Yaponiya Orta Asiyada təsir dairəsi uğrunda mübarizəyə qoşulur

0
548

SSRİ dağılandan sonra başda ABŞ olmaqla Qərb dövlətləri ilə Rusiya və Çin arasında Orta Asiyada təsir dairəsi uğrunda gedən mübarizəyə qoşulan dövlətlərin sayı artmaqdadır.

Bunu müəyyən fasilədən sonra Yaponiyanın yenidən öz diqqətini Orta Asiyaya çevirməsi də sübut etməkdədir. Qeyd edək ki, Yaponiya müstəqilliyini əldə edən Orta Asiya dövlətlərinin çətin günlərini yaşadıqları dövrlərdə onlara ilk yardım əlini uzadan dövlət olub. Həmin dövrdə Yaponiya ərzaq baxımından çətinlik keçirən Orta Asiya dövlətlərinə 500 milyon dollardan artıq humanitar yardım göstərdi. Təsadüfi deyil ki, ötən əsrin 90-cı illərində Orta Asiyada Yaponiyanın bölgəyə sərmayə qoyacağına və ölkələrinin də məhz yapon iqtisadi inkişaf modeli əsasında inkişaf edərək güclü və qüdrətli dövlətlərdən birinə çevriləcəyinə böyük ümidlər bəslənilirdi. Lakin Yaponiya ötən əsrin 90-cı illərinin sonlarında gözlənilmədən Orta Asiya ölkələrinə münasibətdə seyrçi mövqeyi nümayiş etdirməyə, bu regiona sərmayə qoymaqda tərəddüd etməyə başladı. Bu da öz növbəsində Çinə tədricən bölgədə təsir dairəsi uğrunda gedən mübarizədə üstünlüyü ələ almağa və bölgəyə daha çox xarici sərmayə qoyan dövlətə çevrilməyə imkan verdi. Bu baxımdan tarixboyu Asiyada Çinlə iqtisadi, siyasi və hərbi strateji baxımdan nüfuz dairəsi uğrunda mübarizə aparan Yaponiya bölgəyə münasibətdə gec də olsa yenidən çevik siyasət nümayiş etdirməyə başlayıb. Hər halda ötən ay Yaponiyanın baş naziri Sintzo Abenin Orta Asiyayaya səfəri bölgədə həm Çinlə, həm də digər dövlətlərlə təsir dairəsi uğrunda gedən mübarizəyə Yaponiyanın da qoşulduğunu üzə çıxardı.

Orta Asiyaya 25 milyard dollar

Yaponiya sərmayəsi

Ötən ayın üçüncü on günlüyünün əvvəllərində daha dəqiq desək, oktyabrın 23-də 9 illik fasilədən sonra bölgəyə səfər edən Yaponiyanın baş naziri Sintzo Abenin bölgə dövlətləri rəhbərləri ilə apadığı danışıqlar beynəlxalq aləmin əsas diqqət mərkəzində olub. Bu da əsassız deyil . Yaponiyanın gözlənilmədən nəzərini Orta Asiyaya çevirməsi gündoğar ölkənin uzaq gedən iqtisadi və siyasi maraqları ilə izah edilir. Bu müstəvidə də Yaponiya Baş nazirinin öz səfərinə bölgənin və dünyanın qazla ən zəngin ölkələrindən olan Türkmənistandan başlaması Tokionun bölgənin ən zəngin bazarlarından birini ələ keçirməkdə maraqlı olduğunun nümayişinə çevrildi. Yaponiya baş nazirinin Aşqabadda prezident Qurbanqulu Berdıməhəmmədovla keçirdiyi görüşlərinin nəticəsində yapon iş adamlarının Türkmənistanın neft və qaz yataqlarının istismarına, həmçinin təbii qazın emalı məqsədi ilə qaz emalı və qaz-kimya zavodlarının inşası üçün 18 milyard dollar dəyərində sərmayə qoymaları barədə dünyada ən iri anlaşma imzalandı. Sintzo Abenin Daşkəndə səfəri və burada İslam Kərimovla apardığı danışıqlar nəticəsində isə yapon şirkətlərinin Özbəkistana 8,5 milyard dollar sərmayə qoyması barədə razılıq əldə edlib. Bundan əlavə Yaponiya hökumətinin Özbəkistanda yeni istehsal sahələrinin yaradılması və tibbi xidmətin yaxşılaşdırılmasına 12,7 milyard ien (105 milyon dollar) ayrılması haqqında da razılıq əldə edilib. Ümumiyyətlə Yaponiya hökuməti Özbəkistanda həyata keçiriləcək layihələrə təxminən10 milyard dollar həcmində vəsait qoyacaq.

