“Yan”larımıza məsləhət

699

Bu məsələni məndən qabaq cavan yoldaşlarım ortalığa qoya bilərdilər və gərək də qoyaydılar, amma qoymadılar.

Söhbət Henrix Mxitaryan barəsindədir. Oxuculara məlumdur ki, bu erməni dığası Almaniyanın “Borussiya” klubunun yarımmüdafiəçisidir. Deyilənlərə görə, pis oyun nümayiş etdirmir. Oxuculara o da məlumdur ki, “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri məhz Dortmund “Borussiya”sıdır. Bu isə o deməkdir ki, “Borussiya”nın bu ilin oktyabr ayının 22-də Bakıda keçirəcəyi oyunda həmin bu erməninin də meydanda peyda olmaq ehtimalı var. Amma Mxitaryanın “çp”si olduğu və bu səbəbdən adı “qara siyahı”mıza salındığı üçün rəsmi Bakı ona viza verməyə bilər. Belə ki, Mxitaryan Ukraynanın “Şaxtyor” klubunda çıxış edərkən Dağlıq Qarabağa – Xankəndiyə səfər edib. O, həmin vaxt Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan başda olmaqla bir qrup assosiasiya rəsmiləri ilə oradakı uşaq evində olub və Azərbaycana qarşı vuruşmuş 15 erməniyə hədiyyələr (televizor, paltaryuyan maşın, soyuducu) verib. Özü də o bu məqsədlə iki dəfə Qarabağda olub. Halbuki qanunlarımıza görə, bizim torpaqlara səfər ancaq Azərbaycan ərazisindən mümkündür və həmin bölgəyə səfər etmiş istənilən şəxs Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Dövlətimizin icazəsi olmadan Dağlıq Qarabağa səfər etmiş istənilən şəxs “qara siyahı”mıza salınır və bundan sonra onun ölkəmizə səfəri mümkünsüz olur.

Bu kiçik xatırlamadan sonra nəzərinizə çatdırım ki, dünyada nəşr olunan bəzi qəzetlər başlayıblar buna görə bizi məzəmmətə, üstəlik, bizi futbolu siyasətə qarışdırmaqda ittiham etməyə. Məsələn, Rusiya Futbol İttifaqının prezidenti vəzifəsini icra edən Nikita Simonyan Henrix Mxitaryanın Azərbaycana buraxılmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib: “İdman qanunları ilə götürsək, Azərbaycan Mxitaryanı buraxmağa borcludur. Əgər buraxmasalar, klub və ya Mxitaryan UEFA-ya müraciət etməlidir”. Üstəlik, ərz edib ki, Azərbaycanın qanuni cəhətdən Mxitaryanı oyuna buraxmamaq üçün əsası yoxdur. Əgər Bakı maneə törətsə, bu, futbol qanunlarının kobud şəkildə pozulması olacaq. Siyasi vəziyyətə görə Henrixi buraxmamaq heç bir məntiqə sığmır”.

Sözün düzü, xaricilərin belə fikirləri məni o qədər də narahat etmir və bu kimi fikirləri təbii qəbul edirəm. Lakin içimizdəki bəzi “ziyalı”larımızın Mxitaryanın təəssübünü çəkmələri, onun üçün əldən-ayaqdan getmələri və üstəlik, buna görə dövlətimizi qınamalarını heç cür başa düşə bilmirəm. Bu erməni dığası nə belə matah düşüb anlaya bilmirəm… Vallah, belələri az qalıb ki, bu erməni dığasının hüquqlarını müdafiə məqsədilə bir komitədən-filandan təşkil etsinlər. Nədən biz öz qanunlarımıza hörmətlə yanaşmaq, onları təbliğ etmək istəmirik? Axı nə üçün belələri unudurlar ki, qanun hər kəs üçündür. Görünür, onlar bu cür “humanistlikləri” ilə dünyada ad-san qazanmaq istəyirlər. Necə ki, Orxan Pamuk qazandı. Bir də məgər beynəlxalq qanunlar yalnız bizəmi şamildir? Baxın görün ermənilər hansı bəşəri qanunlara riayət edirlər? Görəsən, ermənilər öz valideynlərinin məzarlarını ziyarət etməyə getmiş həmyerlilərimizi – Dilqəm Əsgərovu və Şahbaz Quliyevi hansı qanunlara əsasən həbs ediblər? Görəsən, öz doğma yurd-yuvasındakı məzarları ziyarət etmək nə vaxtdan beynəlxalq qanunlara ziddir? Bəlkə belə bir qanun var, xəbərimiz yoxdur? Bəs niyə görə hansısa erməni ziyalısı etiraz səsini ucaltmadı? (Zənnimcə, bu yerdə Sabirin: “Kim nə deyir bizdə olan qeyrətə? Qeyrətimiz bəllidir hər millətə” misralarını xatırlatmaq yerinə düşərdi). Yaxud fransızlar “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən etmədimi? Buna görə birillik həbs və ya 45 min avro cərimə nəzərdə tutulmadımı? Məgər bu, bəşəri qanunlarla uzlaşır?

Ay Mxitaryanın təəssübünü çəkənlər, daha bu qədər də yox da. Məgər siz şəhid olmuş qardaş və bacılarımızın narahat ruhlarından xəcalət çəkmirsiniz. Mən demirəm ki, humanistlik etməyək, edək, amma qədərincə, qaydasında da. Amma “barıt”ı bu qədər çox etməyək də..

Qvami