Yapon mühəndisin intiharı

522
İstanbulda yaponların inşa etdiyi üçüncü körpüdə yük saxlayan trosun qopması  ilə müşahidə olunan qəza o qədər böyük qalmaqala səbəb oldu ki, işə məsul mühəndis vicdan əzabına tab gətirə bilmədi və  bilək damarlarını doğrayaraq intihar etdi.
 Türkiyədə işləyib pul qazanmağa gəlmişdi,  evinə cənazəsi döndü. Nə qədər acı bir sonluq, elə deyilmi? Amma ən betəri bu deyildi, o idi ki, araşdırmalar sonucunda intihar edən mühəndisin o qəzada təqsirkar olmadığı üzə çıxdı. Məlum oldu ki, qalın trosları daşıyıcı dirəklərə bağlayan parçalar standarta uyğun, daha doğrusu işə yararlı deyilmiş. Məsələnin ən betər tərəfini də söyləyimmi? – O böyüklükdə qurğuda hər şey Yaponiya istehsalı olub, bircə o parça türk malı olub ki, o da hər şeyi bərbad elədi. Arada asma körpü sahəsində dünyanın ən bacarıqlı mütəxəssislərindən biri həyatından oldu.İntihar etdiyinə görə mən o yapona bəraət qazandırmıram. Çünki intiharın nə qədər böyük günah, Allaha qarşı üsyan olduğunu bilirəm. Amma o yaponun halına da çox acıyıram. Kaş ki o addımı atmayaydı, səbirlə oturub araşdırmaların nəticəsini gözləyəydi.  Belə çıxır ki, adam vicdanının qurbanı oldu. İstər-istəməz düşünürsən ki, o keyfiyyətsiz parçanı hazırlayan türk mühəndis necə, vicdan əzabı çəkirmi?Onu da düşünürsən ki, niyə türk malı yapon malının yanında bu qədər zəif qalır, ölü görünür? Yaxşı, bəs türk malı o hala düşürsə, görəsən bizim malımız nə hala düşər?

Bu mövzu ilə bağlı ən çox avtomobillə yol gedərkən, daha doğrusu, maşın yamaqlı yollardan xart-xurt eləyib keçəndə düşünürəm. Yolu neçə illiyə çəkərlər? İstifadəyə verilmiş yolun hansı müddətdən sonra təmiri, daha doğrusu, yamaqlanma prosesi başlamalıdır. Adət eləmişik ki, yol istifadəyə veriləndən sonra ardınca da təmıri gəlməlidir. Ən çox da Sədərək bazarının yuxarı tərəfində yeni çəkilmiş yol ağla gəlir. O yol açılandan bəri bir neçə dəfə təmirə bağlanıb. Yol axır və bunu görmək, anlamaq üçün heç mühəndis olmağa da lüzum yoxdur. Çünki aşağı tərəfi bərkidilməyib. Əgər xatırlayırsınızsa, ötən il həmin yol bağlandığı üçün sürücülər məcbur olur bu bazarın “şlaqbaumu”nun altından keçməli, hər keçdikcə də haqsız yerə əllı qəpik ödəməli olurdular. Həmin yol yenə bağlıdır. Amma bu dəfə sürücülər daha çox bazarın arxasından fırlanmağa üstünlük verirlər.

Əgər məsələyə o yaponun baxışı ilə yanaşsaq, gərək ölkədə mühəndis qalmaya. Bir də ki məsələ təkcə körpü tikməklə tamamlansa, nə vardı axı? Guya bizim müəllimimiz, həkimimiz, alimimiz dağı dağ üstünə qoyurlar. Hər kəs bilir ki, yeddi-səkkiz il Tibb Universitetinə ayaq döymüş alitəhsilli həkimlərimizi Avropada heç tibb bacısı, feldşer kimi də işə götürmürlər. Bəzən şairlərimiz, yazıçılarımız da vətən sevgisindən, vətənpərvərlikdən kitab üstünə kitab bağlayırlar. Əmin olun ki, nə yaponlar, nə də almanlar vətən mövzusunu bizim qədər dillərinə dolamayıblar. Görünür, bu vətənin özü kimi adı da bizim üçün çörək yeridir. Kim nə deyir desin, vətənpərvərlik öz işini adam kimi yerinə yetirməkdir, rüşvət almamaqdır, vətəndaşına səmimi münasibət bəsləməkdir, məsuliyyət hissidir, dürüst olmaqdır. Bunlar olmayandan sonra adamın adamlığı bir şeyə yaramır. Adi bir misal gətirim: Dünyada hər dövlətin, xalqın müəyyən markaları var. “Bizim hansı markamız var?” sualı ətrafında düşünəndə, etiraf edim ki, xeyli çətinlik çəkirəm. İstəyirəm “nar” deyim, amma o da bizim deyil ki? Havasını, suyunu, torpağını Allah verir. Biz olsa-olsa hərdən dibini belləyirik. Neft də onun kimi, Allah verib, biz də satıb başımızı girləyirik.

Amma yapon məhrumiyyətlər içində adalar üzərində qurduğu dövlətlə dünyaya meydan oxuyur. Almaniya 1945-ci ildə başdan-başa xarabalıqlar halına gəlmiş olsa da, öz iradəsi ilə qalxdı, şahlandı, bu gün də Avropanın aparıcı dövləti halına gəlib.

Nə isə… Amma o yapon mühəndisi unuda bilmirəm. Görünür, yapon qədər vicdanlı olmaq da bir şey deyilmiş.

Əlİ Çərkəzoğlu