Tərəflər yüksək texnologiyalar sahəsində əlaqələrin daha da genişləndirilməsi və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı da razılığa gəlib və bu çərçivədə də Özbəkistanla Yaponiya arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı birgə bəyanat qəbul edilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində altı sənəd imzalanıb. Tərəflər arasında əldə edilən razılığa əsasən “Yapan Oil” və JOGMEC kompaniyaları “Özbekneftqaz” kompaniyası ilə birlikdə yeni qaz yataqlarının istismarı ilə bağlı birgə tədbirlər həyata keçirəcəklər. Digər bir bir layihə isə Daşkəndddə yeni İstilik Elektrik Stansiyasının inşası ilə bağlı həyata keçiriləcək. Bundan əlavə Yaponiya kompaniyaları “Navoiazot” kompaniyası ilə birgə yeni ammiak və karbamid zavodu inşa edəcəklər.

Kasıb ölkələrə də yapon sərmayəsi

Yaponiya Orta Asiyanın ən kasıb ölkələrindən olan Qırğızıstan və Tacikistana böyük həcmdə sərmayə qoymaqda maraqlı olduğunu nümayiş etdirir. Yaponiya yeraltı sərvətlərlə bir o qədər də zəngin olmayan Tacikistanda kimya, dağ-mədən sənayesinin və telekommunikasiya sahəsinin inkişaf etdirilməsinə, 8,5 milyard dollar sərmayə qoymaq barədə adı çəkilən ölkə rəhbərliyi ilə müvafiq anlaşma imzalayıb. Bundan əlavə Yaponiya Pyanc rayonunun su təchizatının həyata keçirilməsinin başa çatdırılmasına yardım etməyi, Əfqanıstanla sərhədin möhkəmləndirilməsinə kömək etməyi də vəd edib. Qırğızıstanda isə Yaponiya bu ölkənin dağ-mədən sənayesinin inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına böyük həcmdə maliyyə yardımı edəcək. Bununla əlaqədar Yaponiya Baş naziri: “Qırğızıstan sənayesinin inkişaf etdirilməsi üçün bu ölkəyə kadr hazırlığında yardım edəcək və bunun üçün qırğız tələbələrin Yaponiyanın ali-texniki məktəblərində hökumətimizin hesabına təhsil almasına kömək göstərəcəyik”,-deyib.

Qazaxıstan da Yaponiyanın

xüsusi diqqət mərkəzindədir

Yaponiya Qazaxıstana münasibətdə çevik siyasət yeritməyə başlayıb. Buna da səbəb beynəlxalq aləmdə baş verən maliyyə böhranının müəyyən qədər Qazaxıstan iqtisadiyyatına mənfi təsir etməsi və nəticədə ölkədəki ümumdaxili məhsulda geriləmənin özünü göstərməsidir. Qeyd edək k, Qazaxıstanla Yaponiya arasında isti münasibətlər hələ ötən əsrin 90-cı illərindən mövcuddur. Belə ki, ölkənin ana şəhəri olan Astananın baş planı yapon Kisye Kurokava tərəfindən hazırlanıb. Tərəflər arasında əldə edilən razılığa əsasən Yaponiya iş adamları və iri şirkətləri ölkədə Atom Elektrik Stansiyasının inşa edilməsinə, tibb sistemi üçün yüksək səviyyəli kadrlar hazırlanmasına yardım edəcəklər. Bundan əlavə Yaponiyanın JOGMEG korporasiyası “Kazgeologiya” ilə birlikdə nadir metalların axtarışı və aşkar edilərək istismarını həyata keçirəcəklər. Həmçinin Yaponiya şirkətləri Qazaxıstanda yeni uran yataqlarının işlədilməsində və uran istehsalının azı 3 dəfə artırılmasında iştirak edəcəklər.

