Yanlış düşüncələr, xətalı deyimlər

0
616

Bu günlərdə telekanallarımızın birində folklorla bağlı söhbət gedirdi.

Təbii ki, söhbətə mütəxəssislər də dəvət edilmişdilər. Aparıcı və eləcə də qonaqlardan biri folklor nümunəsi adı altında çox sayda mənasız, zərərli söz yığnağının olduğunu dilə gətirsələr də, folklorçu alim hər şeyi təmizə çıxarmağa çalışır və məşğul olduğu sahəyə, Anadoluda deyildiyi kimi, toz qondurmaq istəmirdi. Təsəvvür edin ki, hər kəsin zarafatlə işlətdiyi və qorxaqlığı təbliğ edən “igidlik ondur, doqquzu qaçıb qurtarmaq, biri də gözə görünməmək” sözünü folklorçu alim qəhrəmanlıqla bağlamağa çalışır və dediyini əsaslandırmaq üçün dəridən-qabıqdan çıxırdı. Bəli, bu həqiqətdir ki, bu gün dilimizdə atalar sözü adı altında tanınan çox sayda mənasız, zərərli sözlər mövcuddur. Təbii ki, o sözlərin hamısı da təfəkkürdən, daha doğrusu, yanlış düşüncədən qaynaqlanır. Həm də nə yazıq ki, o yanlış düşüncə və o düşüncənin doğurduğu atalar sözü, zərb-məsəl, nə bilim daha necə adlanan zərərli, daha doğrusu, zəhərli sözər bizdə düşündüyümüzdən qat-qat artıqdır. Ona görə “zəhərli” deyirik ki, bir deyimi atalar sözü kimi irəli sürəndə qarşı tərəf əksər hallarda etiraz etməyə çəkinir. Çünki bizdə fərqli düşüncə ənənəsi hər zaman xoş qarşılanmır. Bir çox hallarda isə rədd edilir. Təsəvvür edin ki, on beş yaşlı bir gənc o cür atalar sözlərini oxuyur, həqiqət kimi qəbul edir və qəbul etdikləri onun xarakterinin, dünyagörüşünün formalaşmasında nə qədər aşındırıcı rol oynayır. Bu problem daha çox dini mövzularda özünü göstərir. Nəyin nə olduğunu bilməyən birisi fərqinə belə varmadan xətalı sözlər işlədir, günah danışır. Ona görə də bu mövzuda bəzi qeydlərimizi dəyərli oxucularımla paylaşmağı borc bilirik. Bir də o həqiqəti xatırlatmaq istəyirik ki, xətasız danışa bilmək çox böyük nemət imiş və insan bunu oxuyub öyrəndikcə başa düşür.

Biz Allah-Təalanı necə tanıyırıq…

Allaha iman məsələsindən başlayaq. Allah-Təala Özünü Qurani-Kərimdə tanıdır.

– Quranda Allah-Təalanın cinsiyyəti haqda heç bir bilgi verilməyib. Bizdə isə bəziləri əsəbiləşəndə “səni o kişiyə tapşırıram” deyir. Bu, günahdır.

– Küfr dolu belə bir söz var ki, onu atalar sözü kimi təqdim edirlər: “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma”. Bu söz o qədər bərbad bir düşüncənin təzahürüdür ki, haqqında danışmaq belə istəmirik.

– “Yoxdan Allah da bezardır”. Bu söz küfrün, günahın özüdür ki, var. Çünki Allah-Təala istədiyini istədiyi qədər yoxdan var edə bilir.

– Birisi xətasını etiraf edəndə belə deyir: “Allah ağlımı aldı, mən də bu işi elədim”. Demək lazımdır ki, ay filankəs, Allah-Təala doğru yolu göstərir, düşünməyi əmr edir, haramdan uzaq durmağı buyurur. Allah-Təala ağıl verir, ağıl almır. Sən öz xətanı, öz günahını kimin boynuna atmaq istəyirsən?

– Bəzən çox danışan adam haqqında belə deyirlər: “Ağzını qoyub Allah yoluna, boş-boş danışır”. Min dəfə “əstəğfrüllah” deməyin gəlir. Allah yolunda olan adam heç boş-boş danışarmı, günah edərmi?

– Birisinin əli insanlardan üzüləndə deyirlər: “Filankəsin işi Allaha qalıb”. Soruşmaq istəyirik: kimin işi Allaha qalmayıb ki? Və ya Allahın iradəsi xaricində kimin nə hünəri var ki? Hər şey Allahın iradəsi daxilində deyilmi? – Əlbəttə, elədir. Bəs onda zavallı, bu zülmət düşüncə hardan çıxır?

