“Yarışlara kredit götürüb gedirik”

509

Qubalı pəhləvanlar Laçın və Hüseyn Abdulhüseynov qardaşlarını ABŞ-ın “America Got Talant” istedadlar yarışmasındakı çıxışlarından hər kəs tanıyır. Onların səhnədə göstərdikləri nömrələr dünyanın bir çox ölkələrinin telekanallarında nümayiş olunub və maraqla qarşılanıb. Lakin adları “Dünya rekordlar kitabı”na düşən həmin qardaşlar bu gün çox çətin şəraitdə – 3 qardaş eyni evdə yaşayırlar. Qardaşlardan biri – Laçın Abdulhüseynov doğulub boya-başa çatdığı rayonda növbəyə durmaqla torpaq alıb özünə ev-eşik tikmək istəsə də, buna nail ola bilmir. Laçın Abdulhüseynov “Yeniavaz”ın suallarını cavablandırıb.

– Sosial şəbəkədəki səhifənizdə üzləşdiyiniz problemlə bağlı paylaşım etmisiniz. Xahiş edirik bu barədə daha ətraflı məlumat verəsiniz.

– Biz 3 qardaş eyni evdə yaşayırıq. Mən 2006-2007-ci ildən Qubada torpaq növbəsindəyəm. Aidiyyəti qurumlar neçə ildir mənə söz veriblər, amma get-gələ salırlar. Bir çox yerlərdə torpaq paylanır. Gəlmələr, kimin pulu var torpaq alır, növbənin aidiyyəti yoxdur. Lakin mən neçə dəfə xahiş elədim, söz verirlər, əməl etmirlər.

– Sonuncu dəfə nə vaxt müraciət etmisiniz?

– Sonuncu dəfə Quba bələdiyyəsinin sədri Zakir müəllimlə görüşdüm. Dedim ki, söz vermisiniz, məni get-gələ salmısınız, düzəlirsə, verin torpağı. Qayıtdı ki, mənim oğlum 95-ci ildən növbədədir, torpaq ala bilmir. Açıq danışsaq, onun oğlu 50 minlik maşın sürür, mən isə piyada gəzirəm. İkincisi, 20-30 ildir Qubada torpaq növbəsində olanlar var, heç ala bilmirlər. Pulun varsa alacaqsan, pulun yoxdursa ala bilməyəcəksən. Mənə deyir ki, niyə sənə torpaq verməliyəm? Dedim Zakir müəllim, mən ən azından idmançıyam, rayonumuzu, ölkəmizi başqa ölkələrdə təmsil edirəm, adını ucaldıram, mənim bu sənətdən heç bir xeyirim yoxdur. Hansısa xarici ölkəyə getmək üçün mənim camaata, banklara borcum var. Deyir nə olsun Azərbaycanı təmsil edirsən, öz şan-şöhrətin, öz gəlirin üçün edirsən. Ona cavab verdim ki, gəlirim üçün edirəmsə, niyə banklara borcum var? Öz cibimin xərci ilə, dostlarımın köməyi ilə gedib ölkəmizi təmsil edirəm. Dedim əgər siz öz işinizi qanunla görürsünüzsə, mən də qanunla sizdən işimi tələb eləyərəm. Həmin şəxs 3 ildir Qubada bələdiyyə sədridir. Həmin müddətdə satılan torpaqların araşdırılmasını bir vətəndaş olaraq tələb edəcəyəm. Mən qardaşımla bir evdə yaşayıram, neçə ildir torpaq ala bilmirəm. Satmaq üçün istəmirəm, yaşamaq üçün istəyirəm. Qanuni yolla haqqım olan bir şeyi tələb edirəm bunlardan.

– Siz rayonun özündə qeydiyyatdasınız, yoxsa kəndində?

– Mən Qubanın kəndində doğulmuşam. Uşaqlıqdan kənddən qeydiyyatdan çıxmışam. Bəhanə gətirirdilər ki, sən burada qeydiyyatda deyilsən. Amma köhnə bələdiyyə məni qeydiyyata almışdı. Zakir müəllimin özü ilə görüşəndə gördü ki, Quba şəhərində qeydiyyatdayam. Şəxsiyyət vəsiqəmi göstərdim ki, mən Qubada Heydər Əliyev prospekti 227 ünvanında yaşayıram. Başqa bir səbəb göstərə bilmədi.

