“Yalqız Qərb” Permə gedir…  

365

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçiriləcək I Beynəlxalq Martin MakDonax Festivalına dəvət almışdır. Oktyabr ayının 7-dən – 14-dək davam edəcək festivalda teatrın kollektivi dramaturqun  “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcəkdir.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Oskar mükafatçısı Martin MakDonax Festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya üçün olduqca əhəmiyyətli teatr hadisəsidir. Festivalın məhz Perm şəhərində keçirilməsinın səbəbi isə ondan ibarətdir ki, Permdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan “У моста” teatrının səhnəsində dünyada ilk dəfə olaraq dramaturqun 7 pyesi hazırlanaraq nümayiş etdirilmişdir. Buna görə də teatr 2008, 2010 və 2012-ci illərdə bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür. “XXI əsrin əsas dramaturqu”, “Müasir səhnənin möcüzəsi” və digər ləqəblərə malik Martin Makdonaxın da iştirakının nəzərdə tutulduğu festivalda həmçinin Moskva Bədaye Teatrı (Moskva), Sankt Peterburqun Böyük Dramatik Teatrı, Almaniya, Avstriya, Perm, Bosniya-Hesoqovina, Çexiya, Polşa, İjevsk və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər.

Festival çərçivəsində rejissorlar üçün İrlandiyanın “Dekadent” teatrının bədii rəhbəri Endryu Flinin iştirakı ilə seminar-treninqlərin, MakDonax yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərslərinin keçirilməsi, habelə Martin MakDonaxın dünya teatrlarında səhnəyə qoyulmuş tamaşalarının video versiyasına ictimai baxış və müzakirəsi, teatr tənqidçilərinin dəyirmi masa arxasında tamaşaların müzakirəsi, İrland rəqsləri üzrə ustad dərslərinin təşkili də nəzərdə tutulmuşdur.

Məlumat üçün bildirək ki, ötən mövsümdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm Nazirliyi və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində Oskar mükafatçısı Martin MakDonaxın “Lineyn Trilogiyası”na daxil olan “Lineynin Gözəllik kraliçıas”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını səhnələşdirilmişdir. Böyük Britaniyanın teatr mütəxəssisləri və teatrımızın gənc rejissor və aktyorlarının birgə işi olan, eləcə də Azərbaycan teatr məkanında ilk dəfə olaraq bir müəllifin 3 əsərinin bir gündə təqdim olunması həm teatr ictimaiyyətinin, həm də tamaşaçıların böyük marağına səbəb olmuşdur.