Yanmış binaya görə 5 milyon ayrıldı

523

Nazirlər Kabineti Binəqədi rayonunda baş vermiş yanğınla bağlı sərəncam imzalayıb. Baş nazirin müavini Abid Şərifovun imzaladığı sərəncam zərər çəkmiş ailələrə maddi yardım göstərilməsini nəzərdə tutur. Sərəncamda deyilir:

 

1.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15.000,0, (on beş min) manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20.000,0 (iyirmi min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilsin.

 

2. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3000000,0 (üç milyon) manat vəsait ayrılsın.

 

3. Bu Sərəncamın 1-ci və ya 2-ci hissələrində göstərilən məsələlərin həlli və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5000000,0 (beş milyon) manat məbləğində vəsait ayrılsın.

 

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Bu Sərəncamın 3-cü hissəsində göstərilən vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin.

 

5. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, bu Sərəncamın 2-ci hissəsində göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə verilsin.

 

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.