasimləri ilə yanaşı, toylarda da qayda-qanun yaratmağa ehtiyac var. Musiqiçilərlə bağlı toylarda əməlli-başlı özbaşınalıqdır. Gəlib fonoqram oxuyub, 5-10 min manat alıb gedirlər. Mədəniyyət Nazirliyindən bu yaramazları çağırıb qayda-qanun yaratmalıdır”. Çingiz Qənizadə toylarda 500-800 nəfərlik məclislərin qurulmasını pisləyərək şadlıq evlərinin toy sahibinə menyu diktə etməsinə yol verilməməli olduğunu bildirib: “Şadlıq evlərində seçimi toy sahibi özü etməlidir. Müğənnilərin fonoqram oxuyub toy sahibindən bir ətək pul alıb getməsinin qarşısı alınmalıdır. Bunlar toy sahibindən 5-10 min manat alıb sonra bahalı maşınlarını, dəbdəbəli həyatlarını, yataq otaqlarını, şifonerlərini açıb geyimlərini xalqa göstərirlər”.

“Yas mərasimləri ilə müqayisədə bu, çox çətin olacaq”

 

Deputat Musa Quliyevin fikrincə, toy mərasimlərinin keçirilməsinin tənzimlənməsi  müəyyən insanların ciddi biznes maraqlarına toxunan bir addım olacaq: “Yas mərasimləri ilə bağlı problem tam qaydaya düşəndən, insanlar şüurlu şəkildə yaz mərasimlərinin tövsiyə olunan şəkildə keçirilməsini qəbul edəndən sonra toy mərasimləri ilə bağlı işə başlamaq olar. Hesab edirəm ki, yas mərasimləri ilə müqayisədə bu, çox çətin olacaq. Çünki toy mərasimlərində maraqlı olan şəxslər, qüvvələr var və bu addım bir çoxlarının ciddi biznes maraqlarına toxunacaq. Ona görə də, bunu yerli icra hakimiyyətinin bir qayda ilə tənzimləyəcəyinə inanmıram”.

“İnzibati metodlardan istifadə edilməsinə ehtiyac var”

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə deyir ki, toylardan qazanan məhz şadlıq saraylarıdır: “Toy sahibi istəsə də, istəməsə də daha bahalı toyların edilməsi ənənəyə çevrilib. Ancaq bəzi MDB ölkələrində, o cümlədən Tacikistanda toya gələn iştirakçıların sayı ilə bağlı konkret limitlər müəyyənləşdirilib. Azərbaycanda da bu cür praktikadan istifadə edilməsinə ehtiyac var. Çünki, mövcud vəziyyət göstərir ki, artıq psixoloji yollar, insanların maarifləndirilməsi problemin həllinə yardım etmir. Ona görə də inzibati metodlardan istifadə edilməsinə ehtiyac var. İnzibati metodlarla bu ənənənin dağılmasına və toyun müəyyən şəxslər üçün biznesə çevrilməsinin qarşısını almaq olar. Bunlar tətbiq edilsə, yeni qurulan ailələr külli miqdarda borca düşüb dərd çəkməzlər”. NICAT İNTIQAM

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here