Yas mərasimindən qalmış borca görə 3 otaqlı evini satıb

527

Azərbaycanda yas mərasimləri ilə bağlı bəzi qadağaların tətbiqi artıq hər kəsə məlumdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında demişdi ki, yas mərasimləri dinimizin tələblərinə uyğun təşkil edilməlidir, eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir.

M. Qurbanlı qeyd etmişdi ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının ayrıca fətvası var və orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də tövsiyəsi var. Bu tövsiyə ondan ibarətdir ki, yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlar burada dinimizin tələblərini yerinə yetirməlidir. Bəzi rayonlarda bu tövsiyələrə əməl edirlər. Artıq Bakıda da yas mərasimlərinin keçirilməsində dəyişiklik var. Ümumiyyətlə, bu məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Mən əminəm ki, ictimaiyyət də, media da bu yöndə düzgün təbliğat aparacaq və biz yas mərasimlərini həm milli adət-ənənələrə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail olacağıq”.

Artıq yas mərasimlərində israfçılıq halları, ehsan verilməsi qaydasına nəzarətlə bağlı  Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətləri tərəfindən addımlar atılır. Sadə insanlar da bu fikirdədirlər ki, yas mərasimlərində hədsiz israfçılığa yol verilir. Əvvəllər yas mərasimləri 3 gün davam edirdi. Amma zaman-zaman adət-ənənələrdə müəyyən dəyişikliklər baş verdi. Hətta son illər bir çox yerlərdə yas mərasimləri də şadlıq saraylarında keçirilirdi. Bu da yas verən ailəyə baha başa gəlirdi. Bir çox insanlar “camaat nə deyər”, “başqasında olubsa bizdə də olmalıdır” və s. məntiqi ilə borc-xərc də olsa başqalarından “geri qalmamağa” çalışırdılar. Nəticədə vəziyyət daha da qəlizləşirdi. Belə insanlardan biri də Mingəçevir şəhər sakini Tariyel Əliyevdir. O, atasının yas mərasimindən sonra külli miqdarda borca düşdüyünü bildirdi: “Evin tək oğlu olduğuma görə atamın yas mərasimində böyük bir yükün altına girdim. Atama canım qurban, evimizin dirəyi idi, fəhləliklə məşğul olurdu, günü çölçülükdə keçirdi. Bacılarımı, məni min bir əziyyətlə böyütmüşdü. Atam dünyasını dəyişəndə cibimdə aldığım 108 manat məvacibim var idi. Qohum-qonşular deyirdilər ki, yas mərasimi öz xərcini ödəyir, el köməyi ölü yiyəsini darda qoymur. Mən də fikirləşdim ki, evin tək oğlu kimi məni əzab-əziyyətlə böyüdən atamın yas mərasimini yüksək səviyyədə təşkil etməliyəm. Dost-tanışdan borc aldım, el adəti ilə 40 gün atama ehsan verdim. Necə deyərlər, o vaxt düşünürdüm ki, bir oğul kimi atamın borcundan çıxdım. Halal xoşu olsun. Yaxınların da məsləhəti ilə hələ üstəlik atama qəbiristanlıqda dəbdəbəli məzar da düzəltdirdim. Hamı kimi mən də dedim ki, qoy atam yanındakılardan əskik olmasın”.

“Sadəcə küyə düşmüşdüm”

Müsahibim deyir ki, “qonşudan qalma dala” prinsipi ilə atasının yas mərasimindən sonra üstünə yüklənən borcu qaytara bilmədiyi üçün yaşadığı 3 otaqlı evini satmalı olub: “Səmimi deyim, hərdən düşünürəm ki, indi bu yas mərasimlərində israfçılığa qarşı çıxarılan qərar o vaxt olsaydı, bəlkədə mən 3 otaqlı mənzilimdən olmazdım. Yasdan sonra maddi durumumuz pisləşdi. Anamın üzünə baxa bilmirəm . O, mənə deyəndə ki, “ay bala, ayağını yorğanına görə uzat, kənar sözlərə fikir vermə, bu qədər xərc edib yas verərlər?” deyirdim ki, “bəs camaat nə deyər, sonra deyərlər ki, tək oğuldur, xəsislik edir. Niyə mənim də atamın qəbir daşı mərmərdən olmasın? İndi hər atamın qəbri üstünə gedəndə narahatlıq keçirirəm. Yəqin atamın ruhu da çox narahatdır, düşdüyümüz vəziyyətə görə narahatlıq keçirir. Düzdür, bir oğul kimi atama yaxşı ehsan verdim, amma nə biləydim ki, bu duruma düşəcəm? İndi düşünürəm ki, əlbəttə, bütün bu etdiklərimin atama heç bir faydası yox imiş, sadəcə küyə düşmüşdüm. Kaş ki, atamın sağlığında onun bütün arzularını yerinə yetirərdim. İndi nə desəm, nə etsəm heç xeyri də yoxdur”.

“Ölü sahibləri bir cəh-cəlal yaradıblar ki…”

Bəli, israfçılığın ən böyüyü elə qəbiristanlıqlardan başlayır. Məsələn, Mingəçevirdəki “Əli qəbirstanlığı” sanki abidələr məskənidir. Burada yatanların ruhları şad olsun. Bu qəbiristanlıqda ölü sahibləri bir cəh-cəlal yaradıblar ki, gəl görəsən. Biz qəbirstanlıqda olarkən bir nəfər dünyasını dəyişmiş yaxınının qəbirüstünə düzəltdirdiyi talvarı böyütdürürdü. Deyir ki, buradan özümüzə də yer götürmüşük. Qəbirsanlıqda Molla Fərman Hacıyevlə rastlaşdıq. O, bu cür halların İslam dininə zidd olduğunu söylədi: “Şəriətdə belə bir şey yoxdur. Qəbir yeri itməlidir. Heç kim ölüsünə abidə qoymamalıdır. Lakin insanlar bir-biri ilə bəhs edirlər”. Bütün fərqli fikirlərə baxmayaraq, zənnimizcə, gündəmdə olan israfçılıqla bağlı məsələ birdəfəlik öz həllini tapsa, yəqin ki, Tariyel kimi insanlar yas mərasimlərində düşdükləri xərcə görə ev-eşiklərindən olmazlar. Birdəki insanlara sağlığında qiymət, dəyər vermək lazımdır ki, sonra peşiman olmayasan…

Esmira Hidayətova