Yardımına ehtiyacım var…

0
675

– Ey dostum Həsənqulu! Son günlər iştaham yaman pozulub.
Belə ki, səhər tezdən kabab yeyəndə axşam lülə yeyə bilmirəm, axşam kabab yeyəndə səhər tezdən lülə boğazımdan keçmir. İstəyirəm, bir işə əl vuram, birdən məni gərnəşmə tutur. Elə ləzzətlə gərnişirəm ki, az qalıram yıxılam yerə. Ya da bir işi görməyə başlayanda fikir məni aparır indiyədək olmadığım yerlərə… Mənə elə gəlir ki, misli görünməmiş bir azara dücar olmuşam. Bir dəli şeytan da deyir ki, ver özünü Avropa ölkələrindən birinə və əməlli-başlı müalicə olun (Bizim həkimlərə nədənsə ürəyim qızmır da…) Amma indi belə bir addım atmağa qorxuram. Çünki eşitdiyimə görə, mənim fəaliyyətimi yoxlayırlar. Sözün düzü, əvvəllər mən heç belə xəyalə düşməzdim. Yəni bir qayda olaraq, burnumun suyu axan kimi Avropadan həkim dəvət edərdim villama, o da məni müalicə edərdi. Keçəl halva yeyər, puluna minnət də… Pul dedim, bir zamanlar bankdan bəh-bəhlə aldığım kredit yadıma düşdü.

Ey dostum Həsənqulu, əslində sənə bu məktubu yazmağım elə bu pulla bağlıdır. Bayaqdan bəri ərz etdiklərim el dilincə desək, kinodan əvvəl göstərilən jurnal kimi bir şey idi (Yeri gəlmişkən, sovet dönəmində bir babat kinodan əvvəl jurnal adı ilə 10-15 dəqiqəlik bir sənədli film göstərmək dəbə düşmüşdü. Səhv etmirəmsə: “Elə bu, jurnal idi” ifadəsi də o zamandan formalaşıb). Nə isə indi keçək əsas mətləbə…

Ey dostum Həsənqulu… Yəqin, xəbərləri izləyirsən… Vaxtilə aldığı kredit borcunu ödəyə bilməyən daha bir iş adamı da dünən saxlanılıb (Niyə “daha bir” ifadəsini işlədirəm. Ona görə ki, belələrinin sayı o qədərdir ki, artıq sayını itirmişəm). Bilmirəm, o, dindiriləndən, daha doğrusu, bankdan aldıqlarını ödəyəndən sonra buraxılacaq, yoxsa yox? İnandırım səni, hər dəfə bir həmkarım saxlanılanda sanki o dünyanı görüb gəlirəm. Bu mənada bu isti yay günlərində o dünyanı görüb qayıtmaqdan daha bir azara mübtəla olmuşam.

Deyirəm, ay Həsənqulu, sən ağıllı adamsan, bəlkə, mənə bir məsləhət verəsən… Bildiyin kimi, mən də indi adını çəkmək istəmədiyim bankdan filan qədər (külli-miqdarda deməyə dilim gəlmir) borc almışam. Lakin onu təyinatı üzrə deyil, başqa-başqa istiqamətlərdə xərcləmişəm. Mən biləni, qanunvericilikdə kredit borcunu təyinatı üzrə istifadə etməyən və borcunu qəsdən ödəməkdən yayınan şəxslərlə bağlı cəzalar var. Belə ki, əgər vətəndaş borcunu ödəməzsə, o zaman, borcun məbləğindən və digər nüanslar nəzərə alınmaqla şəxs, 2 ildən 5 ilə kimi həbs edilə bilər. Hə, bunu niyə dedim? Hiss edirəm ki, bu gün-sabah o qara buludlar mənim də başımın üstünü kəsdirəcək. Yəni ürəyimə damıb ki, məni də əyani şəkildə belə bir “gəzinti” gözləyir. O buludları ram etmək üçün isə səndən ağıllı adam ağlıma gəlmədi. Odur ki, sənə müraciət etmək fikrinə düşdüm.

Ey dostum Həsənqulu, yəqin, bilirsən də mənim bir neçə yerdə dediyin o Avropa standartlarına uyğun villalarım var (O ki qaldı xaricdəkilərə… Bəzi qohumlarımın adına sənədləşdirdiyim xaricdəki bəzi mülk və obyektləri tamam başqa kənar şəxslərin mülkiyyətinə keçirilməsi üçün göstəriş vermişəm. Onlardan daha qorxum yoxdur). Deyirəm, bəlkə onlardan ən bahalılarını, Bakı yaxınlığındakı, həm də Nabrandakı dənizkənarı villalarımı deyirəm, hər birini bir qədər ucuz qiymətə, yəni 300 milyon dollara satım? Çünki başqa çıxış yolum yoxdur. Əks halda, qorxuram ki, onlar əlimdən çıxa… Bax gör çevrəndə bir babat adam varsa, göndər mənə tərəf razılaşaq. Eşitdiyimə görə, Moskva tərəflərdə babat tanışların var. Vallah, onlar hər yetənə qismət olası villalar deyil…

Deyirəm, bəlkə, bununla bağlı qəzetində bir elan yerləşdirəsən. Üstəlik, mənim fədakarlıqlarımla, yəni işgüzarlığımla bağlı zəhmətkeş məktubları təşkil edib, yuxarılara göndərəsən. Qoy görsünlər ki, mən bu xalq üçün, vətən üçün necə can yandırmışam. Deyirəm, bəlkə köməyi dəyər. Eşitdiyimə görə, həmkarlarımdan biri bu yolla onu gözləyən fəlakətdən xilas ola bilib. Əgər bu işdə mənə yardımçı olsan, həmin o kreditə aldığım14 minlik ayaqqabımı sənə hədiyyə edərəm. Hə, nə deyirsən?

Səbirsizliklə cavab gözləyirəm.

P.S. Yanlış olaraq elektron ünvanıma göndərilmiş bu yazı kriteriyalarıma uyğun gəldiyi üçün onu dərc etməyə özümə borc bildim.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here