– Başqa bir misal: bizlərdə xeyir-şər deyəndə toyla yası nəzərdə tuturlar. Bütün ölümlər Allah-Təalanın əmri ilə, iradəsi ilədir. Əgər Allahın əmri vaqe olursa, insan niyə bu hadisəyə şər deməlidir? Allahın əmrinə şər demək əxlaqa yaraşarmı?

Bu saydıqlarımız o xətaların, o günahların hamısı deyil. Özü də görürsünüzmü bütün bu ifadələr atalar sözü, zərb-məsəllər kimi təqdim olunur. Bu küfrü uydurmağa cahilin ağlı yetməz. Bu, şeytan qədər çoxbilmiş düşüncələrin məhsuludur. Ona görə də ağzımızdan bir söz çıxaranda gərək ciddi-ciddi fikirləşək ki, o sözün mənası nədir, bizə günahmı qazandırar, savabmı…

Allah-Təala göndərdiyi Quranda özünü bizə tanıtdırır: O, mərhəmətlilərin ən mərhəmətlisidir; O, sonsuz Qüdrət sahibidir; Bizi yoxdan var edən Odur; Bizi öldürəcək, öldürəndən sonra da dirildib sorğu-suala çəkəcək olan da Odur; O, bizim sahibimizdir, bütün ehtiyaclarımızı ağlımıza gəlməyən yerlərdən qarşılayandır; bizim dünyada da, axirətdə də xoşbəxt olmağımız üçün lazım olan hər şeyi açıqlayıb… Peyğəmbərimizin təbirincə desək, ana öz övladını nə qədər çox sevirsə, Allah öz bəndələrini ondan daha çox sevir. Və bir də bildirilir ki, kim Allahı necə tanısa, Ona necə inansa, Allah da ona onun tanıdığı kimi münasibət göstərər.

Mələklər haqqında düşüncələrimiz

Bütün İlahi kitablarda mələklərdən bəhs edilir. Mələklər Allah-Təalanın sadiq xidmətçiləridir. Onlarda yemək-içmək, şəhvət hissi yoxdur. Dörd böyük mələk var: Həzrəti Cəbrayıl (ə.s.), Həzrəti Mikayıl (ə.s.), Həzrəti Əzrayıl (ə.s.), Həzrəti İsrafil (ə.s.). Hər bir mələyin də öz vəzifəsi var. Təbiətdə baş verən hadisələrin hamısı mələklərin iştirakı ilə gerçəkləşir. Amma nə yazıqlar ki, bizim mələklər haqqında təsəvvürümüz də doğru-düzgün deyil. Bir çox məsələlərdə, sözlərdə onlar istehza obyektivimizə çevrilirlər. Xüsusilə də Cənabi-Əzrayıl. “Əzrayıl kimi başımın üstünü nə kəsdirmisən?”, “Əzrayıl üzünü görsün”, “Əzrayılın xalası oğlu” kimi ifadələr heç də xoş deyil və Allahın o mübarək mələyinə qarşı bizim hörmətsizliyimizdir.

Allah-Təalanın kitabları haqqında düşüncələrimiz

Bilindiyi kimi, Allah-Təala bəzi peyğəmbərlərə səhifələr endirib, bəzilərinə isə kitab verib. Allah-Təala göndərdiyi peyğəmbərlərlə insanlara vəhylər çatdırıb. Dörd İlahi kitab məlumdur: Həzrəti Musaya Tövrat, Həzrəti Davuda Zəbur, Həzrəti İsaya İncil, Həzrəti Məhəmmədə isə Qurani-Kərim. Müsəlman heç bir İlahi kitabı inkar edə bilməz. Allah-Təala o kitabları tarixin müxtəlif dövrlərində göndərib ki, bəşəriyyət onu əsas tutaraq həyatını qursun. Ancaq bəzi tarixi mərhələlərdə insanlar Allah-Təalanın kitabına müdaxilə edərək orada bir çox dəyişikliklər ediblər.

Sonuncu İlahi kitab və bəşəriyyətə göndərilmiş ən böyük möcüzə olan Qurani-Kərim isə nazil olduğu dövrdə necədirsə, eləcə də qalıb. Allah-Təala Qurani-Kərimdə buyurur ki, bu kitabı biz endirdik, qiyamətə qədər də onun mühafizəçisi özümüzük.