Mən dedim ki, dövlət nə qanun qoyubsa, əməl etməyə hazıram, torpağın dövlət rüsumunu da ödəyirəm. İstəsələr, əziyyətə dəyər verən insan olsalar, bunu edə bilərlər.

– Problemlə bağlı yuxarı instansiyalara müraciət etmisinizmi?

– Dünən bu problemlə bağlı məktub yazıb yola salmışam. Məktublar Prezident İlham Əliyevə, surətləri Mehriban xanım Əliyevaya, Baş nazir Artur Rəsizadəyə, Milli Məclisin spikeri Oqtay Əsədova, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Gənclər və idman naziri Azad Rəhimova, Quba rayonundan olan millət vəkili Vahid Əhmədova, deputat Qənirə Paşayevaya ünvanlanıb.

– Amerikaya gedib-gəlmək üçün kifayət qədər vəsait tələb olunur. Bu vəsaiti haradan alırdınız?

– Amerikaya 2-ci tura gedəndə imkanımız yox idi, bilirsiniz ki, orada çox bahadır hər şey. Qardaşımla Quba Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdük. Bildirdik ki, biz “Ginnesin rekordlar kitabı”na rəsmi namizədik, “Dünya rekordlar kitabı”na düşmüşük. İcra başçısı bizə bildirdi ki, xaric sizə bu qədər pul verir, neyləyirsiniz həmin pulları? Dedi öz şan-şöhrətiniz üçün edirsiniz hər şeyi. Azərbaycanın qədim sənətini yaşadırıq biz. Bu sənətin itib-batmaması üçün çalışırıq. Bizi yola verdi, artıq söz danışmadıq, qapını örtüb çıxdıq.

Oradan çıxandan sonra zəng vurdum Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Möhbalayevə. M. Möhbalayev 2008-ci ildən bu işdə çalışır. Mən “Pəhləvan Əli” idman klubunun baş məşqçisiyəm. 2008-ci ilədək rayonun idmançıları respublika yarışlarında həmişə uğur qazanıb. Lakin bu şəxs vəzifəyə gələndən sonra biz yarış üzü görmürük. Gedəndə də öz cibimizin pulu ilə gedirik yarışlara. Heç bir dəstəyi, heç bir köməkliyi yoxdur. Deyəndə bizə kömək eləyin, deyir dövlət büdcəyə pul ayırmır. Amma belə şey yoxdur axı, cənab Prezident dəstəkləyir idmançıları. Qubalı idmançıları danışdırsanız məlum olar ki, heç kimə dəstək göstərilmir. Qubada idman yox dərəcəsindədir. Dedim Mustafa müəllim, Amerikaya gedirik, ölkəni təmsil eləmək lazımdır, dəstəyinizi göstərin. Mənə deyir gedib orada özünüz üçün şou yaradırsınız. Mustafa Möhbalıyevin şou yaradırsınız dediyi verilişi özünüz gördünüz ki, bütün dünya kanalları, Türkiyənin kanalları, Rusiyanın kanalları, Gürcüstanın, Ukraynanın kanalları da göstərdilər. Azərbaycanın qədim sənətini gedib Amerikada göstərib amerikalıları heyrətləndirmək böyük bir uğurdur. Mənim Qubada işləyən, vəzifədə olan məmurlarım belə dəyərləndirirlər bizim uğurlarımızı, təəssüf.

– İştirak etdiyiniz yarışlardan pul qazana bilirsinizmi?

– Yarışların heç birindən gəlirimiz yoxdur. Əksinə, özümüz cibimizdən pul xərcləyirik. Dəstək göstərən Qubalılarımız da var, bunu danmaq olmaz. Amma aidiyyəti qurumlardan dəstək görməmişik. Müəyyən xərcləri həmin verilişin təşkilatçıları özləri çəkirlər. Amma elə xərclər var ki, biz özümüz çəkməliyik. İki dəfə gedib-gəlməyimizə Amerika tərəfi 30-40 min dollar pul xərcləyib.

– Yenidən nə vaxt gedəcəksiniz Amerikaya? Təkliflər varmı?

