Yaponiya hökumətinin Ağcabədidəki növbəti layihəsi başa çatıb

706

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən “Ağcabədidə məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb. Layihə çərçivəsində Ağcabədi şəhər 1 və 11 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb. Layihənin başa çatması münasibətilə Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbdə yeni tikiləyə baxış keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Kenci Aşidaç, Ağcabədi rayon İcra Hakimiyyətinin məsul işçiləri və rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.

Layihənin əsas məqsədi məktəbdə yeni sanitar qovşağı tikməklə şagird və müəllim heyəti üçün gigiyenik şəraiti təkmilləşdirməkdir. Kenci Aşidaç layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda 4 layihə həyata keçirib və bu, 5-ci layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır.

Məlumat verilib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin artırılması ilə bağlı ümumi dəyəri 18 milyon 37 min 869 ABŞ dolları olan 211 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edib və bu yardımların ümumi məbləği artıq 1,1 milyard ABŞ dollarını keçib.

Qeyd edək ki, layihə BMT-nın Uşaq Fondunun Azərbaycandakı nümayəndiliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Esmira Hidayətova