Kitablar haqqında fikrimizi belə tamamlayırıq ki, bir kimsə Allah-Təalanın göndərdiyi kitabları doğma, ögey deyə ayırmasın. Allah-Təalanın göndərdiyi bütün kitablar, bütün mesajlar öz dövrünə və zamanına görə qanundur. Qurani-Kərim isə nazil olduğu vaxtdan qiyamətə qədər bəşəriyyətin həyat rəhbəridir.

Peyğəmbərləri bir-birindən seçməyin

Qurani-Kərimdə bildirilir ki, peyğəmbərləri bir-birindən seçməyin. Hər peyğəmbər müəyyən zaman və ya məkan içində Allah-Təalanın müxtəlif xalqlara, qövmlərə göndərdiyi müəllimlər, doğru yol göstərənlərdir. Bütün peyğəmbərlər Allah-Təalanın əmrlərini təbliğ etmiş, insanlara haqq yolunu göstərmişlər. Onların hamısı müsəlmandırlar, yəni Allah-Təalaya təslim olmuş insanlardır. Müsəlman sözünün mənası “Allaha təslim olaraq həyatını Allah-Təalanın buyuruqları üzrə yaşayan insan” deməkdir. Yəni Həzrəti Nuh dövrünün möminləri ona inananlar və onun gəmisində tufandan qurtaran insanlardır. Həzrəti Musa dövrünün müsəlmanları isə onun tərəfini tutan və ona arxa çevirməyənlərdir. Həzrəti İsa dövrünün möminləri isə onun apostolları, yəni ardıcıllarıdır. Məsələyə fərqli prizmadan baxanda belə bir mənzərə görünür ki, Allah-Təalanın göndərdiyi haqq peyğəmbərləri təsdiq etmiş, Onun əmri altına girmiş insanlar düz yolda olublar, müsəlmandırlar, mömindirlər və qiyamət günündə də cəhənnəm atəşindən qurtaracaqlar.

Təbii ki, peyğəmbərlərin seyidi və əşrəfi olan, bir qövmə, bir xalqa deyil, bütün bəşəriyyətə, nəinki bəşəriyyətə, aləmlərə rəhmət olaraq göndərilən Həzrəti Məhəmmədin qaldırdığı İslam bayrağı altında yer almaq çox böyük şərəfdir və Allah-Təala bu şərəfi bizlərə verdiyi üçün nə qədər şükr etsək, yenə azdır.

Əgər dəyərli oxucularımızdan kimsə peyğəmbərləri doğma-ögey kateqoriyasına bölürlərsə, bu, çox böyük xətadır. Çünki peyğəmbərlərin hamısı bizim peyğəmbərlərimizdir və onların hamısına hörmət göstərmək də Allahın və Rəsulullahın əmridir. Məlum peyğəmbərlərdən birini inkar edən imandan çıxmış olar. Ona görə də bu məsələdə həssas davranmaq lazımdır. Bütün peyğəmbərlər Allah-Təalanın elçisidir və biz də müsəlman olaraq onların heç birini inkar etmirik.

Qəzavü-qədər mövzusunda xətalarımız

Qədər Allah-Təalanın hər birimiz üçün yazdığı alın yazısıdır. Qəza isə o alın yazısının həyata keçməsidir. Qurani-Kərimdə buyurulur ki, Allah-Təalanın istəyi, iradəsi olmasa, bir yarpaq belə budağından qopub düşə bilməz. Yəni başımıza gələn hər şey Allah-Təalanın izni, iradəsi ilədir. Bir insanın doğulması, müxtəlif vasitələrlə sınağa çəkilməsi, ölməsi Allahın iradəsi ilədir.

Amma bizdə bəziləri qəzavü-qədər iradəsinə zidd şeylər danışmaqdan, yazmaqdan çəkinmirlər. Allah-Təala onların bu xətasını cahilliklərinə bağışlasın. Məsələn, nekroloqlara yazırlar ki, “filankəsin vaxtsız ölümü”… Bir daha təkrarlayırıq ki, hər şey Allah-Təalanın əmri ilədir və Allah-Təala kimə ömrü nə yaşda yazıbsa, o yaşda da baş verir. Bir kimsə Allah-Təalanın yazısını bir an nə irəli, nə də geri yayındıra bilər. Ona görə də “vaxtsız ölüm” ifadəsi qəzavü-qədər həqiqətinə ziddir.

Başqa bir məqam: ömür vəfa etsəydi… bu adda kitablar, məqalələr yazılır. Ömür vəfa edir, vəfasız varsa, o da bizik.

ƏLI ÇƏRKƏZOĞLU