“Yalqız Qərb” mükafata layiq görüldü…  

424

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçirilmiş I Beynəlxalq Martin MakDonax Festivalından dönmüşdür. Oktyabr ayının 7-dən – 14-dək davam edən festivalda teatrın kollektivi dramaturqun  “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış etmişdir.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa etmişlər.

7 gün davam edən festivalda ölkəmizlə yanaşı, Almaniya, Polşa, Moskva, Çexiya, Avstriya, Böyük Britaniya, Bosniya və Hersoqovina, Perm, Sankt-Peterburq, İjevsk və digər ölkələrin teatr kollektivləri iştirak etmişlər. Festivalın iştirakçısı olan teatr kollektivləri dramaturq Martin Makdonaxın yaradıcılığına aid maraqlı səhnə əsərləri ilə çıxış etmişlər. Nümayiş olunan hər tamaşadan sonra keçirilən müzakirələr festivalın nüfuzlu münsiflər heyətinin  rəhbərliyi ilə baş tutmuşdur. Festivalın münsiflər heyətinə dünyaca məşhur teatr xadimləri – Adolf Şapiro (Moskva), Valeriy Anisenko (Belarus), Vladas  Baqdonas (Litva), Rolan Bonnin (Fransa), Oleq Efremov (Moskva), İlya Lerner (Çexiya), Patrik Lonerqan ( İrlandiya), Nina Mazur (Almaniya), Oleq Pivovarov (Moskva), Pavel Podkladov (Moskva), Vladimir Speşkov (Çelyabinsk), Vera Şamin (Kazan) rəhbərlik etmişlər.

“Yalqız Qərb” tamaşası oktyabr  ayının 12-də Permdə fəaliyyət göstərən “У моста” teatrının böyük səhnəsində nümayiş etdirilmişdir. Tamaşadan sonra münsiflər heyətinin iştirakı ilə müzakirələr və permli jurnalistlərlə mətbuat konfransı keçirilmişdir. Münsiflər heyəti tamaşa haqqında yüksək fikirlər səsləndirmiş, jurnalistlər yaradıcı heyətə suallar ünvanlamışlar.

Tamaşamız festivalın fəxri diplomuna və xüsusi mükafata layiq görülmüşdür.

Festival çərçivəsində MakDonax yaradıcılığının tədqiqatçısı Patrik Lonerqanın iştirakı ilə ustad dərsləri keçirilmiş, habelə Martin MakDonaxın dünya teatrlarında səhnəyə qoyulmuş tamaşalarının video versiyasına ictimai baxış və müzakirələr, teatr tənqidçilərinin dəyirmi masa arxasında tamaşaların müzakirəsi, İrland rəqsləri üzrə ustad dərsləri təşkil olunmuşdur.

Oskar mükafatçısı Martin MakDonax Festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya üçün olduqca əhəmiyyətli teatr hadisəsidir. Festivalın Perm şəhərində keçirilməsinın səbəbi isə ondan ibarətdir ki, Permdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan “У моста” teatrının səhnəsində dünyada ilk dəfə olaraq dramaturqun 7 pyesi hazırlanaraq nümayiş etdirilmişdir. Buna görə də teatr 2008, 2010 və 2012-ci illərdə bir sıra nüfuzlu mükafatlara layiq görülmüşdür.

Onu da qeyd edək ki, ötən mövsümdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Mədəniyyət və Turizm Nazirliyi və British Council Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində Oskar mükafatçısı Martin MakDonaxın “Lineyn Trilogiyası”na daxil olan “Lineynin Gözəllik kraliçası”, “Konnemarada bir kəllə” və “Yalqız Qərb” tamaşalarını səhnələşdirilmişdir. Böyük Britaniyanın teatr mütəxəssisləri və teatrımızın gənc rejissor və aktyorlarının birgə işi olan, eləcə də Azərbaycan teatr məkanında ilk dəfə olaraq bir müəllifin 3 əsərinin bir gündə təqdim olunması həm teatr ictimaiyyətinin, həm də tamaşaçıların böyük marağına səbəb olmuşdur.