YAP-ın uğur və qələbələr salnaməsində mühüm mərhələ

21 dekabr 1999-cu il. Bu tarix həm Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP), həm də müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Belə ki, həmin gün xalq tərəfindən sevilən və ölkəmizin bütün rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 2228 nümayəndənin, eləcə də xarici ölkələrdən gəlmiş 30-dan artıq qonağın iştirakı ilə keçirirlən Yeni Azərbaycan Partiyasının I qurultayında ulu  öndər Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi millət vəkili, Azərbaycan Respulikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev YAP Sədrinin müavini seçilib. Ümummilli Lider, eləcə də partiyanin üzvləri tam əmin idilər ki, məhz cənab İlham Əliyev YAP-ın sıralarını daha da genişləndirə (o zaman YAP-ın 159.556 nəfər üzvü var idi) və bu partiyanın müstəqil Azərbaycanın  gələcəyi üçün müyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla davam etdirərək reallığa çevirə bilər. Yeri gəlmişkən, qeyd edək ki, YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklərlə təsdiq olunub. Bununla da təşkilatın strateji xətti təsbit edilib, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun müasir beynəlxalq aləmdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilib.

Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev bu vəzifədə ikən partiyanın bütün tapşırıqlarını çox böyük məharətlə yerinə yetirib. Təkcə bir faktı xatırladaq ki, 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına cənab İlham Əliyev başçılıq edib. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə qələbə əldə edərək Milli Məclisdə deputat yerlərinin böyük əksəriyyətini qazanıb. Daha doğrusu, 124 deputat yerindən 75-ni tutub, üstəlik, cəmiyyətdəki nüfuz və təsir gücünü daha da artırıb. Cənab İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə isə geniş və çoxşaxəli fəaliyyət göstərib. Xüsusilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş cənab İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti ona həmişə inam bəsləyən xalqına qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Məhz cənab İlham Əliyevin qətiyyətli çıxışları nəticəsində torpaqlarımızın 20%-ni işğal etmiş erməni təcavüzkarları, həmçinin onların havadarları Avropa Şurasında ifşa olunub, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında Qərb dünyasında obyektiv fikir formalaşıb, həmin münaqişəyə düzgün siyasi qiymət verilib.  Elə bu fəallığına görə, cənab İlham Əliyev iki il sonra partiyanın növbəti qurultayında YAP Sədrinin 1-ci müavini, 2005-ci ildə isə Sədri seçilib.

Cənab İlham Əliyevin möhkəm təməl üzərində qurulan YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Belə ki, partiyanın sosial bazası güclənməklə yanaşı, günün tələblərinə uyğunlaşdırılıb. Bu gün ümumxalq partiyasına çevrilən YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələri reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi partiyanın tərəfdarlarının sayının artmasına səbəb olub. Hazırda bu təşkilatın sıralarında 700 mindən çox insan cəmləşib. Şübhəsiz, bu da hər şeydən əvvəl YAP-ın Sədri və ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasətinin və ideyalarının davam etdirilməsinin və yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirməsinin, partiyanın proqramında irəli sürülmüş əsas vəzifələrin – dövlət müstəqilliyinin möhkəmləndirilməsinin, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasının, vətəndaşların dinc və firavan həyatının təmin olunmasının nəticəsidir.

Məhz cənab İlham Əliyevin partiya, dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan Cənubi Qafqazda lider, dünyada qüdrətli dövlət kimi tanınır. Ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artması, mövqeyinin möhkəmlənməsi, söz sahibinə çevrilməsi, “ASAN xidmət” kimi Azərbaycan brendinin dünyaya təqdim edilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması, “Yeni əsrin müqaviləsi”nin imzalanması, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, ümumiyyətlə, nəhəng infrastruktur layihələrinin icrası, ölkəmizin kosmik klubun üzvü olması onun adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurların miqyası o qədər böyükdür ki, onları sadalayıb başa çatdırmaq mümkün deyil. Bir sözlə, cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla icra edərək ölkəmizi tarixinin ən qüdrətli dövlətinə çevirməyə nail olub. Bu mənada son 15 ildə iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur.

Cari ilin fevralın 8-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VI qurultayında dövlətimizin başçısı deyib ki, Azərbaycan növbəti illərdə də öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da möhkəmləndirəcək: “O ağır vəziyyətdə məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi…onun dəmir iradəsi, xalqın ona olan sevgisi, rəğbəti Azərbaycanı, bax, bu müstəqillik yoluna çıxarıbdır. Biz də bu müstəqil yol ilə gedirik və gedəcəyik”.

Şübhəsiz, əldə olunmuş bütün bu uğurlar Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin düşünülmüş siyasətinin bəhrəsidir. YAP bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Bütün bunları bir daha analiz edəndə belə qərara gəlmək olur ki, ümumiyyətlə, Azərbaycanın inkişafında YAP-ın və onun rəhbərlərinin – ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin özünəməxsus rolu var. Ölkə vətəndaşları ulu öndər Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdikləri kimi, cari ildə keçirilən prezident seçkilərində də məhz Azərbaycanın taleyini yenidən onun layiqli davamçısı cənab İlham Əliyevə etibar ediblər.

Qvami Məhəbbətoğlu, “İki sahil