Yaponiyanın göz həkimləri Mingəçevirdə 1640 nəfəri müayinə ediblər

Yaponiyanın”Fuci Optikal” şirkətinin görmə qabiliyyətinin müayinəsi üzrə tanınmış alimi, yaponiyalı doktor Akio Kanainin rəhbərliyi ilə iyulun 11-dən 13-dək Mingəçevir şəhərində qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün təşkil edilən ödənişsiz göz müayinəsini və eynək paylanışı kampaniyası uğurla başa çatıb. Müayinələrdə iştirak edən insanlar onlara göstərilən diqqət və qayğıdan razılıq ediblər.

 

Gözlərini müayinə elətdirən Ağdam sakini, məcburi köçkün Nofəl Nuriyev səhhəti ilə bağlı ona qayğı gəstərən bu hümanitar aksiyanın təşkilatçılarına, Azərbaycan hökumətinə və yaponiyalı həkimlərə təşəkkür edib: “Hökumətimiz bizi Mingəçevirdə yeni salınan köçkün şəhərciyində evlə təmin edib, hazırda bu yaraşıqlı mənzillərdə yaşayırıq. Gözlərimdə görmə problemi var idi. Yaponiyanın həkimləri məni də müayinə etdilər və mənə eynək verdilər. Bizə göstərilən bu diqqət və qayğıya görə dövlətimizin rəhbərinə öz təşəkkürümü bildirirəm.

 

Şuşa şəhərindən olan məcburi köçkün Esmira Musayeva şəkər xəstəsi olduğunu və uzun müddətdir ki, gözlərində problem olduğunu və zəif gördüyünü bildirib: “Dəfələrlə biz köçkünlər yardımlarla təmin olunmuşuq. Hökumətimiz bizim hər cür qayğı ilə əhatə olunmağımız üçün əlindən gələni edir. Ona görə də Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bu gün məni də yapon həkimləri müayinə etdilər və eynək verdilər. İndi yaxşı görürəm”.

 

Ağdam köçkünü Dilarə Dadaşova uzun illərdir ki, göz ağrısından əziyyət çəkdiyini və ona görə bu hümanitar aksiyada iştirak edərək müayinə olunduğunu bildirib: “Yaşadığımız ərazidə məcburi köçkünlər üçün verilən binanın yaxınlığında yapon həkimləri bizi müayinə etdi. Çox sağ olsunlar, xəstə adamam, həkimə gedə bilmirdim. Bu gün mən də gözlərimdən müayinə olundum. Allah Prezidentimizin canını sağ eləsin ki, biz qaçqınları unutmur”.

 

Məcburi köçkün İlyas Kazımlı köçkünlər üçün yaradılan şəraitə görə dövlətimizin rəhbərliyinə öz minnətdarlığını bildirib: “Mən də göz xəstəsiyəm. Dəfələrlə müayinə olunsam da heç bir nəticə yox idi. Görmə qabiliyyəm zəif idi, çox əziyyət çəkirdim. Eşitdim ki, şəhərimizə Yaponiyadan tanınmış mütəxəssislər gəliblər. Həkimlər məni müayinə edib eynəklə təmin etdilər. Yapon həkimi doktor Akio Kanainiyə də minnətdarlıq edirəm ki, o məni səbrlə dinlədi və məni yüksək səviyyədə müayinə etdi. Allah bizim hökümətimizdən razı olsun”.

 

Qeyd edək ki, Yaponiyanın tanınmış göz həkimləri Mingəçevirdə 1640 nəfəri müayinə edərək onları pulsuz eynəklə təmin ediblər.

Esmira Hidayətova, Mingəçevir