Yarmarkalarda devalvasiya küləyi

547

Ötən həftənin şənbə günü yarmarkaya getmişdim. Rayonda yaşayan tanışlarımdan birini piştaxta arxasında görəndə ondan yan keçməyi özümə sığışdırmadım. Odur ki, ona yanaşdım. Tanışım məni görən kimi xoş-beşdən sonra zarafatından qalmadı:

– Yazar qardaş, sən heç mal alana oxşamırsan. Görünür, yazmağa material axtarırsan?

– Həm ziyarətə gəlmişəm, həm də ticarətə.

– Elə isə çox uzağa getmə, dediklərimdən yükünü tut, bir “jivoy” yazı yaz, qoy ortaya…

– Nə deyirəm ki…

Mənim bu sözlərimdən sonra tanışım başladı, nə başladı:

– Yazar qardaş (sözün düzü, adını unutmuşam, ona görə belə müraciət edirəm), məndən sənə məsləhət, yarmarkaya həmişə televiziya kanalları çəkiliş aparan (çəkilişlər də, adətən, rəsmi şəxslərin müşayiəti ilə səhər tezdən olur) zaman gəl. Bilirsənmi niyə?

Başımı buladım.

– Ona görə ki, çəkilişlər başa çatana kimi bizi məcbur edirlər ki, gətirdiyimiz məhsulları bazarla müqayisədə bir qədər ucuz qiymətə sataq… Elə ki, çəkilişlər başa çatır, biz də məhsullarımızın qiymətini bazar qiymətlərinə uyğunlaşdırırıq. Yəni, necə deyərlər, palaza bürünüb el ilə sürünürük. Neyləyək, yazar qardaş? Bu boyda devalvasiyanın (manatın digər valyutalara nisbətən məzənnəsinin aşağı düşməsi) qarşısını almaq bizim alnımıza yazılmayıb ki… Bir də belə bir problemin qarşısını bizim yarmarkalarla almaq, vallah-billah, mümkün deyil, bu, mənim fikrimcə, gözə kül üfürməkdir. Bəli, mən də yaxşı başa düşürəm ki, bu məqamda xaricdən gətirilən məhsulların bahalaşması qaçılmaz idi. Çünki xarici bazardan dollar və avro ilə alınan məhsulun qiyməti manat ifadəsində avtomatik qalxmış oldu. Zənnimcə, bu bahalaşmanın minimuma endirilməsinə inzibati yollarla nəzarətin, dövlət orqanlarının müdaxilələrinin artması ilə nail olmaq olmaz.

– Bəs yerli sənaye məhsullarına nə sözün, onların da qiyməti artıb axı? – sualı ilə tanışımı imtahana çəkmək istədim. Tanışım şaqqanaq çəkdi və handan-hana dilləndi:

– Rəhmətliyin nəvəsi, məgər sən hələ də bilmirsən ki, bizə indiyədək yerli istehsal adı altında təqdim olunan məhsulların çoxunun yalnız qablaşdırma prosesi məmləkətimizdə həyata keçirilir? Yəni onların əsas elementləri xaricdən gətirilir. Bu çay, süd, şəkər məhsullarına da aiddir. Unutmayaq ki, corabı belə xaricdən alırıq. Bu, belə… Bilirəm, deyəcəksən ki, bəs satdığım meyvə-tərəvəzin, kartof-soğanın qiymətinin bahalaşmasının bu məsələyə nə dəxli var? – Var, yazar qardaş, vallah-billah, var… Axı bu bahalaşmada yazıq kəndlinin də, yazıq fermerin də xərcləri artıb. Yəni o, qazandığı pulu əvvəlkindən daha baha olan bazarda xərcləməyə məhkumdur. Axı elektronikadan paltara qədər, ərzaqdan avtomobilə qədər hər şey bahalaşıb. Özü də 40-50 faiz. Mən məhsulumu ucuz qiymətə satsam, əldə etdiyim vəsaitlə heç nə ala bilmərəm. Yenə deyirəm, çünki qazandığım pulun dəyəri azalıb. Digər tərəfdən, axı mənim də hamı kimi dollarla aldığım kredit borcum var… Onu da hələ birinci devalvasiyadan əvvəl almışdım. İndi ikiqat ödəyirəm… Amma buna qarşı nədənsə mübarizə aparan, bu problemi yoluna qoymağa çalışan yoxdur. Amma bizə deyirlər ki, məhsulunuzu ucuz satın. Harada görünüb belə bir şey? Hamı gözünü dikib yarmarkalara… Belə olan halda, bizi məzəmmət etməyə dəyərmi? Axı dolların bahalaşması bizim də belimizi qırıb… Amma bir çoxları bu adi həqiqəti başa düşmək istəmirlər… Axı biz də sizlərdən biriyik.

Söhbətimizin bu yerində bir nəfər piştaxtaya yaxınlaşdı, məhsulları diqqətlə nəzərdən keçirəndən sonra dedi:

– Bala, incimə, səndən bir söz soruşum, qonşum səhər tezdən bu yarmarkadan bazarlıq edib, hətta mənə dedi ki, məhsulların qiymətləri də üzərindədir… Amma bayaqdan baxıram, sənin satışa çıxardığın heç bir məhsulun qiyməti gözümə dəymir…

Tanışım:

– Ay ağsaqqal, görünür, onları külək aparıb, – dedi.

Həmin adam gülə-gülə soruşdu:

– Devalvasiya küləyi?

Tanışım:

– Hə də, axı indi bu küləyin əsmədiyi məkan yoxdur… Bu külək hələ çox şeyləri uçuracaq…

Qvami Məhəbbətoglu