Yanacağa olan tələbat daxili istehsal hesabına ödəniləcək

Dünən Bakıda II Azərbaycan Dövlət Neft Şirkətinin (ARDN) Neft-Qaz emalı və Neft-Kimya Kompleksi (NQNK) Forumu öz işinə başlayıb. 
İki gün davam edəcək forumda “İri neft-qaz emalı və neft-kimya layihələrinin LST mərhələləri”, “Qaz-kimya sənayesi üzrə texnoloji nailiyyətlər və bazar tendensiyaları”, “Neft və qaz sahəsi üzrə əsas avadanlıq, material və xidmətlər”, “NQNK layihələrinin maliyyə-hüquqi xüsusiyyətləri”, “İri layihələrin reallaşdırılmasında razılaşdırma, logistik, torpaq, ekoloji və digər aspektlər” və “İrimiqyaslı layihələrdə yerli podratçıların təcrübəsi” mövzuları ilə bağlı müzakirələr aparılacaq. ARDNŞ-in prezidenti Rövnəq Abdullayev forumun açılışında bildirib ki, rəhbərlik etdiyi şirkət dünyanın neft-qaz siyasətində mühüm rol oynayır.

R. Abdullayev qeyd edib ki, hazırda NQNK layihəsinin təşəbbüskarları Layihələndirmə-Satınlama-Tikinti (LST) adlanan ikinci mərhələyə, yəni layihənin bilavasitə həyata keçirilməsi mərhələsinə başlayır: “Bu forum həm dünya, həm də yerli miqyasda şirkətlərə yüksək səviyyədə neft-qaz emalı və neft-kimya sahəsi üzrə təcrübə və texnologiyalarını təqdim etmək üçün unikal şərait yaradacaq”.

 

H. Əliyev adına Neft Emalı Zavodunun fəaliyyəti daha 15 il uzadıla bilər

Yeni Neft Qaz Emalı və Neft Kimya Kompleksinin Neftayırma Zavodu (OGPC) 2030-cu ilə istismara veriləcək. Bunu dünən Bakıda keçirilən ARDNŞ Neft-Qaz emalı və Neft-Kimya Kompleksi forumunda şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhramanov bildirib.

Onun sözlərinə görə, kompleksin tikinti qrafikinin dəyişilməsi Azərbaycanın bəzi layihələrdə iştirakı ilə əlaqədardır. T. Qəhrəmanov qeyd edib ki, bu vəsaitlər “Şahdəniz 2” layihəsi çərçivəsində görülən işlər (TANAP, TAP layihələri), Türkiyədəki “Star” Neft Emalı zavodunun tikintisi üçün yönəldiləcək. Bu baxımdan qərara alınıb ki, mövcud olan H. Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işləri aparılsın və onun fəaliyyəti 15 il daha da uzadılsın.

ARDNŞ-in vitse-prezidenti kompleksin birinci mərhələsinin tikintisi 2020-ci ildə başa çatacağını açıqlayıb: “Bu mərhələdə yeni qaz emalı zavodu istismara veriləcək ki, bu zavodun illik emal gücü 12 milyard kubmetrə bərabərdir. Həmçinin illik 860 min ton polimer istehsalı edə bilən neft-kimya zavodu da açılacaq”.

”Birinci mərhələnin layihə dəyəri 7 milyard dollar həcmində dəyərləndirilir. Ondan 2,1 milyard dollarını Azərbaycan dövləti 5 il müddətində hissə-hissə ayıracaq. Qalan 4,9 milyard dolları isə cəlb edilmiş vəsaitlər hesabına maliyyələşdiriləcək”, – deyə T. Qəhrəmanov qeyd edib.

Qeyd edək ki, kompleksin tikintisi zamanı 15-16 min nəfərin işlə təmin olunacağı, kompleksin istifadəyə verildiyi zaman isə 2 min nəfər peşəkar mühəndisin, ümumilikdə isə 8 minə yaxın şəxsin işlə təmin ediləcəyi bildirilib. Kompleksin istismara verilməsi Bakı şəhərində və Sumqayıtda bir sıra zavodların, həmçinin onlarla əlaqəli bəzi müəssisələrin fəaliyyətinin dayandırmasına, bu ərazilərdəki ekoloji vəziyyətin normallaşmasına gətirib çıxaracaq.

 

”Azərneftyağ” Neft Emalı Zavodunun fəaliyyəti isə yaxın 2-3 ilə dayandırılacaq

ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bildirib ki, “Azərneftyağ” Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır. ARDNŞ prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək: “Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq”, – deyə o əlavə edib.

 

Mazut istehsal olunmayacaq

ARDNŞ əsas hədəfi müasir Avropa standartlarına uyğun yanacağın istehsal edilməsidir. Bunu ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov Bakıda keçirilən II NQNK Kompleksləri forumunda deyib. Onun sözlərinə görə, Avropa standartlarına yanacağın istehsal edilməsi Azərbaycanda mazut istehsalından tamamilə imtina olunmasına gətirəcək.

D. Məmmədovun proqnozlarına görə, ölkədə 2,4 milyon ton benzin, 2,7 milyon ton müasir dizel istehsal olunacaq: “Bu da ARDNŞ-ə Gürcüstandakı şəbəkənin tələbatını qismən ödəyəcək”. Vitse-prezident deyib ki, ölkədə neft emalı zavodlarının modernləşdirilməsi başa çatdıqdan sonra, bütün yanacaq növləri “Avro-5” ekoloji standartına cavab verəcək: “Bitum və maye qaz istehsalı bu standarta uyğun istehsal olunacaq. Bu da bizim gələcək tələblərimizi ödəyəcək. Bitumun 354 min tonunun istehsalı tamamilə mazut istehsalının dayandırılmasına səbəb olacaq. Bununla da 2030-cu ilə qədər bütün növ yanacaqlarla Azərbaycan öz tələbatını tam ödəyəcək”.

 

Ölkədə avtomobillər üçün sıxılmış təbii qaz stansiyaları tikiləcək

ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib ki, gələn ildən Azərbaycanda altı sıxılmış təbii qaz stansiyalarının (CNG) inşasına başlanacaq. Onun sözlərinə görə, bu cür stansiyaların tikilməsi üçün hökumət ARDNŞ-yə müvafiq tapşırıqlar verib: “Artıq “Azəriqaz” və bir neçə şirkət sıxılmış təbii qaz stansiyalarının (CNG) tikilməsi layihəsinə başlayıb. Sıxılmış təbii qaz ilk olaraq gələn ilin birinci yarısında Bakıya gətiriləcək qazla işləyən avtobuslarda istifadə olunacaq”. R. Abdullayev qeyd edib ki, stansiyalar Bakı və paytaxtın ətrafında yerləşəcək. O, əlavə edib ki, stansiyaların sayı ilbəil artacaq: “Azərbaycanın hər 180 km-də bu stansiyalar yerləşdiriləcək. Düşünürəm ki, bu həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəlidir. Gürcüstanda bunun müsbət nəticəsini gördük”.