Çinlə rəqabət

Yaponiyanın Orta Asiyada yenidən fəallaşması Qərbin əksər aparıcı siyasətçiləri və tanınmış politiloqları tərəfindən Çinin bölgədə həyata keçirməyə başladığı “İpəkyolu İqtisadi kəməri” layihəsinə qarşı müvafiq addımlar atmaq və bu sahədə Pekinlə tarazlığı bərpa etmə və tədircən onları bölgədən sıxışdırıb çıxarmaq cəhdi kimi dəyərləndirilir. Məsələn, Rusiya Tədqiqatlar Mərkəzinin direktoru Natalya Stapanın fikrincə, Yaponiyanın Orta Asiyada fəallaşmasının arxasında Çinin “İpək yolu” layihəsinə qarşı tarazlaşdırıcı tədbirin həyata keçirilməsi dayanır. Bununla belə Orta Asiyadakı Sukuba Yapon universitetinin əməkdaşı, bölgə üzrə tanınmış mütəxəssis Timur Dadabayev belə hesab edir ki, yapon iş adamlarının bölgədə fəallaşması Çin amili ilə əlaqədar deyil. Onun fikrincə, bunun arxasında Yaponiya şirkətlərinin bölgənin yanacaq-enerji ehtiyatlarından belə demək mümkünsə öz paylarını alması, onların iqtisadi maraqlarının təmin edilməsi dayanır. Yeri gəlmişkən onu da deyək ki, yapon iş adamlarının Orta Asiyada fəallaşmasını Avrasiya İqtisadi Birliyində sakit, təmkinlə qarşılayıblar. Bununla bağlı bir nəfər mütəxəssis belə yapon iş adamlarının bölgədə fəallaşmasının Avrasiya İqtisadi Birliyinə zərər vura biləcəyi barədə açıqlama verməyib. Bununla belə yapon iş adamlarının Orta Asiya bazarında fəallaşması bölgəyə 10 milyardlarla sərmayə qoyan və oranın neft və qaz ehtiyatlarının öz bazarına nəql edilməsinə nail olan Çin üçün ciddi rəqabət demək olduğu anlamına gəlir. Xatırladaq ki, hazırda Türkmənistan qazını Çinə nəql edən qaz kəməri fəaliyyət göstərir. Bu qaz kəməri vasitəsi ilə Çinə nəql edilən qazın həcminin yaxın illərdə 65 milyard kubmetrə çatdırılacağı gözlənilir. Bu isə olduqca böyük rəqəmdir. Digər tərəfdən də Çin bölgə ölkələri ilə qonşu olmasından istifadə edərək bölgənin iqtisadi baxımdan istifadə edilməsi, xeyir gətirməyən sahələrinə belə sərmayə qoyur. Məqsəd bu yolla bölgədə iqtisadi baxımdan daha da möhkəmlənmək, qonşu ölkələri maliyyə baxımından özündən asılı vəziyyətə salmaqadır. Bu baxımdan Yaponiya iş adamlarının bölgədə fəallaşması və buraya böyük həcmdə sərmayə yatırması həm iqtisadi, həm də siyasi baxımdan region ölkələrinin Çindən asılılığını azaltmağa imkan verəcək. Hər halda Yaponiyanın müxtəlif şirkətləri ilə həvəslə əməkdaşlıq etməyə başlayan bölgə ölkələri də məhz bu yolla Çindən iqtisadi asılılığı zəiflətmək niyyətindədirlər.

ƏZIZ MUSTAFA,