– Amerikada bir dəfə 7 gün qalmışıq, ikinci dəfə 5 gün. Hazırlaşmağımız var, məşqlərimiz var, yəni xərclərimiz az olmur. Yarışma davam eləyir, yenidən dəvət olunacağıq. Onu da deyim ki, hazırda 5 ölkədən dəvət almışıq. Dəvət edirlər ki, gəlin bizimlə işləyin. Xarici ölkələrdən birinin sirkində işləmək təklifi də edilib. Bir neçə ölkədən bizə vətəndaşlıq təklifi də gəlib. Bildirmişik ki, Azərbaycanın qədim sənətini təmsil edirik, başqa ölkənin, dövlətin bayrağı altında çıxmaq istəmirik. İmtina eləmişik. Xalqımız həqiqətən də bizə dəyər verir, sevilirik. Bizi də həvəsləndirən budur. Yoxsa çoxdan ruhdan düşmüşdük, çoxdan bu sənəti atmışdıq. Mənim gözlərimdən öpürlər ki, niyə o nömrəni göstərirsən. Bizə də çox maraqlıdır ki, camaat bu qədər hörmət bəsləyirsə, məmurlarımız niyə dəyər vermirlər?

– Müraciətiniz ictimailəşəndən sonra sizə Qubadan torpaq verilsə…

– Ev tikəcəm, övladlarımla yerləşəcəm, yaşayacağam insan kimi. Hazırda 3 qardaşın bir evi var, bir yerdə yaşayırıq. Aldığım torpaqda özüm üçün ev tikib yaşayacağam.

– Yeri gəlmişkən, ailənizi necə dolandırırsınız, gəlir yeriniz varmı, işləyirsinizmi?

– İş yerimiz yoxdur, heç yerdə işləmirik. “Pəhləvan Əli” idman klubumuz fəaliyyət göstərir. Bu klub 27 ilə yaxındır fəaliyyət göstərir. Atam sağ ikən deyirdi ki, kasıbdan, şəhid ailəsindən pul almayın. İmkanı olmayanlardan, kasıblardan, şəhid ailələrdən heç vaxt pul almırıq. Çünki müharibə şəraitində olan ölkənin xidmətindəyik. Bizim elə də gəlirimiz yoxdur, hətta məşqçi də burada təkbaşına dərs keçir və imkanım olanda ona maaş kimi pul verirəm. Demək olar, oradan da gəlirimiz yoxdur.

– Sizə başqa hansı şəraitin yaradılmasını istəyərdiniz?

– Bunlardan ev istəmirik, maşın istəmirik. Bizim 27 ilə yaxındır Qubada ilk idman zalı kimi fəaliyyət göstərən zalımız bərbad vəziyyətdədir. Orada bir az şərait yaradılmasını istəyərdik. Təsəvvür edin, o zalda hamam yoxdur, uşaqlar tərli-tərli məşqdən çıxırlar və xəstələnirlər. Xaricdə ölkələrimizdə çıxışlarımıza, dəvətlərimizə köməklik göstərsinlər ki, gedib vətənimizi təmsil edə bilək. Tədbirlərdə iştirak edək. Vətənpərvərlik mövzusunda konsert təşkil eləsinlər, imkan yaratsınlar biz çıxaq orada bu sənəti təmsil edək. Quba Mədəniyyət Evində çıxış üçün dəfələrlə şərait yaradılmasını xahiş eləmişik, amma imkan yaratmayıblar. Xarici festivallarda çıxışımız üçün şərait yaradılmasını istəyərdik.

– Yeri telekanallarımız sizi verilişlərə dəvət edirlərmi?

– Ukraynadakı uğurlarımızdan sonra bir-iki telekanal dəvət elədi. Ancaq onlar istəyirlər ki, biz hər verilişdə ağır nömrələr göstərək. Bu isə mümkün deyil, çünki ağır nömrə göstərdikcə travma alma riskimiz artır. Xarici telekanallar isə daha çox dəvət edirlər.

– Bir ara sosial şəbəkələrdə film çəkilişlərinə dəvət almağınızla bağlı məlumat yayılmışdı.

– Amerikada kino çəkilişlərinə dəvətlə bağlı təklif var. Hazırda menecerimiz Ziya Zamanov onlarla danışıqları davam etdirir. Başqa ölkələrdən də təkliflər gəlir. Təkliflərin hamısına “hə” demək olmur. Rekord nömrələrimizlə bir ölkədə çıxış edəcəyik. Bütün təhlükəli nömrələrimizi orada nümayiş etdirəcəyik və “Ginnesin rekordlar kitabı”na düşəcəyik. İstəyərdim Azərbaycan pəhləvanlar qrupu yaradım, ölkəmizi başqa ölkələrdə bu ad altında təmsil edim…

Nicat